"Möhtəşəm tədbir təşkil edəcəyəm" - Humay Muxtarova

"Möhtəşəm tədbir təşkil edəcəyəm" -  Humay Muxtarova
3017 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Humay Muxtarova yeni layihələr reallaşdırmaq ərəfəsindədir.

Axşam.az-a açıqlamasında H.Muxtarova bildirib ki, müğənni Roza Zərgərli ilə 6 aydır işbirliyinə başlayıb və bu müddət ərzində bir neçə uğurlara imza atıb:

“Bəzi insanlar kimi boş-boş danışmağı deyil, çalışmağı sevirəm. “Ben production”un direktoru və Roza Zərgərlinin prodüseri olaraq müxtəlif formatlarda yaradıcı işlər gördüm. Roza xanımın geniş şəkildə mətbuat konfransını təşkil etdim. Daha sonra Avropa Oyunlarında qalib olan çempionlarımızın iştirakıyla çəkilən klipin təqdimatı baş tutdu. İndi isə Roza Zərgərlinin bölgələrə konsert turnesini təşkil etmişəm. “Bakı vaxtı ilə hər bir obada” adını verdiyimiz  konsertlər "Bakı 2015"ə qatılan idmançılarımıza xitab olunub. İlk konsertimiz Siyəzən rayonunda yarışın bürünc mükafatçısı Niyazi Əliyevə həsr edildi".

H.Muxtarova uğurlu fəaliyyətinə görə Roza Zərgərlinin “Azərbaycan Bayrağı” mükafatına layiq görüldüyünü vurğulayıb:

“Roza xanım Dövlət Kütləvi Vasitələri Milli Araşdırmalar və Tədqiqatlar Mərkəzinin Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Bayrağı” mükafatı və diplomla təltif olundu. Bundan sonra da birlikdə Azərbaycana sevə-sevə qulluq etməyə çalışacağıq. Bu, bizim üçün fəxrdir”.

Prodüser deyib ki, işlərinin çoxluğu ilə bağlı bu yay istirahətə vaxt ayıra bilməyəcək:

“Hər zaman milli mədəniyyətimizin təbliği əsas məqsədim olub. Hazırda yeni bir mükafatlandırma mərasiminə hazırlaşıram. Bu mükafatın lisenziyasını aldıqdan sonra Azərbaycanın ictimai xadimlərinin, mədəniyyət və incəsənət nümayəndələrinin, jurnalistlərin iştırakıyla möhtəşəm tədbir təşkil edəcəyəm".