Məlahət Abbasova Türkiyədə mükafat alıb - foto

Məlahət Abbasova Türkiyədə mükafat alıb -  foto
1181 dəfə oxunub
  • A-
  • A
  • A+

İstanbulda Taksim-Bebek Rotary Klubu tərəfindən verilən üçüncü Rotary teatr mükafatlarının təqdimetmə mərasimi olub.

Axşam.az-ın AzərTac-a istinadən xəbərinə görə, mərasimdə Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, elm və sənət adamları, İstanbulun tanınmış ziyalıları, teatrsevərlər iştirak ediblər.

Azərbaycanın xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa da mükafatlandırılanlar sırasında olub. Bu, əməkdar incəsənət xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın Türkiyədə layiq görüldüyü sayca onuncu mükafatdır.

Klubun qərarı ilə Məlahət Abbasova “İlin ən yaxşı rejissoru”, tamaşada tibb bacısı rolunu ifa edən aktrisa Ezgim Kılınç isə “İlin ən yaxşı köməkçi qadın aktrisası” nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr mükafatı ilə təltif olunub.

Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi bu əsəri qardaş ölkədə sürətlə populyarlaşdırıb. Təkcə ötən il bu səhnə əsərində oynayan 5 aktyor “İlin ən yaxşı aktyoru” mükafatına layiq görülüb. Tamaşanın bəstəkarı həmyerlimiz Aygün Səmədzadədir.

“Şekspir” İstanbulun ən mötəbər teatr səhnələrində maraqla oynanılmaqda və baxılmaqdadır.