"Sənətçiləri təhqir etmək dəb halını alıb" - münasibət

"Sənətçiləri təhqir etmək dəb halını alıb" - münasibət
3682 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq bir neçə gündür ki, güc sturukturları tərəfindən cəzalandırlması tələb edilən tanınmış müğənni Röya Ayxana sənətçi dostları dəstək olublar.

Müğənni Niyam Salami aralarındakı yaranan soyuqluğa rəğmən hər zaman Röyanın yanında olacağını bildirib.

Axşam.az-ın məlumatına görə, bu barədə “Yeni Müsavat”a danışan müğənni sənətçiləri təhqir edən şəxsləri qınayıb:
 
“Sənətçi haqqında bu cür təhqirlərə yol vermək olmaz. Röya hər birimizin dostu əzizidir. Onu yaxından tanıyan insan kimi deyə bilərəm ki, o, həmişə çalışır ki, öz problemlərini özü həll etsin. Bu məsələdə də istəyib ki, söhbəti özü bağlasın. Lakin gördüyünüz kimi, məsələ bu həddə qədər gəlib çatıb. Gəlin unutmayaq ki, bu problem hər kəsin başına gələ bilər. Buna görə də bir daha bildirirəm ki, bu məsələdə sonadək Röyanın yanında olacağıq”.

Əməkdar artist Elza Seyidcahan həmkarına dəstək olduğunu desə də, onun bu hərəkətinə bəraət qazandırmadığını gizlətməyib:

Bu yaxınlarda “Facebook” sosial şəbəkəsindəki səhfəmdə məni də ağır təhqir etmişdilər. Oğlum bundan bərk əsəbləşmişdi. Lakin mən tez bir zamanda bu barədə polisə müraciət edib, şikayət ərizəsi yazdım. Polis məni təhqir edən şəxsi tapdı və o, məndən üzr istəyərək bildirdi ki, bir daha belə xətaya yol verməyəcək. Əgər vaxtında məsələni bu yöndə həll etməsəydim, yəqin ki, indi çox pis hadisələrə yol açacaqdı. Çünki, oğlum məsələyə özü qarışmaq istəyirdi.

Əgər Röya da polisin vasitəsilə məsələni həll etməyə çalışsaydı, belə olaylar baş verməzdi. Buna baxmayaraq, aidiyyatı orqanlardan xahiş edirəm ki, bu məsələni çox da qabartmasınlar. Röya təhqirlərə dözməyib və səbr kasası daşıb. Bunu nəzərə alaraq, gözəl sənətçimizə güzəşt edilsin.

Biz sənətçilər tez-tez sosial şəbəkələrdə təhqirlərə məruz qalırıq. Araşdıranda görürük ki, həmin şəxsləri kimlərsə öyrədir. Əslində bu cür olayları yaradanlar  bizi sevməyən, sənətimizə, uğurlarımıza paxıllq edən şəxslərdir ki, onlar da kimlərinsə əli ilə bizə zərbə vurmağa çalışırlar”.

Müğənni Könül Kərimova isə sənətçiləri təhqir edən şəxsləri “insanlıqdan kənar məxluqlar” adlandırıb:
 
“Röyanın başına gələnləri eşidəndə çox pis oldum. Məgər Röya kimi sənətçini təhqir etmək olar? Röya xalqın, millətin sevgisini qazanan tək-tək müğənnilərdəndir. Neçə-neçə böyük sənətkarlarımız var ki, onlar kifayət qədər titullar alsalar da, Röya qədər xalqın sevgisini qazana bilməyiblər. İnanıram ki, ən azından onun sənəti ona bu çətin anlarında kömək olacaq. Röya güclü qızdır, bunun da öhdəsindən gələ biləcək.

Son zamanlar sosial şəbəkələrdə sənətçiləri təhqir etmək bir növ dəb halını alıb. Bu da onun göstəricisidir ki, bizim kimi sənətçilərə kifayət qədər hörmət edilmir. Sənətçiləri təhqir edənləri insanlıqdan kənar məxluq adlandırıram. Nə yazıq ki, bu cür insanlar etdiklərinə görə utanmaqdansa, əksinə, əməllərindən zövq alırlar”.

K.Kərimova özünün də tez-tez təhqir olunması barədə danışıb:
 
“Bəzən haqsız yerə elə təhqirlərlə qarşılaşıram ki, deməyə söz tapmıram. Belə hallarda özümü o qədər pis hiss edirəm ki, bunu həmkarlarım daha yaxşı anlayar. Bu günlərdə “İnstagram” səhifəmdə mənə qarşı çox böyük haqsızlıq edərək, haqqımda təhqiredici rəylər yazıldı. Onu yazan şəxsin səhifəsinə girib, haqqında araşdırma aparanda gözlərimə inanmadım. Həmin şəxs qucağında körpəsi olan xanım idi. Hiddətlənib ona yazdım ki, “mənə qarşı haqsız təhqirlər edəndə körpəndən utanmadın?” Bundan başqa əlimdən nə gələrdi ki..? Ona görə də hər zaman deyirəmki, biz sənətçilərin bir üzü güləndə, digər üzü də ağlayır”.

Qeyd edək ki, Röya Ayxan bu gün “İnstagram” səhfəsində ona qarşı edilən ittihamlara cavab yazıb:

“Buradan hər kəsə səslənirəm. Gedin, öz vedrənizə sahib olun. “Sən kim idin, ay Röya” deyənlərə səslənirəm. Röya məgər insan deyildi? Yoxsa dilənirdi, adam etdiniz? Yoxsa bədənini satırdı, düz yola gətirdiniz? Mərdi qova-qova namərd edənlər, siz məni gözdən sala bilməzsiniz, çünki məni Allah qaldırdı. Hər kim oldumsa, mənim həyatımdı. Müzakirə etmək sizə düşməyib”.

Röya jurnalistlərə də müraciət edib:
 
“Buradan media əhlinə səslənirəm. Özünüzə sənət tapın, yaxşı jurnalistlərin adını yerə vurmayın. Hələ çox uzun yolumuz var, birlikdə... Hər kim oldumsa, mənim həyatımdı. Sizə düşməyib, müzakirə... Öz arxanıza baxın. Önümüzü görmək çox asandır”.

Röya “Instagram”da onu təhqir edən şəxslə bağlı da fikrini bildirib:
 
“Hərəniz bir şey dediz, amma o uşaq zənn etdiyimdən fərqli çıxdı. Yenə də sağ olsun. Günahkar onlar idi, lentə almaqda məqsədim o idi ki, sonra gedib, deyər məni təhqir edib. Bir dəfə biriylə görüşdüm, getdi şikayət yazdı ki, Röya üstümə silah çəkib. Mən də onunla ehtiyatla və tərbiyəylə görüşüb, lentə aldım. Hamı yekə-yekə danışır. Unudursuz, mən də kiminsə bacısı, anasıyam, həm də nəslin kişisiyəm. Bütün mediaya sözüm olacaq, amma indi yox... Məhz siz mənimlə bir yoldasınız, nə vaxtsa üz-üzə gələcəyik. Yenə də qarşıma səsyazmayla çıxacaqsınız. Eybi yox, Allah özü məni möhkəm tutub, heç kimə də baş əydirməyib. Bundan sonra kim təhqir yazsa, qanun qarşısında cavab verəcək. Daha ürəyiyumşaqlıq etmərəm”.

Xatırladaq ki, yayılan məlumatara görə, Röya olaylardan sonra prodüseri ilə birlikdə ölkədən qaçıb.