“Həyatımın ən önəmli hadisəsi əkizlərimin anadan olmasıdır”

“Həyatımın ən önəmli hadisəsi əkizlərimin anadan olmasıdır”
8742 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-bəstəkar Emin Rusiyanın "Celebrity Trend" dərgisinə müsahibə verib.

Axşam.az həmin müsahibəni ixtisarla təqdim edir:

- Mahnılarınız Avropa radiolarında səslənir. Əcnəbilərin sevgisini necə qazandınız?

- İlk dəfə 2010-cu ildə BBC radiosunda iki mahnım səsləndi. Bu da digər radiolara yol açdı.

- Bakıda çoxlu pərəstişkarlarınız var. Azərbaycan dilində mahnı oxumaq planınız yoxdur?

- Yubiley konsertlərim çərçivəsində 2014-cü ilin sonunda Bakıda da çıxış etdim. Orada Azərbaycan dilində bir mahnı səsləndirdim. Müslüm Maqomayevin müəllifi olduğu mahnını oranın məşhur ifaçısı Zülfiyyə Xanbabayeva ilə duet şəklində səsləndirdik.

- Uşaq vaxtı kim olmağı arzulayırdınız?

- Müğənni (gülür).

- Mahnılarınızın əksəriyyəti lirikadır. Həyatda romantik-xəyalpərəstsiniz? Ən romantik hərəkətiniz nə olub?

- Romantik və xəyalpərəst... Hər ikisini bacarıram. Həyatımın ən romantik anı mahnı ilə bağlı olub. Sevdiyin insana qəlbindəkiləri demək istəyirsən. Bunu isə məktub, zənglə edə bilmirsən. Hisslərini ona mahnı ilə çatdırırsan.

- Əcnəbilərdən kiminlə işləmək istərdiniz?

- Məşhur "Sade" qrupunun vokalisti Şade Adu ilə. Onun mahnıları müxtəlif tərzdə olur: caz, blyuz, soft-rok...

- Yaxın günlərdə hansı yenilikləriniz olacaq?

- Bu yaxınlarda "More Amor" albomumu təqdim etdim. Bir çox yerdə konsertlər verirəm. Qarşıdan gələn aylarda da konsertlər gözlənilir. Biznesimə gəldikdə isə... Bu yaxınlarda iki restoranım fəaliyyətə başlayıb. Ötən ilimi bu iki layihəyə həsr etmişdim.

- Siz musiqi ilə məşğul olan biznesmensiniz, yoxsa bizneslə məşğul olan musiqiçi? Bu iki ampulanı necə uyğunlaşdırırsınız?

 - Bu iki amili bir-birindən ayırmıram. Məsələn, yeni restoran - mənim üçün yeni mahnıya bərabərdir. Əvvəlcə ideya yaranır, sonra onu təsəvvür edirsən, mətbəxi necə olacaq, dizayn düşünürsən. Yeni mahnı yazanda da eyni yol keçirsən: əvvəlcə beynində notlar yaranır, aranjiman, məlumatlandırma, prodüser işləri. Onları bir-birindən maddiyyat ayırır. Mahnı hazırlayanda onun gəlir gətirəcəyini düşünmürsən.

- Həyatınızın ən böyük uğuru nə olub?

- Buna uğur demirəm. Mənim həyatıın ən önəmli və dəyərli hadisəsi əkizlərimin anadan olmasıdır.

- Oğullarınızı gələcəkdə hansı vəzifədə görmək istəyərdiniz: musiqiçi, ailə biznesinin varisi, yoxsa başqa bir sahədə?

- Onları xoşbəxt görmək istəyirəm. Ən önəmlisi budur.

- Müasir kişilərin uğur formulu nədir?

- Düşünürəm ki, uğur üçün 10 faiz istedad, 90 faiz isə işgüzarlıq lazımdır.