Arzuların məkanı - Dominikan

Arzuların məkanı -  Dominikan
2727 dəfə oxunub
  • A-
  • A
  • A+

Sizcə xoşbəxt insan, narazı adamdan nə ilə seçilir? Əlbəttə ki, xoşbəxt insanlar xəyal qurur və onun nə vaxtsa reallaşacağına inanırlar. Əgər sən gözəl, əsl ekzotik dünyanın olduğu bir yerdə istirahət eməyi arzulayırsansa, Dominikan ölkəsini seç. Çünki burada özünü dünyanın ən xoşbəxt insanı hesab edəcəksən. Bu ölkənin gözqamaşdıran, möhtəşəm təbiəti əsl istirahət üçün yaranıb. Dominikan özündə yeni təəssüratlar oyatmaq istəyənlər üçün əsl cənnətdir. Burada təbiətin əsrarəngiz gözəlliyi insanda fərqli duyğular oyandırır.

Axşam.az xarici mətbuata istinadən Dominikanla bağlı maraqlı məlumatlar təqdim edir:

Əyləncədən macəraya bir addım

Ağappaq qumla örtülmüş çimərliklər, ətrafı mərcan qayalarla əhatə olunmuş ada, palma ağacları, mistik yerlər - bütün bunlar Dominikanda cəmlənib. İsti və gözəl hava şəraiti ilin bütün fəslində istirahət etmək imkanı yaradır. Dominikan respublikası Karib dənizinin düz mərkəzində yerləşir. Ölkədə 6 hava limanı var. Ən çox «Air Santo Domingo» hava limanından istifadə olunur. Paytaxtı Santo-Dominqo şəhəridir. Şəhərin hər tərəfi yaşıl ağaclar, otlar, rəngarəng çiçəklərlə örtülüb. Buna görə də Santo-Dominqoya «Yaşıl şəhər» deyilir.
Bütün otellər «all inclusive» sistemi ilə işləyir və dəniz kənarında yerləşirlər. Dominikan əhalisi çox gülərüzlüdür. Onlar qonaqlarını salamlayarkən qucaqlayırlar. İnsanların əhvalı həmişə yüksək olur. Bu ölkədə insanların bir-birinə «sən» deyə müraciət etməsi qadağandır.
Burada yalnız şüşələrə doldurulmuş sudan istifadə olunur. Əl-üzünü və dişləri isə qaynadılmış su ilə yumalısan.
Ölkənin özəlliklərindən biri də odur ki, dünyanın ən gözəl daşı hesab edilən «Mavi Larimar» yalnız burada olur. Ondan düzəldilən aksesuarlar baha qiymətə satılır.

Qədim dünyaya səyahət

Milli park Kabritse Dominikanın ən qədim parkıdır. Burada ölkənin qədim formasını olduğu kimi görə bilərsən. Hər şey əvvəllər olduğu kimi saxlanılıb. Ümumiyyətlə, Dominikanda olan parkların hamısı bir-birindən fərqli, özünəməxsus üslubdadır.

Ölkənin qeyri-adi parklarından biri Nozern Forestdir. Bu park iki - imperator və sisseri tutuquşunun evi hesab edilir. Deyilənə görə, bu tutuquşular bir-birini sevən, faciəvi şəkildə ölən iki sevgilinin ruhudur. Maraqlısı da odur ki, onlar ayrılmazdırlar: biri xəstələnəndə o biri də xəstələnir. Parkda həm də ekzotik heyvanlar görəcəksən. Burada qarşına fərqli, rəngarəng ilanlar çıxacaq. Amma onlardan qorxma. Qəribəsi də odur ki, bu ölkədə olan ilanların heç biri zəhərli deyil.   

Cəngəllik gəzintisi

Dominikan səyahətinin ən ekzotik gəzintisi atla vəhşi cəngəllikləri fəth etmək olacaq. Burada qarşına vəhşi heyvanlar çıxacaq. Heç vaxt görmədiyin nəhəng ağaclarla rastlaşacaqsan. Hərdən sıx ağacların arasından tükürpədici səslər, uğultu da eşidəcəksən.
Əgər könlündən sörfinq sürmək, alpinizmlik etmək keçərsə, Puerto-Plataya get. Bura gənclər üçün əsl tapıntıdır. Burada velosipedlə dağ gəzintisinə çıxa, gecə dəniz kənarındakı əyləncə mərkəzlərində istirahət edə bilərsən.
Səyahət zamanı turistləri Samana yarımadasına da aparırlar. Bura getmək çox çətin və uzaq olsa da yarımadanı görəndən sonra bu vəziyyətə dəydiyinin şahidi olacaqsan. Samana öz gözəlliyi ilə görənləri heyrətləndirir. Amma çox qorxulu yerdir. Burada əsl zombiləri görmək olar. Hətta qorxulu Afrika falçılarına da rast gələcəksən. Ən maraqlısı isə qarşına çıxacaq sirena-qadındır. Ondan qorxma. Əksinə, o sənə müsbət aura bəxş edəcək. Buranın ən gözəl yeri Los-Haitises Milli parkıdır. Tavanında dünyanın ən böyük damcılarının olduğu mağara, Banko-de-la-Plata dəniz qoruğu, El-Limon və La-Fuente-del-Amirante şəlalələri bu parkda yerləşir. Dəniz qoruğunda yanvar ayının ortasında donqar balinalar toplanır. Deyilənə görə, bu mənzərəni görüb ürəyində nəsə diləsən, bir müddət sonra o arzun mütləq gerçəkləşəcək.

«Üç göz»

Mistik bir dünya görmək, sehrli daşlar arasında gəzmək istəsən Santo-Dominqoda yerləşən Los-tres-Oxos mağarasına get. Mağarada 3 göl var. Onların hər birinin suyu fərqli rəngdədir. Baxanda onların təbiiliyinə inanmaq olmur. Büllur kimi təmiz olan bu sular çox şəfalıdır. Deyilənə görə, ildə bir dəfə bu suyun içindən ruhlar çıxıb, göyə qalxırlar. Hətta dominikanlılar onları gördüklərini də iddia edirlər. Bu ruhlar suyun mənfi enerjisini təmizləyirlər. 

Akulalarla gəzinti

Səyahətin ən həyəcanlı anı vəhşi akulalarla dolu olan «Marinarium» Milli Akvariumda üzmək olacaq. Burada əsl adrenalinin nə olduğunu anlayacaqsan. Akvariumun içərisində ətrafı torla əhatə olunmuş vəhşi balıqlar, akulalar üzür.
Təbiət qoynunda gəzməyi sevənlər CİP-lə safari gəzintisinə heyran qalacaqlar. Səhralığa gedərkən yolda şəkər qamışı bitən ərazini, dünyada yeganə olan tütün muzeyini görəcəksən.
Könlünə balıq tutmaq, yaxtada romantik gecə keçirtmək düşsə, Bayaibeyə get. 


 
Ən gözəl çimərlik

Dünyada ən təmiz çimərlik və dəniz məhz Dominikandadır.
Ölkənin ən heyranedici çimərliyində istirahət etmək istəsən, Punta Kannaya get. Burada çimərlik tropik meşənin içərisində yerləşir. Bura bəzən Dominikanın «ağ mirvarisi» də deyirlər. Çünki sahillərı un kimi ağ qumla örtülüb. Punta Kanna ölkənin ən mistik şəhəridir. Burada hələ də insan ayağı dəyməyən sehrli yerlər var. İnsanlar bura getməkdən qorxurlar. Deyilənə görə, burada vəhşi insanlar yaşayır. Gəzintinin ən maraqlı hissəsi Manati parkına getmək olacaq. Burada delfinlərlə üzmək imkanın da olacaq. Hətta sənə delfin terapiyası da təklif olunacaq. Dominikan gəzintisi zamanı ən məsləhətli yerlərdən biri də Punta Kannanın «Palmaların görüş yeri» deyilən məkanını görməkdir. Burada üstü kokoslarla dolu minlərlə ağacın yaratdığı mənzərəyə heyran qalacaqsan. Həm də bol-bol kokos yığma şansın olacaq.

 

Mətbəx:

Dominikanlılar Avropa, Afrika və yerli mətbəxə üstünlük verirlər. Yeməklərdə ən çox paxladan, banandan, ətdən və balıqdan istifadə olunur. Bütün yeməklərə ədviyyat qatılır. Burada yalnız yaşıl banan yeyilir. Dominikanın milli mətbəxi çox ləzzətli və fərqlidir. Masada mütləq banan qızartmasından hazırlanan «Bandera» olmalıdır. Ən ləzzətli yeməklərdən biri ət, düyü və tərəvəzlərdən hazırlanan, «asopao»dur. Yolun Dominikana düşsə mütləq ətdən və tərəvəzdən hazırlanan banan yarpaqlarında təqdim olunan «pastele-en-oxas»ın dadına bax. Bütün yeməklərin yanında qarnir kimi banan və manqo püresi, bişmiş düyü, qırmızı lobya verilir. Kokos ununa batırılıb, kokos südündə bişirilmiş balıqdan hazırlanan «peskado-kon-koko» yeməyinin dadı damağından getməyəcək.
Dominikanlılar deserti yalnız tropik meyvələrdən hazırlayırlar.
Ən məşhur içkiləri kofedir. Burada kofenin keyfiyyətli növünü dada bilərsən. Dominikana gedib, məşhur Mama Xuana içkisinin dadına baxmamaq günahdır. Bu içki həyat eliksiridir. Romdan, qırmızı şərabdan, baldan və fərqli ağac şirələrindən hazırlanan bu şərabdan 2 qaşıq içmək sağlamlığa müsbət təsir edir. Deyilənə görə, dominikanlılar bir çox xəstəliklərini bu içki ilə müalicə edirlər. 

Alış-veriş:

Dominikanın ən böyük şoppinq mərkəzləri Santo-Dominqoda yerləşir.  Əgər uğurlu alış-veriş etmək istəyirsənsə, Santo-Dominqoda yalnız bazar günləri «Merkado-de-las-Pulqas» adlı bazara get. Burada yalnız əl işləri satılır. Bazardan gözəl geyimlər, suvenirlər, mücrülər, rəsm əsərləri və bəzək əşyaları ala bilərsən.

Yadda saxla:
· Ölkədən şərab və ərzaq çıxartmaq qəti qadağandır.
· Özünlə 50 ml.-dən artıq ətir gətirə bilməzsən.
· Ölkədən səhləb çiçəyi çıxartmaq qadağandır.