“Milan Expo 2015”də Azərbaycan pavilyonu – fotolar

“Milan Expo 2015”də Azərbaycan pavilyonu – fotolar
1402 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 1-də Azərbaycanın da milli pavilyonla təmsil olunduğu “Milan Expo 2015” beynəlxalq sərgisi açılıb.

Axşam.az-ın buro247.az-a istinadən məlumatına görə, "Planetimizi qidalandıraq, həyat üçün enerji qazanaq" ("Feeding the Planet, Energy for Life") devizi ilə keçirilən sərgidə 140 ölkə təmsil olunur. Onlardan yalnız 54-ü tədbirdə milli pavilyonlarını təqdim edir.

Azərbaycan "Milan Expo 2015" sərgisində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə təmsil olunur. Sərgidəki "Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi" adlanan dördmərtəbəli milli pavilyonumuzun təməli ötən ilin iyulunda qoyulub. Bu layihənin hazırlanması üçün 300 nəfərə yaxın yerli və xarici mütəxəssisin cəlb olunduğu işçi qrup yaradılıb. Ərazisi 1800 kvadratmetr olan pavilyonumuz ölkəmizin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və nadir biomüxtəlifliyini tərənnüm edir. Xüsusi konsepsiyada dizayn edilmiş pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin rəyinə görə, Azərbaycan "Milan Expo 2015" beynəlxalq sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkədir.

Milli pavilyonumuzun əsas özəlliyini üç biosfer təşkil edir. 10 diametri olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər öz forması ilə ziyarətçilərə planetimizi xatırladaraq onun necə kövrək olduğunu bir daha göstərir. Pavilyonun "Səslər simfoniyası" adlanan birinci mərtəbəsində Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, ikinci mərtəbədə ("Rənglər simfoniyası") iqlimi, landşaftı və bioloji müxtəlifliyi barədə məlumatlar, üçüncü mərtəbədə ("Dadlar simfoniyası") isə milli mətbəxi və orqanik təbii qida məhsulları və nümunələri ziyarətçilərə təqdim olunur. Pavilyonun dördüncü mərtəbəsində restoran fəaliyyət göstərir.

Azərbaycan pavilyonunda iştirakçı ölkələr arasında yeniliyə imza atılaraq Bakı ilə birbaşa əlaqə də yaradılıb. Belə ki, milli pavilyonun girişində güzgü formasında, insan ölçüsündə dalğavarı oturacaqla tamamlanmış monitor quraşdırılıb.

Eynilə belə bir monitor Bakıda, Heydər Əliyev Mərkəzinin qarşısında da yerləşdirilib. Bu monitorların hər ikisi vəhdət təşkil edərək bir-biri ilə əlaqədə olur. Pavilyonla tanış olan şəxslər monitorun qarşısında durmaqla Bakıda monitor quraşdırılan məkanı görür, buradakı insanlarla əlaqə saxlayırlar.

"Milan Expo 2015" oktyabrın 31-dək davam edəcək.