Bakıda “Traviata” operası nümayiş olunacaq

Bakıda “Traviata” operası nümayiş olunacaq
752 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaq.

Axşam.az-ın teatrın mətbuat xidmətinə istinadən məlumatına görə, “Traviata” teatrın repertuarındakı ən populyar və sevilən tamaşalardan biridir. Teatrın rəhbərliyi ənənəvi olaraq əsərin bədii səviyyəsini yüksəltmək məqsədilə bu tamaşada əsas rolları ifa etmək üçün tanınmış sənət ulduzlarını dəvət edir. Bu dəfə tamaşanı idarə etmək üçün məşhur Almaniyalı dirijor, İmmlinq opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru xanım Korneliya fon Kerssenbrok dəvət olunub.

K.Kerssenbrok tamaşanı idarə etməklə yanaşı, teatrın aparıcı solistləri və xor artistlərinə ustad dərsləri keçəcək.

Tamaşada Violetta partiyasını gənc və istedadlı vokalçı, əməkdar artist, Prezident mükafatçısı Afaq Abbasova, Alfred rolunu isə əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Jermon partiyasını ifa etmək üçün isə Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Qrişin dəvət olunub.

Tamaşada, həmçinin Azərbaycanın xalq artisti, vokalçıların Bülbül adına birinci müsabiqəsinin Qran-pri mükafatçısı Əli Əsgərov, əməkdar artist Səbinə Vahabzadə və gənc solist Tələt Hüseynov çıxış edəcəklər.