Neft Fondunun yeni binası - fotolar

Neft Fondunun yeni binası  - fotolar
1799 dəfə oxunub
  • A-
  • A
  • A+

Dövlət Neft Fondunun yeni binası qüllə ilə birlikdə 24 mərtəbəli binanın hündürlüyü 140 metrdir.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, bina “BREEAM Assessment” qiymətləndirmə dərəcələrinin tələbləri nəzərə alınmaqla tikilib. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb.

Binanın interyeri Azərbaycanın 9 xalçaçılıq məktəbinin elementlərini özündə ehtiva edən dizayn konsepsiyası əsasında qurulub. Bunlar Şirvan, Təbriz, Gəncə, Naxçıvan, Qarabağ, Quba, İrəvan, Bakı və Qazax xalçaçılıq məktəbləridir. Hər mərtəbə həmin xalçaçılıq məktəblərindən birinin motivləri əsasında işlənmiş xüsusi dizayna malikdir.

Birinci mərtəbədə dizayn Şirvan və Təbriz xalçaçılıq məktəblərinin elementlərinə əsaslanır. Təbriz xalçaçılıq məktəbinə aid Ərdəbil xalçasının burada yaradılan mozaikası dünyanın nadir incəsənət əsərlərindən sayıla bilər.

Binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yaradılıb. Burada Ulu Öndərin heykəli qoyulub. Bir sıra dövlət mükafatları laureatı, xalq rəssamı Tahir Salahovun rəhbərlik etdiyi layihə əsasında hazırlanan heykəl xalq rəssamı, professor, heykəltəraş Natiq Əliyev tərəfindən yaradılıb. Birinci mərtəbədə yerləşən gözləmə və istirahət sahələrindən ibarət olan “Petroleum lounge” daxili pilləkənlər vasitəsilə kitabxana ilə əlaqələndirilib. Şirvan xalçaçılıq məktəbinə xas naxışlar “qış bağı”, “Petroleum lounge” və lift lobbilərinin dizaynında geniş yer alıb. “Qış bağı”nın dekorasiyası üçün Şirvan xalçaçılıq məktəbinə aid Qobustan xalçasının motivlərindən istifadə olunub. Birinci mərtəbənin yarımmərtəbəsi Gəncə xalçaçılıq məktəbinin elementləri ilə işlənib. Kitabxana burada yerləşir. Kitabxanada ulu öndər Heydər Əliyevin neft strategiyası, müstəqillik illərində ölkəmizdə, o cümlədən regionlarda həyata keçirilən kompleks yenidənqurma tədbirləri, Azərbaycanın ötən illərdə keçdiyi şərəfli inkişaf yolundan bəhs edən kitablar yer alıb. Binada ən müasir standartlara cavab verən 7 lift quraşdırılıb.