I Avropa Oyunlarının alovu Naxçıvanda - fotolar

I Avropa Oyunlarının alovu Naxçıvanda - fotolar
1846 dəfə oxunub
  • A-
  • A
  • A+

I Avropa Oyunlarının olimpiya alovunun Naxçıvana səyahəti münasibətilə Naxçıvan şəhərində təmtəraqlı mərasim təşkil olunub. Mərasim yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Axşam.az-ın Trend-ə istinadən məlumatına görə, əvvəlcə məşəl estafeti təşkil edilib. 11 nəfər məşəli estafetlə ötürüb Heydər Əliyev meydadına çatdırıblar. İlk olaraq, məşəllə qaçan Xanım Xudadanova, ardınca isə müvafiq ardıcıllıqla Gülxanım Cəlilova, Səkinə İbrahimova, Fəridə Hənifəyeva, Tamerlan Abdullayev, Tural Gözəlov, Sahil Rüsanov, Kənan Əsədov, İbrahim Musayev, Əfqan Qurbanov, Polad Əliyev alovu umumilikdə, 4,1 kilometr məsafədə aparıblar.

Daha sonra Heydər Əliyev meydanında möhtəşəm Alov Festivalı keçirilib.

Naxçıvandan sonra analoji tədbir aprelin 29-da Lənkəranda təşkil ediləcək.

Məşəl tanınmış idmançıların müşayiəti ilə Azərbaycanın bütün regionlarından keçərək Avropa Oyunlarının açılış mərasimindən bir gün əvvəl – iyunun 11-də Bakıya gətiriləcək.

Avropa Oyunlarının məşəli iyunun 12-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış mərasimində alovlandırılacaq.

660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Qeyd edək ki, İlk Avropa Oyunlarının məşəl və çırağını “Sidney-2000”, “Afina-2004” Olimpiya Oyunları və “Doha-2006” Asiya Oyunlarının məşəlini tərtib edən şirkət hazırlayıb.