“Qarabağ şikəstəsi” Braziliyada səsləndirildi - fotolar

“Qarabağ şikəstəsi” Braziliyada səsləndirildi - fotolar
814 dəfə oxunub
  • A-
  • A
  • A+

Rio-de-Janeyroda Azərbaycan mədəniyyət həftəsi uğurla başa çatıb. “Cidade das Artes” incəsənət mərkəzindəki “Sala de Leitura”da “Nabat” sənədli filminin nümayişi olub.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a bildirilib ki, Rio-de-Janeyro Bələdiyyə Teatrında dirijor, xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestri və “Trio Qarabağ” muğam qrupunun konserti olub.
 
Konsertin proqramına F.Əmirovun “Azərbaycan kapriççiosu”, H.Cavidin “Şeyx Sənan” dramı əsasında “Kor Ərəbin mahnısı”, Q.Qarayevin “Yeddi gözəl” baletindən vals, H.Xanməmmədovun “Kamança orkestri üçün konsert”, H.Rzayevin “Tar orkestri üçün konsert”, A.Zeynallının “Muğam sayağı”, Françesko Miqnone “Braziliya fantaziyası № 4”, Sergey Prokofyevin “Fortopiano üçün konsert №2” kimi əsərləri daxil edilib.

Proqramın sonunda Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından fraqment səsləndirilib.

“Trio Qarabağ” muğam qrupunun və Braziliya Simfonik Orkestrinin möhtəşəm ifası tamaşaçıların böyük marağına səbəb olub.

Mədəniyyət həftəsi çərçivəsində “Cidade des Artes”in böyük zalında yenidən Braziliya və “Trio Qarabağ” muğam qrupunun xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə növbəti konserti keçirilib. Konsertdə pianoçu Fabio Martinonun ifası və Q.Qarayevin “Yeddi gözəl” baletindən vals tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Sonda V.Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasından fraqment ifa olunub.

Bununla da Rio-de-Janeyroda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, ölkəmizin Braziliyadakı səfirliyinin dəstəyi əsasında keçirilən Azərbaycan mədəniyyət həftəsi uğurla başa çatıb.