Moskvada Azərbaycanın “Bahar qızı” seçilib - fotolar

Moskvada Azərbaycanın “Bahar qızı” seçilib - fotolar
2664 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə keçirilən “Miss AMOR” müsabiqəsinə yekun vurulub.

Axşam.az-ın Azərtaca-a istiandən məlumatına görə, təşkilatın İnstaqram sosial şəbəkəsindəki səhifəsində şəkilləri yerləşdirilən qızlar arasında ən çox bəyənilən beş iştirakçı – İraida Novruzova, Nərmin Qurbanova, Leyla Tağızadə, Fatimə Talıbova və Kəmalə Mövsümzadə finala çıxıblar.

Rusiyada yaşayan və təhsil alan azərbaycanlı gənclərin Moskvada “Bahar qızı” müsabiqəsi keçirmək təklifini RAGB-nin sədri Leyla Əliyeva da dəstəkləyib. Beləliklə, martın əvvəlində Azərbaycan xanımının ən gözəl xüsusiyyətlərini özündə təcəssüm etdirən azərbaycanlı qızın seçilməsi üçün müsabiqə elan olunub.

Finala çıxan qızlar Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev, “Rossiya” Dövlət Konsert Salonunun baş rejissoru Qalina Belova, Rusiyanın məşhur estrada müğənnisi Katya Lel, tanınmış dizayner Orxan Sultanın daxil olduqları münsiflər heyətinə peşələri, hobbiləri barədə məlumat verib, onların suallarını cavablandırıb, musiqi müsabiqəsində iştirak ediblər. Müsabiqənin aparıcısı Azərbaycanın əməkdar artisti Sərxan Sərxan olub.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev tədbiri açaraq qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilat Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsinə, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasına xidmət edir. Belə təşəbbüslərdən biri də “Miss AMOR” müsabiqəsidir. Müsabiqə gənclər arasında böyük maraq doğurub. Yarışmada 50-dən çox qız iştirak edib və səsvermənin nəticələri əsasında beş iştirakçı seçilib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Nigar Axundova bildirib ki, müsabiqədə iştirak edən qızların hər biri özünəməxsus gözəlliyə malikdir. Başlıcası isə mənəvi gözəllikdir. “Bunun üçün daim üzərinizdə işləməlisiniz. Yalnız mənən gözəl insanlar başqalarında seçilə bilir”, - deyə o, əlavə edib.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev bildirib ki, RAGB fəallarının hər bir təşəbbüsü Rusiyadakı Azərbaycan diasporunun möhkəmlənməsinə və birləşməsinə daha bir töhfə olur.

Münsiflər heyətinin rəyinə əsasən müsabiqənin qalibi Moskva Psixoloji Pedaqoji Universitetinin Sosial Pedaqoji Kollecinin tələbəsi 20 yaşlı Fatimə Talıbova seçilib. Fatimə artıq iki ildir ki, daun sindromlu uşaqların tərbiyəsi və təhsili ilə məşğul olur.

Münsiflər heyəti adından çıxış edən müğənni Katya Lel Azərbaycana vurğun olduğunu, ölkəmizi çox sevdiyini söyləyib. Qeyd edib ki, Leyla Əliyevanın sədrlik etdiyi gənclər təşkilatı çox dəyərli işlər görür.

Müsabiqənin qalibindən söz açan K.Lel bildirib ki, Fatimə Azərbaycan qızlarına məxsus xeyirxahlığı ilə ürəklərə yol tapdı. İnsanların daha çox maddi dəyərlərə üstünlük verdikləri müasir dövrdə xeyirxahlıq, yardım əli uzatmaq, xüsusilə də uşaqlara qayğı göstərmək olduqca vacibdir.

Dizayner Orxan Sultanın sözlərinə görə, Fatimə çox xoş təsir bağışladı, səmimiliyi və həssaslığı ilə fərqləndi.

Moskva hökuməti mədəniyyət departamenti rəhbərinin müavini Vladimir Filipovun sözlərinə görə, Moskvada çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir. Leyla Əliyevanın rəhbərlik etdiyi RAGB onların arasında fəallığı ilə seçilir və Azərbaycanın Rusiyada nüfuzunun artması üçün çox işlər görür.

“Miss AMOR” müsabiqəsinin qalibinə və digər finalçılara təşkilatçılar adından diplomlar, hədiyyələr və pul mükafatları təqdim olunub. Gecə maraqlı musiqi proqramı ilə davam edib.

Nərminə Qurbanova



İraida Novruzova



Fatimə Talıbova



Leyla Tahirzadə



Kəmalə Mövsümzadə



Fatimə Talıbova