"Metropolitendə gediş haqları artırılmayacaq"

"Metropolitendə gediş haqları artırılmayacaq"
929 dəfə oxunub
  • A-
  • A
  • A+

“Metronun bəzi stansiyalarında və keçidlərdə ticarət köşkləri fəaliyyətə başlayacaq”.

Axşam.az-ın məlumatına görə, bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
 
Qonaq əhalinin metrodan daim şikayətçi olmasını metronun ən çox istifadə olunan nəqliyyat növü olması ilə əlaqələndirir:

“Qış rejimində gün ərzində 700 min sərnişin metrodan istifadə edir. Yeraltı nəqliyyat növü həm sürət, həm interval və təhlükəsizlik baxımından digər nəqliyyat növlərindən üstündür. Əməkdaşlarımız əhalini məmnuniyyətini təmin etmək üçün 24 saat çalışırlar”. 
 
Metroda gediş haqqının artması məsələsinə münasibət bildirən Nəsimi Paşayev bildirib ki, sərnişindaşıma xərcləri kifayət qədər çoxdur:

“Metropolitenin gediş haqqını Tarif Şurası müəyyən edir. Bu, bizim səlahiyyətimizə daxil məsələ deyil. Əgər bizim tərəfimizdən Tarif Şurasına müraciət olarsa, qiymətə baxıla bilər. Lakin biz müraciət etməmişik və yaxın müddət ərzində bu məsələnin müzakirəsini də nəzərdə tutmuruq. Bir sərnişinin gediş xərci ödənilən məbləğdən çox artıqdır. Bu əlavə məbləğ dövlət tərəfindən ödənilir. Bu xərc sərnişin tərəfindən bir gediş üçün ödənilən məbləğdən ən azı iki dəfə artıqdır”. 
 
“28 may” stansiyasının girişinin hələ hazır olmadığını deyən qonaq metroda ticarətin bərpa olunacağı barədə xəbərlərə də münasibət bildirib:
 
“Koroğlu” stansiyası yenidən qurulanda orda müəyyən yerlər nəzərdə tutulmuşdu və biz həmin yerlərdən istifadə etmək qərarına gəldik. Hazırda o yerlərdə kitab mağazası istifadəyə vermişik. Xüsusilə sərnişin axınına problem yaratmayan yerlərdə, müəyyən stansiyalarımızda təmir bərpa işləri zamanı bu cür yerlərin yaradılmasını düşünürük. Təbii ki, burada hər şey satılmayacaq, kitab satışı, gül dükanları şəbəkəsi və apteklər şəbəkəsi olacaq”.