Sərxoş müştərini bıçaqlayan azərbaycanlı müğənni azadlıqda

Sərxoş müştərini bıçaqlayan azərbaycanlı müğənni azadlıqda
3642 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər rayon sakini Elçin Məmmədovun (1986-cı il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Axşam.az-ın oxu.az-a istinadən məlumatına görə, ötən il oktyabrın 19-da gecə saat 2 radələrində Z.Bünyadov prospektində yerləşən kafedə müğənni Elçin Məmmədov Bakı şəhər sakini Rəşadət Qasımova (1989-cu il təv.) bıçaqla xəsarətlər yetirib, nəticədə sonuncu Kliniki Tibbi mərkəzə çatdırılıb və dərhal əməliyyat olunub. Elə həmin gecə Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən Elçin Məmmədov saxlanılıb və istintaqa təqdim edilib.

İstintaqla müəyyən olunub ki, gecə saat 12 radələrində kafeyə gələn 5 müştəri yeyib-içib, onlardan biri dəfələrlə müğənniyə atmaca atmaqla, ünvanına təhqiredici sözlər işlədib.

Buna baxmayaraq Məmmədov təmkinli olaraq, onlara fikir verməyib və digər masada əyləşən tanış uşaqlarla oturub. Vaxtaşırı yerindən qalxaraq səhnədə mahni ifa edib və yenə yerində oturub. Lakin 1-2 saatdan sonra oranı tərk edərkən həmin şəxs onu çölə çağırıb və yenə söyüş söyüb. Həmin söyüşlərə dözməyən Elçin Məmmədov kafedən götürdüyü bıçaqla Rəşadət Qasımova zərbələr vurub, onları ayırandan sonra dostları yaralını xəstəxanaya aparıblar.  

Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxs bildirib ki, həmin şəxslər içəri daxil olanda o mahnı oxuyurdu. Sifarişlərini verib, yeyib-içərkən Rəşadət Qasımov və digərləri onu lağa qoymaqla, təhqir ediblər. Elçin Məmmədov onların kafedən getməsini gözləyib, amma həmin adamlar gedərkən onu çölə çağırıblar.

Küçədə də ünvanına söyüşlər işlədən Qasımov daha sonra avtomobilə əyləşib, bundan qəzəblənən Məmmədov avtomaşına yaxınlaşıb və ondan düşməsini tələb edib. Rəşadət düşən kimi ona 2 bıçaq zərbəsi vurub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən 2 il sınaq müddəti tətbiq olunmaqla cəzası şərti hesab edilib və o məhkəmə zalından azadlığa buraxılıb.