"Hələ də ərimin ölümünü qəbul edə bilmirəm" - müsahibə

"Hələ də ərimin ölümünü qəbul edə bilmirəm" - müsahibə
5777 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Nəbahət Çehrə “Posta” qəzetinə müsahibə verib.

Axşam.az müsahibəni ixtisarla təqdim edir:

- Plastik əməliyyat etdirmisiniz?

- Etdirmişəm, amma üz cizgilərimə əl vurdurmamışam. Aktrisalıq üçün mimikalar çox önəmlidir. Çöhrəm dəyişməməlidir.

- Azərbaycanda “Qanlı Yanvar” filmində çəkildiniz. Böyük maraqla qarşılandınız...

- Azərbaycanın müstəqilliyindən və bir ananın uşaqları ilə həssas münasibətindən bəhs edən film idi. Biri MTN, digəri isə öz ölkəsi üçün mübarizə aparan iki övladın arasında qalan ana obrazını canlandırmışam. Filmdə məni yaşlı göstərmək üçün makiyaj edildi. Burada indiyədək seriallarda görüdüyünüz ana rolumdan çox fərqliyəm. Bu filmdə çəkildiyimə görə çox xoşbəxtəm, rahatlıq tapdım. Azərbaycanda böyük sevgi ilə qarşılandım. Mənə “Sən artıq bütün şəhid azərbaycanlıların anasısan” deyəndə özümü saxlaya bilməyib ağladım. Filmə Türkiyədə də qala gecəsi keçirməyi düşünürlər.

- “Kara Para Aşk” serialından niyə getdiniz?

- Çəkiliş meydançasında özümü rahat hiss etmədim. Kənarda qaldığımı düşünürdüm. Mənə yazılan səhnələrdə başqa aktrisanın üzü göstərilirdi. Mənim təkcə səsim eşidilirdi. Bu da xoşuma gəlmədi.

- Sizə həmişə eyni tip rollar təklif olunur. Fikrinizdə nəsə fərqli bir obraz var?

- Anadolu qadını, yoxsul məhəllədə yaşayan xanımı – bütün rolları oynaya bilərəm. Ancaq elə qəlibləşmişəm ki, prodüserlər “bu rolda alternativiniz yoxdur” deyib, mənə həmişə eyni obrazları təqdim edirlər. Buna görə ya aktrisalığı buraxmalı, ya da peşəmə belə davam etməliyəm.

- Seriallarda niyə öz səsinizdən istifadə etmirsiniz?

- Fərqli səsim var, amma hələ “Yeşilçam” dövründən vaxt tapıb dublyaja gedə bilmirdim. Mənim yerimə rollarımı başqası səsləndirirdi. Elə o vaxtdan məndə vərdiş yarandı. Öz səsimlə çəkilsəm, rollarım indikindən 10 dəfə gözəl alınar. Amma artıq Gülen Karamanın səsi az qala mənimki kimi qəbul olunur.

- Mərhum həyat yoldaşınız Yılmaz Güneydən danışmağınız deyilənə görə, ikinci xanımı Fatoş Güneyi narahat edir...

- Yılmaz mənim ilk ərimdir. Mən də onun ilk xanımıyam. Fatoş Güney niyə belə reaksiya göstərir, başa düşmürəm. Aktrisa olduğum üçün hər zaman göz önündəyəm. Bu səbəbdən jurnalistlər Yılmaz Güney haqda həmişə məndən soruşub, öyrənməyə çalışırlar. Bir aralar danışmamağa qərar vermişdim. Amma sonra özümə “niyə danışmamalıyam ki?” dedim. “Ərim” sözündən həyatımda cəmi bir dəfə istifadə etmişəm. Mən ona “Müəllim” deyə müraciət edirdim. Mənə təhsil verən, həyata baxışımı dəyişən, dünyagörüşümü formalaşdıran, aktrisalığı öyrədən adamdan bəhs etmək mənim təbii haqqımdır. Fatoş xanımın məni “Yılmaz Güneyə ziyan vurmuş adi qadınlar” sinfində görərək hörmətsizlik etməsini, məni inkar etməsini anlamıram. Mən gəlinlik geyinib Yılmazın həyat yoldaşı olmuşam. Fatoş xanıma hörmət edirəm, çünki Yılmazın uşaqlarının anasıdır.

- Yılmaz Güneyin məzarını indiyədək niyə ziyarət etməmisiniz?

- Parisə tez-tez gedir və qızı Eliflə görüşürəm. “Bir gün gərək ziyarət edim” deyirəm, amma hələ də onun ölümünü qəbul edə bilmirəm. Ona görə getmirəm.

- Nədən peşmansınız?

- Mənim səsim var. Gördüyüm hər işi ciddi qəbul etdiyim kimi, müğənniliyə də başdansovdu iş kimi baxmadım. İki ən böyük peşmanlığım var: biri müğənniliyə davam etməmək, digəri isə Haldun Dormenin “Hisseli Harikalar Kumpaniyası” müziklında çəkilməmək. Türkiyədə həyata keçirilən çox gözəl layihə idi və Nevra Serezli rolunun öhdəsindən çox gözəl gəldi.