Dilarə Əliyeva: "Ağlamaq ən asan yoldur" - müsahibə

Dilarə Əliyeva: "Ağlamaq ən asan yoldur" - müsahibə
4837 dəfə oxunub
  • A-
  • A
  • A+

Kulis.az əməkdar artist Dilarə Əliyeva ilə söhbət hazırlayıb.

Axşam.az həmin söhbəti təqdim edir.
 
- Dilarə xanım, uzun müddətdir ki, şou proqram aparırsız. Belə olanda təbii ki, müəyyən klişelər, ştamplar yaranır. Bu, sizə tamaşada, filmdə mane olurmu? Öhdəsindən necə gəlirsiz?
 
- Birincisi, məndə xarakterik aparıcılıqdır. “Pıçhapıç”la efirə gələndə  24 yaşım vardı. Hətta onda belə anlayırdım ki, sadəcə aparıcı olub, kameranın qarşısında obraza girmək, xarakter yaratmaq çox primitiv görünə bilər. Əgər onu doğru-dürüst çatdırmasan. Özümü buna o zaman hazır hiss elədim ki, artıq xarakterin mahiyyətini işləmişdim, analiz eləmişdim. Əl hərəkətlərinə qədər hamısı əvvəlcədən düşünülmüş şeylərdir. Təbii ki, improvizələr də olur, amma ilk işim xarakterin bütün çalarlarını tapmaqdır Onu tapandan sonra rahat olur. Bu, riyaziyyatdır. Əgər hesablamanı düzgün aparırsansa, cavabı düz alırsan. Birinci, ikinci efirlərdə artıq insanlardan reaksiya gəldi, çünki tam bişirilmiş məhsulu ortaya çıxardım. Əl hərəkətlərindən çox istifadə edirəm, ona görə ki, bu, energetikanı yayır. Amma xarakterə uyğundur. Çünki bəzən dediyim sözlərdə sarkazmın ağırlığını bir az azaltmaq üçün jestlərdən istifadə edirəm. Yəni sözü ünvanlanan şəxsə Dilarənin münasibəti kimi yox, həmin xarakter onu necə mühakimə edər kimi görünsün, dediyim sözlər aqressiv alınmasın. 15 ildir veriliş aparıram və mənim işim sadəcə, o verilişin müddətinə sığmır. Bütün həftəni bununla qaynayıram, materialları yığıram, ədəbiyyat oxuyuram, hər an beynim işləyir. Yəni 15 il bu işlə müntəzəm məşğul olmağım məndə nələrisə formalaşdırdı, danışıq təzimə heç vaxt eləmədiyim şeylər gətirdi, intonasiyama təsir elədi. Və ciddi rol təklifi alanda bunu tamamilə özümdən uzaqlaşdırmaq üçün çox əziyyət çəkdim. Tamamilə uzaqlaşmaq mümkün olmasa da... Amma gördüyüm işə o qədər inanıram və ürəkdən eləyirəm ki, “Pıçhapıç”la gələn şeyləri məncə həzm eləmək olardı. Söhbət “Cavid ömrü”ndən gedir. Hər bir aktyorun arzusudur ki, fərqli rollar oynasın. Mən də istisna deyiləm. Və bunun üçün müəyyən zaman çərçivəsində özümü əməlli-başlı hazırladım... Psixoloji və mənəvi cəhətdən. Cavidin, Müşkinaz xanımın həyatı ilə bağlı kitabları, Müşkinaz xanımın xatirələrini oxudum. Müşkinaz xanım hansısa hadisəni yaşayanda, hisslərini, hərəkətlərini detallarına kimi yazmışdı. Ağladığım gecələr oldu. Onu o qədər özümə yaxın buraxdım ki... Çünki kinokamera çox həssasdır, yalanı sevmir və Dilarə deyiləndə pıçhapıç, çalçağır assosiasiyası yaranır, bunu tamamilə silib kənara qoymaq və tamamilə yeni  bir obrazı-böyük Cavidin həyat yoldaşını oynamaq çox məsuliyyətlidir. Bilirdim ki, hansı yükün altına girmişəm. 
 
- “Cavid ömrü” filmindəki Müşkinaz obrazı haqda müxtəlif rəylər vardı. Daha çox bu tənqid olundu ki, komediya janrında görməyə alışdığımız aktrisaya belə dramatik obraz təklif edilməməliydi. 
 
- Mənə deyəndə ki, sənin filan işini bəyənmədik, bu suala cavab tapa bilmirəm. O məqamda heç nə tapıb deyə bilmirəm. Bəyənməyibsə, eybi yox. Bütün bunlardan sonra mən ona  nə sübut etməliyəm. Deməliyəm ki, ürəyimi qoymuşdum, yuxusuz gecələr keçirtmişdim. Əslində necə işləməyimin tamaşaçıya dəxli yoxdur. Deməli, bəyənməyib. Adamlar var ki, deyir, “Dilarəyə belə rol yaraşmır, ona demək gülmək yaraşır”, bu, mənə maraqlı fikir deyil. Mənə arqumentli tənqid maraqlıdır, yəni filan səhnədə bunu belə eləməliydin və sairə. Təəssüf ki, indiyə kimi oxuduğum yazılarda arqumentli, əsaslı tənqidlə rastlaşmadım. Deyirlər ki, o filmdə bizim tanıdığımız “Çal-çağır Dilarə” idi. Yaxşı, harda idi, hansı məqamda idi bu? Bunları desəydilər, razılaşardım, yoxsa deyirlər “biz onu komediya aktrisası kimi tanıyırıq”- bu, ciddi arqument olmadığı üçün qəbul eləmirəm.

- Bizim dostlarla mübahisəmiz oldu bir müddət əvvəl. Onda dedim ki, Dilarə Əliyeva Müşkinaz obrazını yaxşı ifa edib. Sırğanı verdiyiniz səhnə mənə çox təsir elədi.  Sadəcə, düşünürəm, ümumilikdə filmin uğurlu alınmamağı tamaşaçıya bunu görməyə mane oldu. Bir də məncə, intonasiyanız.
 
- Razılaşıram ki, tamaşaçı səsimi o qədər əxz edib ki,  bu, təsir edir. Amma tamaşaçı məni tanımasaydı, sıradan bir aktrisa kimi gəlib bu rolu oynasaydım,  daha rahat qəbul olunardı. Müşkinaz xanımın danışığında ədəbi, bədii danışıq axtarmaq düz deyil. Sizə bir hadisəni danışım. Azər Turanın Turan Cavidlə yaxşı münasibəti vardı. Azər Turan Ramiz Həsənoğluna deyib ki, Dilarə təzə-təzə veriliş aparanda Turan Cavid dedi ki, fikir vermisən, o qız necə şirin danışır, anamın danışığına oxşayır. Bunu Ramiz müəllim mənə deyəndə maraqlı gəldi. Ona görə də səsləndirmədə hardasa onu saxlamağa çalışım. Ramiz müəllimlə əvvəl də işləyəndə deyirdi ki, istəyirəm Caviddən film çəkəndə  Müşkinazı oynayasan. Çünki vizual olaraq da oxşayırsan. Ərtoğrulu da qardaşım oynayıb. O da Ərtoğrula oxşayır.
 
- Obrazlarınızla özünüz arasında emosional məsafəni saxlaya bilirsiz?
 
- Olur ki, saxlaya bilmirəm. “Cavid ömrü” bitib 2007- ci ildə. İndi 2015-ci ildir, hələ də o barədə danışanda bədənim əsir. Əslində bu, doğru deyil. Aktyor rolu oynadı və qurtardı, ondan uzaqlaşmalıdır. Müşkinaz rolunu oynayandan bəri daha çox şeylər bilirəm, öyrənirəm. Təbii ki, indi başqa cür yanaşardım. “Üç bacı” serialında heç bir istedadı olmayan aktrisanı oynayırdım. Hər gün onla yaşayırdım. Arada düşünürdüm ki, bir az da belə getsə mən Səadətdən beşbetər olacam. Emosional məsafə olmalıdır. Tam olaraq məndə ona görə alınmır, çünki çox məsuliyyətə yanaşıram işimə. Sadəcə olaraq zamanla kaş ki bunu belə etsəydim kimi fikirlərim yaranır. Yeni işim məndən ötrü bitmiş hesab olunmur.
 
- Olur ki, rejissorun aktyorla kontaktı alınmır və o, aktyora nə istədiyini izah edə bilmir. Bu, işin keyfiyyətinə təsir göstərir. Sizin təcrübənizdə belə şeylər olur?
 
- Olur, onda yük düşür aktyorun üstünə. Çünki tamaşaçı ilə sonda üz-üzə aktyor qalır. Bu halda aktyor özü obrazın həllini tapmalıdır. Düzgün çatdırmaq üçün. Aktyorun oyunu alınmırsa, çox zaman məsuliyyət özünün boynunda qalır. Amma əsərin ekran həlli düzgün tapılmayanda aktyoru mühakimə etmək düz deyil. Aktyoru o halda mühakimə etmək olar ki, rejissor işi yüz faiz qane edir, amma aktyor rolunun öhdəsindən gələ bilmir. Material dramaturji cəhətdən düzgün həll edilirsə  aktyorun oyununa da yaxşı təsir edir. Baxırsan, oynayır, göz yaşı var, emosiya var, amma səni tərpətmir. Çünki emosiyalarını yersiz xərcləyir. Axı, onlar çox qiymətlidir aktyor üçün. Yəni o vəziyyətə gələn dramaturji xətt o qədər düz olmalıdır ki, emosional yükü yavaş-yavaş elə yığmalısan, partlayış nöqtəsinə çatanda tamaşaçıya təsir eləsin. Çox vaxt nəyin bahasına olursa-olsun ağlamaq istəyirlər. Amma həmin obrazda ağlamaq lazım deyil. Ağlamaq ən rahat, ən asan yoldur. Vəziyyətin həllini başqa cür tapmaq vacibdir. Emosiyalarını nəyisə divara çırpmaqla, nəyisə sındırmaqla, ağlamaqla icra etmək artıq keçilmiş etapdır. Biz artıq tamaşaçını bunla təəccübləndirmirik. Əgər vəziyyət faciəlidirsə ağlamağın yeri yoxdur. Situasiya çox gülməlidirsə, sənin burda gülməli elementlər etməyinə ehtiyac yoxdur. Amma söylədiyim fikirlər o vaxt yanlış  hesab oluna bilər ki, aktyor o hisslərinin icrası zamanı çox səmimi olsun.
 
- Somerset Moemin “Teatr” romanında oğlu aktrisaya deyir ki, sən həyatda da oynayırsan. Reallıqla səhnə arasında sərhədi itirmisən. Sizdə necədir?
 
- Teatrı sevirəm, amma tez-tez oynamağa imkanım olmur. Həm də mən teatra daha məsuliyyətlə yanaşıram. Tamaşaçının qarşısına yaxşı materialla çıxmaq lazımdır, əziyyət çəkir, gəlir, pəjmürdə olub getməsin. Oynamadığım halda da evdə oynayıram. Bir saat, saat yarım otağa girib məşğul oluram, vəziyyəti, əsəri beynimdə günlərlə dolandırıram, mahiyyətini açıram. Amma həyatda da oynasam, çıxıb səhnədə nə oynayacam.
 
- Elə məqam olur ki, oynayırsız amma xəbəriniz olmur?
 
- Evdə tez-tez olur. Belə bir məqam olmuşdu.  Verilişimə ləzzətlə hazırlanıram ki, filan şeyi sabah orda deyəcəm. Oqtayla qızım da televizora baxır. Mən də artıq obrazda, öz aləmimdəyəm. Oqtay mənə baxıb, əlini yellədi. Deyirəm ki, aktrisayam da (gülür). Bir də “Pıçhapıç”dan gələn hazırcavablıq var. Hərdən elə hazırcavablıq edirəm, deyirlər ki, Dilarə verilişdə deyilsən, real həyatdasan. Çünki bəzi məqamlarda susmaq mənə çətin olur. Hazırcavablıq dəhşətli xəstəlikdir, yerində  elə sözlər gəlir ki, adamın heyfi gəlir, o sözləri deməməyə. 18-ci əsrdə yaşayan bir filosof deyib ki, hazırcavab adam təhsil görmüş ədəbsizdir. İndi bilmirəm hazırcavablıqdan  əziyyət çəkib belə deyib yoxsa...
 
- Ümumiyyətlə, uzun müddət aparıcılıq səbəbindən tükənmişlik sindromu hiss eidrsiz?
 
- On beş ilə yaxın verilişi apardım, sonra dedim ki, bu verilişi istəmirəm. Təbii ki, monoton iş adamı yorur. O mənada ki, eyni üzlər, eyni simalar... Hər dəfə nə qədər fərqli yanaşsan da kənardan çevir tatı-vur tatıya bənzəyirdi. Hərdən formanı dəyişirdik, amma məzmunca yenə eyni görünürdü. Ona görə uzaqlaşdım üç il müddətinə. Və mənə elə gəldi ki, buna artıq qayıtmayacam və qayıtmaq da istəmirəm. Sadəcə,  iki-üç il sonra ideya olanda ki, belə şou eləmək olar (söhbət “Səs verməyin” şousundan  gedir-red.), ağlıma batdı... İndiyə kimi işimizi sözlə gördüyümüz halda, artıq sözdən hərəkətə keçmək lazımdır, söz, hərəkət və realiti şou. Bir məqama da toxunum. Düşünürdüm ki, tamaşaçı ilə görüşə tamam başqa obrazda gəlim. Birinci efirdə bunu sınadım. Ciddi, əvvəlki Dilarədən az element gətirməklə. Əks reaksiya ilə qarşılaşdım. Tamaşaçı məni belə görməyə hazır deyil, istəmir. Anladım ki, dəyişmək istədiyim şeyləri televiziyada etməməliyəm. Kinoda, teatrda edə bilərəm. Amma televiziyada etməməliyəm. Çünki artıq mən tamaşaçını qazanana qədər bu, çətin olacaq, həm də tamaşaçını o biri Dilarəyə kökləmək alınacaqmı-alınmayacaqmı məsələsi sual altındaydı.
 
- Siz populyar aparıcı, aktrisasız. Amma eqonuzu qabartmırsız, iddiasız görünürsüz, təkəbbürdən uzaqsız.
 
- Məşhur adamlardan biri mənə dedi ki, bu qədər xaosun, qarmaqarışıqlığın içində bunu qoruyub saxlamağın qəribədir, bilirsən bu, nə deməkdir? Əslində özündən müştəbeh, təkəbbürlü adamlara normal baxa bilmirəm. Bəlkə kiməsə kənardan təkəbbürlü görünən adamlar var. Belə adamlarla tanış olanda görürsən ki, ilk təəssürat aldadıcıdır. Sadəcə olaraq özünə şirma çəkib. Çünki sadə davranışın qarşısında əks şey gördüyünə görə. Düşünür, özümü belə aparım ki, başım ağrımasın. Mənim vəziyyətimdə belədir ki, bu, alınmır. Şirmanı nə çəkmək istəyirəm, nə də çəkə bilirəm. İkincisi də qəribədir, özümə qarşı başqa münasibət görməmişəm.

- Tamaşalara dəvət alırsız?
 
- Vaqif Səmədoğlunun “Generalın son əmri” əsərinin Milli Dram Teatrında tamaşası hazırlandı. Rejissor Ramiz Həsənoğludur. Orda oynayıram. İsrafil müəllim  mənə Filumeno obrazını oynamaq üçün Edurdo de Filipponun “İtalyansayağı nikah” əsərini yollayıb.  Oxudum, çox istərdim ki, onu hazırlayım, amma bunun üçün mənəvi hazırlıq keçməliyəm. İki aydır oxumuşam əsəri, hələ cavab verməmişəm. Bu cür rollarla tamaşaçıya həm gözlədiyini, həm gözləmədiyini verə bilərəm.
 
- Müxtəlif rejissorlarla işləmisiz. Kimlə daha rahatdır işləmək?
 
- Böyük səhnəyə hazırlıq, peşəkar aktyor dərslərini almağım Vaqif Əsədovun adı ilə bağlıdır. Televiziyada püxtələşməyimə, məni tamaşaçıya düzgün çatdırmağa kömək edən Səyavuşdur. Daha sonra Ramiz Həsənoğlu ilə müxtəlif tamaşalarda çalışmışam.
 
- Baxdığınız filmlərdə elə rol var ki, onu oynamağı çox istərdiz...
 
- Məsələn, Sandra Ballokun rollarını oynamaq istərdim. Bütün qəhrəmanlarında  tragikomizm var. Emosiyalarını, sadəlövh, səmimi, ürək göynədən, şən kədərini görürsən. Ən ağrılı situasiyaları belə komikləşdirir.
 
- Mütaliə edirsiz?
 
- Orxan Pamukun “Mənim adım qırmızı” əsərini bitirdim. Amma yenə də sevdiyim yazıçı Dostoyevskidir.