"Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir" - İlham Əliyev

"Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir" - İlham Əliyev
680 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılıb və onlardan 275-i qızıl medaldır”.

Axşam.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərkən deyib.
 
Prezident Ilham Əliyev qeyd edib ki,  hər il olduğu kimi ilin sonunda ilin idman yekunları müzakirə edilir:

“Artıq bu gözəl ənənə neçə ildir ki, yaşayır və əminəm ki, bundan sonra da yaşayacaqdır. Yadımdadır, 1997-ci ildə Milli Olimpiya Komitəsinə prezident vəzifəsinə seçiləndə mən demişdim ki, Azərbaycan dövləti və Milli Olimpiya Komitəsi idmançılara qayğı göstərəcək, idmançılardan isə biz qələbələr gözləyirik.  Bu siyasət uğurlu siyasət olmuşdur. Bu siyasət nəticəsində Azərbaycan bu gün dünyada idman dövləti kimi tanınır. İdmana rəhbərlik edən bütün qurumlar fəal işləyirlər. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, cəmiyyətlər, klublar, bir sözlə, idman Azərbaycanda uğurla inkişaf edir, yüksək səviyyədə dövlət siyasəti aparılır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda idman infrastrukturu yaradılır. Azərbaycanın idman nailiyyətləri artıq dünyada yüksək qiymətləndirilir.
 
Dövlət başçısının sözlərinə görə, bütövlükdə 2014-cü il ölkə iqtisadiyyatı üçün uğurlu il olub:

"Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Bütün çətinliklərə, dünyada və bölgədə yaşanan böhranlı vəziyyətə baxmayaraq, Azərbaycan inamla inkişaf edir. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edilmişdir və biz 2014-cü ili yaxşı nəticələrlə başa vururuq. O cümlədən bu il də idman sahəsində gözəl nəticələr olub. Bizim idmançılar ildən-ilə daha da çox medal qazanırlar. Bu il də istisna il olmamışdır. Beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında 805 medal qazanılıb və onlardan 275-i qızıl medaldır. Keçən ilə nisbətən yenə də medalların sayı artıb. Medalların sayı, əlbəttə ki, bizi sevindirir. Çünki bu, idmanın inkişafının əsas göstəricisidir”.
 
Prezident xatırladıb ki, il ərzində Azərbaycanda bir neçə mötəbər beynəlxalq yarış keçirilib: 

“Onlardan ikisi Avropa çempionatıdır - bədii gimnastika və taekvondo üzrə. Hər il Azərbaycanda beynəlxalq yarışlar keçirilir. Beləliklə, Azərbaycan bu sahədə də öz imkanlarını ortaya qoyur. Uğurlarımızın davamı, əlbəttə ki, təmin ediləcək. Buna əyani sübut olaraq, bu il Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarını misal göstərmək olar. Bu Oyunlar bizim üçün tarixi oyunlardır. Çünki bizim idmançılarımız bu Oyunlarda ən böyük və deyə bilərəm ki, tarixi qələbə qazanıblar. Bu Oyunlarda 204 ölkə iştirak edirdi və Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görülüb. Bu, böyük tarixi nailiyyətdir. Dünya miqyasında 10-cu yerə nail olmaq böyük uğurdur. Bu uğuru gələcəkdə təkrarlamaq çətin olacaq. Ancaq biz buna çalışmalıyıq.Bu, bir daha onu göstərir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Bizim əsas uğurlarımızın mahiyyəti ondan ibarətdir ki, ardıcıllıq təmin edilir. Peşəkar idmançılar bizi sevindirirlər, dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında idman şöhrətimizi yüksəklərə qaldırırlar və gənc nəsil də yetişir”.
 
İ.Əliyev vurğulayıb ki, bu uğurları müstəqillik dövründə böyümüş idmançılar əldə edib:
 
“Bu, bir daha onu göstərir ki, görün, müstəqilliyimizin nə qədər böyük mənası, nə qədər böyük üstünlükləri var. Azərbaycan idmançıları tarixdə heç vaxt bu qədər qələbələr qazanmamışlar. Ancaq müstəqillik dövründə, Azərbaycan xalqının öz taleyini öz əlində saxladığı dövrdə biz buna nail ola bilmişik. Əminəm ki, biz bundan sonra da ardıcıllıqla bu uğurlara imza atacağıq. Gənc idmançılarımızın uğurları tarixi nailiyyətdir. Əminəm ki, onlar böyüdükcə bu uğurları təkrarlayacaqlar”.
 
Prezident qeyd edib ki, bu il idman qurğularının tikintisi davam etdirilib:
 
“Göygöl şəhərində Olimpiya Mərkəzi açılıb. Hazırda 9 rayonda Olimpiya komplekslərinin tikintisi aparılır, yaxud da ki, ona hazırlıq işləri gedir. Bütövlükdə bölgələrdə 41 Olimpiya Mərkəzimiz var. Ümumiyyətlə isə son illərdə 50-dən çox böyük Olimpiya Mərkəzi yaradılıb. Beləliklə, idmanla məşğul olmaq üçün hər bir bölgədə yaxşı imkanlar - üzgüçülük hovuzları, açıq, qapalı zallar və bütün infrastruktur var. Ona görə tam əminəm ki, bizim beynəlxalq yarışlardakı nailiyyətlərimiz uğurla davam edəcək”.
 
Dövlət başçısı bütövlükdə beynəlxalq idman qurumları ilə əməkdaşlığın uğurla davam etdirildiyini də qeyd edib:
 
“Təsadüfi deyil ki, Bakıda birinci Avropa Oyunları keçiriləcək. Bu Oyunların keçirilməsi tarixi hadisədir. Çünki bildiyiniz kimi, ilk dəfə olaraq Avropada belə oyunlar keçiriləcək və bu məsuliyyət bizim üzərimizə düşür. Biz bu məsuliyyəti öz üzərimizə götürmüşük, buna hazır idik. Görülən bugünkü işlər onu göstərir ki, Avropa Olimpiya Komitəsi düzgün qərar qəbul edib. Hazırlıq işləri son mərhələdədir. Bildiyiniz kimi, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız var idi. Biz bu hazırlıq işlərini çox məhdud bir vaxt, zaman çərçivəsində görürük. Ancaq bütün işlər yüksək keyfiyyətlə, qrafik üzrə aparılır və bütün idman qurğuları vaxtında hazır olacaq. Bu Oyunların keçirilməsi nəticəsində Azərbaycanda yenilənmiş və yeni gözəl idman infrastrukturu yaradılacaqdır ki, gələcəkdə Yay Olimpiya Oyunlarını da keçirmək mümkün olacaq. Əslində, Avropa Oyunları idmançıların, idman növlərinin sayına görə Yay Olimpiya Oyunlarına çox yaxındır, altı mindən çox idmançı iştirak edəcək və 20 idman növündə yarışacaqdır. Eyni zamanda, bizim Oyunlarımızın bir neçə üstünlüyü olacaqdır. Çünki bir neçə idman klasteri yaradılıbdır, idmançılar və mətbuat nümayəndələri üçün Olimpiya şəhərciyi və media şəhərciyi yaradılır. Bu da ən yüksək səviyyədə olan binalardır, orada ən gözəl şərait yaradılacaqdır, özü də şəhərin mərkəzində yaradılır. Yay Olimpiya Oyunlarında Olimpiya şəhərciyi şəhərlərin kənarında yerləşir. Oraya gedib çatmaq üçün ən azı bir saat vaxt lazımdır. Bu isə şəhərin mərkəzindədir”.
 
İ.Əliyev həmçinin vurğulayıb ki, Oyunların keçirilməsi, eyni zamanda, ölkənin gücünü göstərir:
 
“Çünki ancaq güclü dövlətlər belə böyük tədbirləri, idman tədbirlərini keçirə bilərlər. Azərbaycan da güclü dövlətdir. Son illərdə aparılan islahatlar, görülən işlər nəticəsində ölkəmiz gücləndi, güclü iqtisadiyyata malikdir, siyasi proseslər müsbət istiqamətdə gedir. Beynəlxalq aləmdə Azərbaycan çox böyük hörmətə malik olan bir ölkədir. İdman aləmində isə qeyd etdiyim kimi, idmana rəhbərlik edən bütün vəzifəli şəxslər Azərbaycanın uğurlarından danışırlar. Ona görə bu Oyunlar bizə imkan verəcək ki, Azərbaycanı olduğu kimi dünyaya təqdim edək və bir daha göstərək ki, gənc müstəqil Azərbaycan böyük uğurlara imza atır, dünyaya açıqdır, ölkəmiz müasirdir, eyni zamanda, öz tarixinə, mədəni köklərinə bağlıdır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin edilir. Bakı və Azərbaycan dünyanın ən təhlükəsiz şəhərlərindən, ölkələrindən biridir. Beləliklə, Azərbaycan dünyaya öz imkanlarını bir daha göstərəcək. O ki qaldı bizim idman uğurlarımıza əminəm ki, gələn il də bu uğurlar təmin ediləcək. Artıq gözəl bir ənənə vardır. İdmançılarımız həm peşəkardırlar, həm vətənpərvərdirlər, Vətənə bağlıdırlar və Azərbaycan bundan sonra da beynəlxalq arenalarda öz sözünü deyəcək”