Məhkəmə qərar verdi: “Yeni Müsavat” qəzeti Anar Məmmədovdan üzr istəməlidir

Məhkəmə qərar verdi: “Yeni Müsavat” qəzeti Anar Məmmədovdan üzr istəməlidir
939 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Respublikası Ali Məhkəməsi “Garant Holding”in təsisçisi Anar Məmmədovun “Yeni Müsavat” qəzetinə qarşı irəli sürdüyü iddiadan sonuncunun verdiyi kassasiya şikayətini təmin etməyib.

“Garant Holding”dən Oxu.Az-a daxil olan məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2014-cü il tarixli qərardadından “Yeni Müsavat” qəzetinin vermiş olduğu kassasiya şikayəti 27 noyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təmin olunmayıb.

Qeyd edək ki, Anar Məmmədovun iddia ərizəsi “Azadlıq” qəzetinin 02 iyul 2010-cu il tarixli və  “Yeni Müsavat” qəzetinin 3 iyul 2010-cu il tarixli, N 168 (4484) saylı sayında “Azadlıq” qəzetinə istinadən yer almış məqalələr, “Yeni Müsavat” qəzetinin 21 iyul 2010-cu il tarixli, N 186 (4502) saylı sayında, “Yeni Müsavat” qəzetinin 05 avqust 2010-cu il tarixli, N 201 (4517) saylı sayında, “Yeni Müsavat” qəzetinin 14 sentyabr 2010-cu il tarixli, N 239 (4555) nömrəli sayında “Turan” informasiya agentliyinə istinadən yer almış məqalələr, “Yeni Müsavat” qəzetinin 15 sentyabr 2010-cu il tarixli, N 240 (4556) nömrəli sayında “Turan” informasiya agentliyinə istinadən yer almış məqalə, “Yeni Müsavat” qəzetinin 20 iyun 2011-ci il tarixli, N 161 (4820) nömrəli sayında yer almış məqalələrlə bağlı olub.

Belə ki, Yasamal rayon məhkəməsinin 23 yanvar 2012-ci il tarixli 2(004)-49/2012 saylı qətnaməsi ilə iddiaçı Məmmədov Anar Ziya oğlunun cavabdehlər “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı olan iddia ərizəsi qismən təmin olunub.

Məhkəmə qərarına əsasən, “Yeni Müsavat” və “Azadlıq” qəzetindən müştərək qaydada vurulmuş mənəvi ziyana görə 4.000 (dörd min) manat tutularaq, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən Ruhi Əsəb Əlil Qocalar evinin hesabına köçürülməsi qət edilib.

Lakin daha sonra Anar Məmmədovun nümayəndəsi R.Məmmədov Nizami rayon İcra şöbəsinə müraciət edərək və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 21-ci maddələrini rəhbər tutaraq Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2 (004)-49/12 saylı 23 yanvar 2012-ci il tarixli icra sənədi üzrə tərəflər arasında razılaşma əldə olunduğundan tələbkarın tələbdən imtina etməsi əsası ilə icraata xitam verilməsi üçün məhkəməyə təqdimat verilməsini xahiş edib.

Bakı şəhəri, Nizami rayon məhkəməsinin 14 fevral 2014-cü il tarixli 8(007)-1742014 saylı qərardadı ilə təqdimat təmin olunmuş və Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-492012 saylı 23 yanvar 2012-ci il tarixli icra sənəd üzrə icraata xitam verilib.

Daha sonra “Yeni Müsavat” qəzeti ilə tələbkar arasında olan razılaşma qəzet redaksiyası tərəfindən pozulduğundan Nizami rayon məhkəməsinin 14 fevral 2014-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət təmin olunub və məhkəmənin 20 iyun 2014-cü il tarixli qərardadı ilə 14 fevral 2014-cü il tarixli qərardad ləğv olunub və təqdimat rədd edilib.

“Yeni Müsavat” qəzetinin Nizami rayon məhkəməsinin sözügedən 20 iyun 2014-cü il tarixli qərardadından vermiş olduğu apellyasiya şikayəti 18 avqust 2014-cü il tarixli Apellyasiya Məhkəməsinin qərardadı ilə təmin olunmayıb.

Bakı Apellyasiya Məhkəməsinin 18 avqust 2014-cü il tarixli qərardadından “Yeni Müsavat” qəzetinin vermiş olduğu kassasiya şikayəti 27 noyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə təmin olunmayıb.