Cəbhə bölgəsində yeni sənədli film - fotolar

Cəbhə bölgəsində yeni sənədli film - fotolar
1150 dəfə oxunub
  • A-
  • A
  • A+

Finlandiya Dövlət Teleradio Şirkətinin (YLE) əməkdaşları Vesa Toiyonen və İvar Heinmaa bir neçə gündür ki, respublikamızda yaradıcılıq ezamiyyətindədirlər.

Axşam.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, onlar Azərbaycan haqqında yeni sənədli televiziya filminin çəkilişləri ilə əlaqədar cəbhə bölgələrinə səfər edib, müharibə nəticəsində dağıdılaraq viran qalmış yaşayış məntəqələrini öz gözləri ilə görmüş, yerli əhali, qaçqınlar və hərbçilərlə görüşüblər.

Suriya, Əfqanıstan, İraq, Çeçenistan, Ukrayna və dünyanın digər qaynar ölkələri barədə bir çox filmin müəllifləri olan finlandiyalı qonaqlar qeyd ediblər ki, onlar 1990-cı illərdən başlayaraq mütəmadi olaraq ölkəmizə gəlir və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Əgər əvvəlki filmlərdə neft-qaz məsələlərinə, qaçqınların problemlərinə geniş yer vermişdilərsə, növbəti filmdə onlar cəbhə bölgələrindəki reallıqları dünya ictimaiyyətinə çatdırmağı qarşılarına məqsəd qoyublar.

Tərtər rayonunun Qapanlı kəndində 25 yaşlı oğul itirmiş Almaz ananın göz yaşları, hər gün atəş altında yaşamalarına baxmayaraq doğma ocağını tərk etməyəcəyini inamla bildirən Xuraman Qədir qızının fədakarlığı, Laçın qaçqınlarının vətən həsrəti və döyüş növbəsi aparan əsgər və zabitlərin vətənpərvərlik ruhu, ayıq-sayıqlığı yeni filmin yaradıcılarını təsirləndirib. Kənd qəbirstanlığında şəhid Elməddin Cəfər oğlunun məzarı yaxınlığında çəkilişlər aparılarkən qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin növbəti dəfə pozulduğunun şahidi olublar.

Film üçün müsahibə zamanı polkovnik Abdulla Qurbani ermənilərin Azərbaycana qarşı torpaq iddialarının tarixindən, beynəlxalq terrorizmdə erməni terrorizminin yerindən ətraflı məlumat verib, son vaxtlar Ermənistan tərəfindən atəşkəs rejiminin intensiv olaraq pozulduğunu, düşmənin təxribat xarakterli hərəkətlərə tez-tez yol verdiyini, cəbhəboyu bölgələrdə yaşayan əhalinin ciddi ziyan çəkdiyini vurğulayıblar.
Qonaqları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı Gülnarə Əskərova müşaiyət edib.