Fikrət Əmirovun doğum günüdür

Fikrət Əmirovun doğum günüdür
1033 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün görkəmli bəstəkar Fikrət Əmirovun 92 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncə şəhərində anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. Gəncə (1942-43) və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının (1947) bədii rəhbəri, M.F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956-1959) vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi olub.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. Onun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L. Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur" , "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub.

F.Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir. F. Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub (Əsər ilk dəfə 1953-cü ildə Axundov adınaAzərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub).

O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaradıb. F.Əmirovun "Min bir gecə" və "Nəsimi" baletləri də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaradıb. Onun bir neçə konserti, xüsusən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.

F.Əmirovun özünəməxsus bəstəkarlıq dəst-xətti onun instrumental və kamera vokal əsərlərində də təzahür edir. "Fortepiano üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən" və digər romansları, mahnıları bu gün də tez-tez səhnələşdirilir. O həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki gözəl deyildim" və digər filmlərə maraqlı musiqi bəstələyib.

2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını ifa edib. Tarzən Məşədi Cəmil Əmirovun oğlu, cazmen Cəmil Əmirovun atası, belçikalı müğənni Nəzrin Əfəndiyevanın isə babasıdır.

Fikrət Əmirov 1984-cü il, fevralın 20-də Bakıda vəfat edib.