“Şaban”ın xanımı: “Oğlum dedi ki, kaş Cüneyt Arkınla evlənərdin”

“Şaban”ın xanımı: “Oğlum dedi ki, kaş Cüneyt Arkınla evlənərdin”
7405 dəfə oxunub
  • A-
  • A
  • A+
1944-cü ildə İstanbulda dünyaya gələn mərhum türkiyəli yumor ustası Kamal Sunalın sabah 70 illik yubileyidir.
 
Axşam.az-ın məlumatına görə, bu münasibətlə “Şaban” adı ilə tanınan gülüş ustasının xanımı Gül Sunal “Kemal, hadi gel bi kahve içelim” adlı kitab yazıb. G.Sunal həmin kitabda “Şaban”la sürdüyü ömür yolunu təsvir edib. Aktyorun həyat yoldaşının “Hürriyət”ə ilk müsahibəsini ixtisarla təqdim edirik:

- Kitabın adını niyə belə qoydunuz?
- Bu, şüar kimi bir şeydir. Mən hər zaman deyinirdim, Kamal isə sakitcə dinləyər, daha sonra "Gəl, bir qəhvə içək”deyərdi...

- Neçə yaşında və necə tanış olmusunuz?
-  Mən 20, Kamal 29. O, səhnədə idi, mən isə tamaşaçılar arasında. Orada bir epizod var idi: Kamal hovuza girib eləcə dayanırdı. Bu zaman baxışlarımız bir-birinə tuş gəldi. İki il yarım məktublaşdıq. Ən çox Kamalın gözlərinə vurulmuşdum. Çox dərin baxışları var idi. Anası da həmişə deyərdi ki, uşaqlığından bəri onun simasında bir məsumluq görünür.

- Filmlərindən kənarda, real həyatda necə biri idi?
- Utancaq, təvazökar, əyləncəli. Çox xoşbəxt idik.

- Hələ də bu qədər sevilməsinin və filmlərinə baxılmasının səbəbi nədir?
- Çünki o, real biri idi. Təkcə sevənləri yox, 2 yaşlı uşaqlar da ona bağlanırdı. Aradan 14 il keçib, amma ötən gün Stokholmda olarkən bizi elə qarşıladılar ki, sanki Kamal da yanımızda idi.

- Bu gün Kamal Sunala oxşatdığınız aktyor var?
- Xeyr. Ümumiyyətlə, bu müqayisəni sevmirəm. Hərənin öz üslubu var. Kamal Sunala da, Cem Yılmaza da bənzəyən olmayacaq.

- Pulunuz olmasa da, xoşbəxt yaşamısınız...
- 1975-ci ildə onunla ailə quranda “Salak milyoner”, “Köydən indim şehire”, “Hababam sınıfı”, “Salako”, “Yalanci yarım” kimi məşhur filmlərdən tanınırdı. Kirayə ev tutduq. O qədər rütubət var idi ki, hamilə olanda həkim orada yaşamamağımı məsləhət gördü. Bu yaxınlarda oğlum Əlini (Əli Sunal- aktyor, red.) və qızım Zeynonu həmin evə apardım, orada qaldığımıza inana bilmədilər. Evə qonaq gələndə kartof qızardırdıq ki, rütubət qoxusunu ört-basdır etsin. Bütün bu çətinliklərə baxmayaraq, xoşbəxt idik. Bu gün Kamal olsaydı, yenə də həmin evdə yaşayardım. 

- Bir-birinizi qısqanırdınız?
- Heç ağlımıza da gəlməyib. O, çox gözəl qadınlarla filmlərə çəkilirdi, amma heç vaxt onun çəkiliş meydançasına getmədim. İkimiz də sərbəst idik. Bodruma 10 günlük tətilə gedər, tez də qayıdardı ki, “bu qədər bəsdir”.  Xanım tanışlarını maşınına mindirmirdi. Bir dəfə aktrisa Ayşən Quruda bərk yağışa düşür və “Kamal, məni də Beşiktaşa apar”deyir. Amma o, cavabında “Taksi pulunu verim, özün get” söyləyib.

- “İnək Şaban” filmi, deyəsən, uşaqlarınızın xoşuna gəlməyib...
- Onlara “inəyin uşağı” deyə lağ edirdilər. Yaxınlığımızda bir lisey var idi. Hər zaman Kamalla yolda gedərkən arxamızca “mö, mö” söyləyib, bizi ələ salırdılar. Həyat yoldaşım vecinə almazdı, amma uşaqlar pis olurdular. Bir gün Əli məktəbdən gəldi, çantasını yerə tullayıb mənə dedi: “Hamısı sənin günahındır. Kaş Cüneyt Arkınla (qəhrəmanlıq filmlərinin aktyoru – red.) evlənərdin”.

- Kitabınızda hər yerə çəkildiyi filmlərdəki paltarı ilə getdiyini yazmısınız. Necə yəni, məsələn,“Postacı” (“Poçtalyon”) filmindəki libası ilə gəzirdi?
- Bəli. Hər yerə elə o cür də gedirdi. Bilmirəm, niyə belə edirdi: roluna tam öyrəşmək üçünmü, yoxsa elə rahat olduğuna görə?

- Hansı musiqiləri dinləyərdi?
- Bütün janrlarda olanları. Bəzən maşınını saxlayıb, düşüb oynayırdı. Ən çox İbrahim Tatlısəsi dinləməyi sevirdi.

- Oğlunuza atasının ölümü pis təsir edib, deyəsən. Gecə yarısı məzarına gedirmiş...
- Buna görə psixoloji dəstək almadıq. Bir-birimizə arxalanaraq dayanırıq. Bir-birimizə çox bağlıyıq.