"Vəhşi kişilərdən xoşum gəlir" - Ülvira Qarayeva

"Vəhşi kişilərdən xoşum gəlir" - Ülvira Qarayeva
7529 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Ülvira Qarayeva kult.az saytına müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:
 
– Ülvira xanım, hər hansı bir kompleksiniz yoxdur ki? Daha səmimi və rahat söhbət etmək istəyirəm, ona görə soruşdum.
 
– Əlbəttə, yoxdur! Rahatam.
 
– Adətən, xanımlarla söhbət eləyəndə ehtiyat edirəm, istəmirəm ki, nəsə xətrinə dəysin.
 
– Axı mənim heç bir kompleksim yoxdur. (gülür) Və xətrimə də dəyməz. Sadəcə, söhbət edirik. Burda nə var ki... Sən də rahat ol.
 
– Sizi demək olar ki, hamıya qarşı səmimi və mehriban münasibət bəsləyən xanım kimi tanıyırıq.
 
– Təşəkkür edirəm.
 
– Amma belə münasibətlər daha çox hesablanmış olur. Məsələn, hamını çox istəmək olmaz ki... Hamıyla dost olmaq olmaz ki... Hamını sevmək olmaz ki... Bəzən mehribanlığın özü də adamı bezdirir.
 
– Mənə elə gəlir ki, hər şeydən tam məmnunluq şizofreniya halıdır. Eyni şeyi hər kəsi sevmək halına da aid etmək olar. Mən hamını sevmirəm, sadəcə, olaraq, hamıya sevilmək fürsəti təqdim edirəm. Və hərə bildiyi kimi bu fürsətdən istifadə edir.
 
– Kənardan baxanda belə təəssürat yaranır ki, dünya vecinizə deyil. Elə bil, həyatı beşgünlük fəlsəfə ilə yaşayırsınız. Doğrudan belədir, yoxsa əslində, daxilən başqa cürsünüz?
 
– Düzünü deyim ki, ciddi insanları xoşlamıram. Dünyanın bütün pis işləri ciddi üz ifadəsi ilə törədilir. Gülərüz insanlarla ünsiyyət daha rahatdır. Yeri gəlmişkən, sizə qarşılıqlı sual: proqramımda da bivec görünürəm?
 
– Hətta fikirləşirəm ki, görəsən, Ülvira xanım ağlaya bilir?
 
– Proqrama baxın, görərsiniz. Məsələn, son dəfə aşıqlar studiyada olanda ağladım. Aşıq musiqisi və ən çox da muğam məni ağladır.
 
– Muğamı başa düşürsünüz, yoxsa səsin sehridir sizə təsir edən?
 
– Muğamın sehridir.
 
– Bəzən xarici kanallarda aparıcıların başına qeyri-adi hadisələr gəlir. Gah səsləri tutulur, gah ayaqları ilişir yıxılırlar, gah paltarlarında problem yaranır.
 
– Hə, aparıcılarda o qədər olur ki...
 
– Sizdə nə vaxtsa belə şey olub?
 
– Bir dəfə dekor uçdu. (gülür)
 
– Bəs vəziyyətdən çıxmaq üçün nəsə elədiniz?
 
– Arxadakı dekor uçdu, mən danışığıma ara vermədən durduğum yeri dəyişdim, led ekran tərəfə keçdim. Bir müddət həmin yerdən verilişi apardım, bu müddət ərzində dekor artıq yenidən quruldu. Hətta tamaşaçı nə olduğunu hiss eləmədi.
 
– Axırıncı dəfə nə vaxt kitab oxumusunuz?
 
– Təxminən, yayda oxumuşam. Puşkini beynimdə təzələdim.
 
– Ən çox xoşunuza gələn bədii əsər hansıdır?
 
– "İdiot".
 
Bəs çağdaş yazarlarımızla aranız necədir?
 
– Bizim yazarları deyirsiniz?
 
– Bizim yeni yazarların əsərlərini oxuyursunuz?
 
– Yox!
 
– Bir neçə dəfə verilişinizə çağırmısınız, elə bildim oxumusunuz.
 
– Hə, bir dəfə çağırmışam, amma əsərlərini təəssüf ki, oxumamışam.
 
– Hərdən ürəyimdən keçir ki, bu sualı bütün qadınlara verim. Bizdə belə ifadə var: “kişi kimi qadın”. Bu, nə deməkdir?
 
– Məncə, kişi kimi qadın çox çirkin varlıqdı. (gülür)
 
– İdeal qadın obrazınız var?
 
– Var. Anam mənim üçün ideal qadındır.
 
– Necə qadındır ananız? Bir az təsvir eləyin, bəlkə, xanım oxucularımız nümunə götürdü.
 
– Anam baş verən bütün hadisələrin səbəbini, təkan verənini və gələcəkdəki nəticəsini əvvəlcədən bilən qadındır. İstənilən miqdarla evi dolandıra bilən, insana bir sözü ilə ruh verən, kimsənin görmədiyini görən, hər kəsin dəyərini yaxşı bilən, yaxşı olmağı, əl tutmağı bacaran, sonsuz müdriklik sahibi bir qadındır. Belə.
 
– Bəs kişi idealınız kimdir?
 
– Vay! Çətinə düşdüm. (gülür)
 
– Fikirləşin. Hələ vaxtınız var.
 
– Doğrusu, həyatda elə bir kişi tanımıram ki, idealım olsun. Həm də, ideal insan? İdeal kişi?
 
– Söhbət sizin üçün ideal olan kişidən gedir.
 
– Yoxdur.
 
– Bəs sizcə, necə kişi qadını xoşbəxt eləyə bilər?
 
– Aha! Mən bilirəm, nə cür kişi qadını xoşbəxt edə bilər. Deyim. Dilinə, əlinə, belinə sahib çıxan, qərar qəbul eləməyi və sonadək qərarına sahib çıxmağı bacaran. Və mütləq yetərincə vəhşi.
 
– Necə yəni vəhşi?
 
– Vəhşi kişilərdən xoşum gəlir. Yəni gəzməkdə, yeməkdə, qazanmaqda, qalibiyyətdə, uduzmaqda, münasibətlərdə – hər şeydə yetərincə vəhşi, doğal olmalıdır. Ütülənmiş, çox səliqəli, standart düşüncəli kişi maraqsızdır.
 
– Sizcə, hansı qəbulediləndir: qeyri adi və çirkin, yoxsa standart, amma gözəl qadın obrazı?
 
– Qadın gözəl olmalıdır, vəssalam! Çirkin olmaq olmaz! Ən az işıqlı və baxımlı olmalıdır və bunu da hamı bacara bilər.
 
– Həyatında ən böyük riskiniz nə olub? Cəsarət və ya qəhrəmanlıq hadisəsi varmı yəni?
 
– Sözün əsl mənasında, qəhrəmanlıq etməmişəm. Sıravi insan həyatı yaşayıram, sadəcə, hədəf qoyub, ona çatmağa can atıram. Cəsarətə gəlincə, hə, bəzən həyat məcbur edib.
 
– Cəsarətinizlə bağlı başınıza gələn maraqlı hadisə var yəqin. Lütfən danışın görək, neyləmisiniz.
 
– Bir dəfə Naxçıvanda qalanda silah anbarı partlamışdı. İnsanlar qorxularından evin zirzəmisinə doluşub, qışqırırdılar. Çox çətin bir vəziyyət idi. Bir qismini dilə tutub, zirzəmidən çıxartdım və o zonadan uzaqlaşmalarına nail oldum. Qorxmamışdım, əksinə, beynim buz kimi idi. Ekstremal situasiya məni soyuqqanlı edir.
 
– Ən kreativ tamaşaçı komplimentini və ya  tənqidini xatırlayırsınız?
 
– Təəssüf ki, kreativ tamaşaçım çox az olur. Və təəssüf ki, belə bir tamaşaçı xatırlamıram.
 
– Dünyaya kişi gəlmək istəyərdiniz?
 
– Yoooox!
 
– Karyeranızda son zirvəni harada görürsünüz?
 
– Mənim düşüncəmdə o zirvə yoxdur.
 
– Amma məntiqlə olmalıdır.
 
– Bu anda məntiqim mənə xəyanət etdi.
 
– Ülvira xanım, sizcə, insanlar niyə xoşbəxt ola bilmirlər? İnsanın xoşbəxt olmasına nə mane olur?
 
– Mənə elə gəlir ki, bunun bir əsas səbəbi var: lazım olandan artığını istədiklərinə görə. Əslində, xoşbəxt olmaq çox asandır, nəyin varsa, ondan zövq al. Budur xoşbəxtlik.
 
– Sirriniz yoxdur?
 
– Hələlik yoxdur.
 
– İnanmıram. Bir sirrinizi aça bilərsiniz, aramızda qalacaq, söz.
 
– Yoooo... (gülür)
 
– Sizi necə və nə ilə yoldan çıxarmaq olar?
 
– Səbir və sədaqətlə!
 
– Bəlkə, səbir yoxdur. Sizi yoldan çıxarmaq başqa necə mümkündür?
 
– Onda alınmayacaq!
 
– Bir dəfə Xoşqədəm xanımın verilişində ekspert olan bir nəfər mənə dedi ki, əslində, o verilişdə heç nə olduğu kimi deyil. Reklam olanda Xoşqədəm xanım bəzən problemini müzakirəyə çıxardığı adamın üstünə acıqlanır ki, bəs sözü vermişdin ki, daha möhkəm ağlayacam. Səmimi deyin, sizin aparıcılığınızda belə şeylər olub?
 
– Heç vaxt olmayıb və ola da bilməz! Əgər format bunu istəyirsə, mən həmişə çalışaram insanı elə dindirim ki, ağlasın.
 
– “Əgər format bunu istəyirsə, mən həmişə çalışaram insanı elə dindirim ki, ağlasın” – Bu söz sizə qəribə gəlmir ki?
 
– Yox! Sarı simə toxunmaq var, o yerdə hamı kövrəlir. Və onu da deyim ki, televiziya ilk olaraq görüntüdür.
 
– Reytinq xətrinə hər şeyə gedən adamlara necə baxırsınız? Axı bizim kanallarda belə verilişlər çox olur.
 
– Reytinq boş şeydir. Reytinqlə işləməyə qalsa, gərək maarifləndirici proqramlar olmasın. Amma onunla hesablaşmamaq da olmur. Fal kimidir – inanma, amma onsuz da qalma. Kamera qəddardır, hər şeyi açıq göstərir, amma gərək tamaşaçı da görmək istəsin, səmimiliyi qeyri-səmimilikdən və ya tamaşanı həqiqətdən seçməyi bacarsın. Təəssüf ki, televiziyalarımız indi tamaşaçı zövqünü diktə edir.
 
– Şairlər, yazıçılar son vaxtlar ANS–ə tez-tez dəvət olunur. Bəziləri elə fikirləşir ki, onların verişinə gedən yoxdur deyə, qələm adamlarını efirə çağırmağa başlayıblar. Yoxsa, verilişlər heç vaxt qələm adamını saya salıb verilişə çağırmazdı. Bəs belə fikirlərə deyirsiniz?
 
– Əksinə, yazı əhli reytinq deyil, bu bəlli məsələdir. Efirə dəvət edəndə isə onları ictimaiyyətə tanış simalarla bərabər çağırırıq ki, camaat heç olmasa yazıçısını üzdən tanısın, bəlkə, yavaş–yavaş onun əsərlərini oxumaq həvəsi də yarana. Hesab edirəm ki, televiziya da tamaşaçının zövqünü kökləməyə bu cür təsir edə bilər.
 
– Niyə bizim aparıcılarımızın əksəriyyətinə cəmiyyətdə kitab oxumayan, intellekti olmayan adam kimi baxırlar?
 
– Tamaşaçı kütləsi fərdlərdən ibarətdir. Fərdlər də nəyi necə görmək istəyirsə, elə də görür. Baxışı iti olsa, ağı qaradan seçər.
 
– Bizim aparıcılar daha intellektli ola bilməzmi? Lap şou verilişlərinə belə, daha intellektli şəkildə aparıcılıq eləmək olmazmı?
 
– Təbii ki, olar. Amma intellekt çətin tapılan məsələdir, hər adam özünə intellektual deyə bilməz, içi mən qarışıq.
 
– Ülvira xanım, sizə ən maraqlı evlilik təklifi necə olub?
 
– Mənə evlilik təklifi olmayıb.