"Manpası"nın aparıcılarının müsahibəsi+fotolar

"Manpası"nın aparıcılarının müsahibəsi+fotolar
5299 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın populyar radio şousu olan "Bamboleo"-nun aparıcıları DJ Fateh, Rəvan Bağırov və Gülay Hüseynova "Buro 24/7 Azerbaijan" portalına müsahibə veriblər.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Xanım aparıcının layihəyə qoşulması ilə yəqin ki, verilişə bir növ, qadın yanaşması əlavə etmək istəyirdiniz. Gülay həmin o yanaşmanı verilişə verə bilirmi?

- DJ Fateh:
İş ondadır ki, şouya qadın aparıcının dəvət olunması verilişin həcminin böyüməsi ilə bağlı idi. Bizim komandanın əsas sifarişçisi Media FM radiosudur və biz oranın işçiləriyik. Onlar müəyyən bir strategiya irəli sürürlər, məsələn, yeni mövsümdə filan şeylər edilməlidir. Biz də ona uyğun gücümüzü hesablamalı oluruq.

Bilirsiz ki, Bakıda tıxac get-gedə artır və avtomobillərin yolda olduğu vaxt böyüyür. Azərbaycanda hər beş maşından 4-ü Bakıdadır, sürücülük vəsiqəsi olan insanların orta hesabla 65%-i isə paytaxtda yaşayır. Hamı elə bilir ki, 9-da hər kəs ofisə girir, işə başlayır. Əslində elə deyil, saat 8-dən 11-ə kimi küçədə maşınlar çox olur. Bunları nəzərə alaraq, radio düşündü ki, verilişi həmin auditoriya üçün 2 saat deyil, 3 saat edə bilərik. Bu da, öz növbəsində, insan resursu tələb edir. Çünki 3 saatlıq verilişə, uyğun sayda aparıcı lazım olur. İki nəfər həmişə adət etdiyi ritmdə aparırdısa, 2 saatdan sonra biz çox yorulurduq.

Ona görə də bizə o yükü daşımağa 3-cü adam lazım idi. Həmin adamı tapmaq asan iş deyildi. Aparıcı çoxdur, sadəcə, komandamıza yarayacaq adam, duetin trioya çevrilməsində bizi məyus etməyəcək birisini tapmaq lazım idi. Kiçik "kəşfiyyat"-ımız xəbər verdi ki, Gülay adında aparıcı var, çox təşəbbüskardır, bizim ritmə uyğun adamdır. Onunla görüşdük, komandamıza cəlb etmək barədə düşündük və nəticədə, Gülay xanıma maraqlı olan təklifi edə bildik. O, şübhəsiz ki, verilişə qadın nəfəsi gətirdi, yeni rəng qatdı və əminəm, biz hələ onu 5-10% kəşf etmişik. Ən maraqlısı irəlidədir. Xahiş edirəm, mənim cavabımı iki yerə bölərsiniz, Rəvanın yerinə də bir hissə ayırarsınız, çünki eyni şeyləri deyəcək.

- Rəvan Bağırov: Mən səninlə razılaşmıram. Doğrudan da, biz "Manpası"-nı aparanda, hər gün bir mövzu olurdu, bəzi mövzularda da xanım fikrinə ehtiyac duyulurdu. Bizim fikirlərimiz ayrı, ancaq bu və ya digər mövzu ətrafında xanım fikri də maraqlı olardı deyə düşünürdük. Bəzən deyirdik ki, qız aparıcı olsaydı, o nə deyərdi. Həmin fikri, sözü demək üçün mütləq xanıma ehtiyac vardı. Xanımın gəlişi həm təzə zarafatların, həm də mövzuların artmasına səbəb olacaqdı.
 
- Sizin trionuz mənə "Europa+" radiosunda təxminən 3 il öncə efirdə olan "Briqada U"-nu xatırladır.

- DJ Fateh:
Bizi təkcə onlarla müqayisə etmirlər, həm də deyirlər ki, siz aparıcı tərkibi baxımdan başqa radiolarda olan layihələri təkrarlayırsınız. Əgər indi insanların "Europa+"-u FM tezliyində dinləmək şansı olsaydı, onlar bu iki veriliş arasında fərqi çox açıq şəkildə hiss edərdilər.

İndi bəzi şeylərlə "Briqada U"-nu xatırladırıq: onlar kimi biz də trioyuq, səhərlər zarafatlar edirik, yaxşı əhval-ruhiyyə verməyə çalışırıq. Üstəlik, radiolarda "2 oğlan, 1 qız" aparıcılıq formatı çox yayılıb və sevinirəm ki, bizdə bu tandem işləməli olduğu kimi, bütöv bir "orqanizm" olaraq alınıb. Bunun mükəmməl səviyyəyə çatması müəyyən vaxt tələb edir. Gülayla da hələ yeni başlamışıq. Müəyyən müddətdən sonra hər şey öz yerinə oturacaq.



- Gülay Hüseynova: Təklif gələndə fikirləşdim, maraqlandım, ölkənin ən çox dinlənilən səhər şousu olduğunu öyrəndim. Təklifi dəyərləndirdim və çalışmağa başladıq. Məni narahat edən bir məsələ var idi: real həyatda tanış deyildik və düşünürdüm ki, 3 saat bir otaqda olacağıq, daha əvvəl tanımadığım iki insanla veriliş aparacam. Efir elə bir şeydir ki, arada müəyyən narazılıq olan kimi, bu dinləyici tərəfindən hiss olunur. İlk həftə uyğunlaşmaq çətin idi, amma ikinci həftədən hər şey yerini tapdı. Uşaqlar dəstək verdilər və məni öz dinləyicilərinə yad adam kimi yox, doğma kimi təqdim etdilər.
 
- Növbəti sual Rəvanadır. Aydındır ki, ortada maraqlı bir məhsul var, insanlar dinləyir, bir-birinizi tamamlayırsınız, ancaq efir üçün müəyyən tələblər var və bildiyim qədər ləhcə ilə danışmaq da qəbuledilməzdir. Bu barədə nə deyə bilərsiniz?

- R. B.:
Sözün düzü, mənə hələ heç kim "ləhcə ilə danışmaq olmaz" deməyib. Ləhcə var və bu, birbaşa olaraq, doğulduğum yerlə bağlıdır. Mən radio adamı deyildim, indiyə qədər də belə deyirəm, radioya gəlməyim gülməlidir və yəqin ki, getməyim də gülməli olacaq. İlk dəfə radioya gələndə Fateh mənə başa saldı ki, həyatda necə danışırsan, burada da belə et.

- DJ Fateh: Bütün gələn aparıcılara deyirik ki, həyatda necə danışırsınızsa efirdə də elə danışın. Biz axı sizinlə həyatda belə danışdıq, səsinizi, danışıq tərzini bəyəndik deyə çağırdıq ki, gəlin bizlə çalışın. Radioya işə götürəndə, iki əsas meyar var. İnsanı danışdırırsan, görürsən ki, onu dinləmək xoşdur. İkinci test isə bundan ibarətdir - müəyyən bir şeyi izah etməyi xahiş edirsən, əgər izah edə bildisə, başa düşürsən ki, bu insanı dinləyəcəklər.
 
- Yəni, ləhcə ilə bağlı belə bir tələb yoxdur?



- DJ Fateh: Teleradioyayım şurasının bu barədə tövsiyyə xarakterli müəyyən sənədləri var. Amma bu tövsiyyə xarakteri daşıdığından, ən əsası isə, Rəvanın ləhcəsinin şounun elementi olduğundan və dinləyicilərin də bu insanın ləhcə ilə hansısa şeyləri vurğulamaq üçün danışdığını hiss etdiyindən, biz bunu məqbul sayırıq.

Yeri gəlmişkən, Rəvan yeganə adamdır ki, "həyatda necə danışırsan elə danış" demişik və belə də edir. Yerdə qalanlar radioda efirə çıxan kimi səslərini dəyişirlər.

- Azərbaycanda mentalitetin və ya Radio və Televiziya reqlamentinin imkan vermədiyi amma sizin efirdə etmək istədiyiniz şeylər varmı?

- DJ Fateh: Azərbaycan dilində insanların danışdığı və danışa bildiyi hansısa mövzular varsa, biz onların hamısı barədə danışmışıq. İki il Rəvanla "Manpası" radiolayihəsində birgə 500 efir aparmışıq, bu isə 500 fərqli mövzu deməkdir.

- R. B.: Çoxları elə fikirləşir ki, biz bir həftə qabaqdan mövzuları müəyyən edirik. Səhər şousu əhval-ruhiyyədən çox asılıdır. Hərdən elə olur ki, əvvəlcədən düşündüyümüz 5 mövzunu silirik, deyirəm ki, məsələn, Fateh, sizdə evdə zibili kim atır? Baxırıq ki, müzakirə üçün yer var və həmin mövzunu efirdə edirik. Doğrudan da, çox belə etmişik və belə demək olarsa, "partlatmışıq". Biz də hamı kimi səhər işə gedirik, hamı kimi bizi də narahat edən gündəlik məişət problemləri olur və çalışırıq bu mövzularda danışaq. Yəni, hansı mövzu barədə danışmaq istəmişik və düşünmüşüksə ki, bu, dinləyicilər üçün maraqlı olacaq, o barədə də danışmışıq.


 
- Qarşımızda siz və çoxlu sayda digər televiziya və radio aparıcıları var. Tamaşaçıların və dinləyicilərin seçim müxtəlifliyi olsa da, onlar sizi seçirlər. Problem sizin kimi kadrların az olmasındadır, yoxsa həmin televiziyaların rəhbərliyi qəsdən onları seçir?

- DJ Fateh:
Maliyyə olan yerdə menecment var və radio-telekanal rəhbərliyi öz missiyasını başa düşür. Bu hallarda, adətən, dediyiniz problemlər ortaya çıxmır. Rəhbərliyin gördüyü iş yaradıcı deyil, inzibati işdir və əsas işləri yeni, yaradıcı insanları kəşf etməkdir. Potensiallı insanlar var, hətta belə tanışlarım kifayət qədərdir. Sadəcə, onlar başqa sahələrdə çalışırlar. Mən onları başa düşürəm, çünki çox adam həyatını radio ilə bağlamaq istəmir.

Radiomuzun bəxti onda gətirib ki, bizim menecment yaxşı kadr seçimi edə bilir. Bu günə kimi kəşf etdiyimiz, haradasa işləyib, arxa planda qalan insanları önə çəkə bilməyimiz bundandır ki, biz hər bir insanın potensialından necə istifadə etmək mümkün olduğunu görürük. Qeyd edim ki, mən həm də bizim radionun baş prodüseriyəm. Sənə lazım olan, komandaya fayda gətirəcək insanları tapmaq çox önəmlidir.

Bu işlə - "headhunting"-lə bizim bəzi KİV-lər, demək olar ki, məşğul olmurlar. Məsələn, ANS TV-də İlqar Mikayıloğlu deyir ki, uşaqlar, sağ olun, mən başqa kanala gedirəm. Onlar həmin günün səhəri başlayırlar adam axtarmağa ki, filankəs, sən boşsan, gəlib veriliş apara bilərsən? Belə çıxır ki, ANS-in İlqar Mikayıloğlunun yerinə qoyası adamı yoxdur? Belə olmalı deyil, məncə.

- G. H.: Fatehin dediklərinə qoşuluram. Bəzilərinin həvəsi yoxdur, bəzilərinin isə istedadı...
 
- "Manpası" videolarında verdiyiniz çox sadə suallara insanların səhv cavablar verməsi sizə necə təsir edirdi?

- DJ Fateh:
Əlbəttə, pis təsir edirdi. Mən həmişə günahı onların özündə yox, məktəb-universitet müəllimlərində və bununla əlaqəli bütün şəxslərdə görmüşəm.
 
- Bəs sizin təhsil almağınızda oxuduğunuz məktəb, universitet müəllimlərinin rolu varmı? Çünki, demək olar, eyni müəllimlər sizə də dərs deyib. Yoxsa siz özünütəhsillə məşğul olmusunuz?




- DJ Fateh: Sözün açığı, işimlə əlaqədar olaraq, qısa müddət ərzində maraqlı insanlarla tanış olmuşam və onların içərisində ən sadə insanlardan tutmuş, ölkənin ən mötəbər insanlarına qədər hər kəs var. Bugün çox məşhur Azərbaycan yazıçıları, ziyalıları barədə "mənim dostumdur" deyə bilirəm. Onlara həmişə suallar verirdim ki, radioda aparıcı işləyirəm, nə edim ki, dinləyicilər üçün maraqlı olum? Mənə mütaliəni tövsiyyə etməkdən tutmuş, əlimdən tutub harasa aparıb nəisə başa salmağa qədər əziyyətimi çəkiblər və buna görə onlara minnətdaram.

Özüm 42 nömrəli məktəbi bitirmişəm. Çox adama deyəndə, heç bilmir ki, bu məktəb haradadır. Amma o adi məktəbi bitirib, 608 balla ali məktəbə qəbul olmuşam. Bilmirəm, bu göstəricidir, ya deyil, demək istədiyim odur ki, orta statistik məktəbdən, əlbəttə, istedadlı insanlar çıxa bilir. Bunun üçün bir şərt vacibdir: valideynləri, ətrafı insana özünü inkişafa, mütaliəyə, özünə investisiya etməyə həvəs yaratmalıdır.
 
- Kitab demişkən, Fateh, radioda bir neçə dəfə Dovlatovun adını çəkmisiniz. Dovlatovu yaxşı prozaikdən daha çox, yaxşı yumor hissi olan yazıçı kimi tanıyıram. Ən çox bəyəndiyiniz əsəri hansıdır?

- DJ Fateh: Dovlatovu çox sevirəm və onu mənə tövsiyyə edən dostum bir vacib nüansı qeyd etmişdi ki, onun əsərlərini müəyyən ardıcıllıqla oxumaq çox önəmlidir. Dovlatovun bütün külliyyatını oxumuşam və ən sevdiyim əsəri "Bizimkilər"-dir. Halbuki "Qoruq"-da elə anlar var ki, mənim çox xoşuma gəlir. Külliyyatından başqa, Dovlatov barədə yazılan bütün kitabları oxumuşam. Məsələn, Anna Kovalyovanın, Lüdmila Şternin xatirələri. Adını harada görürəmsə, onun haqqında yazılan kitabdırsa, mütləq alıb oxuyuram.

- Üçünüzün arasında radio sahəsində ən böyük təcrübəyə Fateh sahibdir. Maraqlıdır, hansı efirdən sonra ulduzunuz parlayıb?

- DJ Fateh: Mən ulduzumun Media FM-də parladığını düşünürəm. Radio 2009-cu ildə fəaliyyətə başladı, 1 il sonra isə orada səhər şousu aparmağa başladım. Hesab edirəm ki, səhər efirinə gələndən sonra əvvəlki auditoriya ilə müqayisədə birdən-birə böyük fərq oldu. Çox insan qulaq asmağa, hər yerdə məni tanımağa başladı. Özü də radioaparıcı olanda, bunu qəbul etmək çətindir. İnsanlar səni haradan tanıyırlar, başa düşə bilmirsən. Daha maraqlı olan odur ki, Rəvanı hər yerdə tanımağa başladılar.



- R. B.:
Başa düşmədim, bəyəm məni tanıya bilməzlər? (gülür)

- Rəvanla iki il bir yerdə veriliş apardıq, mən isə 15 ilin aparıcısıyam, düşünürəm, bu müddətə necə belə tanındı?

- R. B.: Başqa bir maraqlı məqam odur ki, Fatehlə məni səhv salmağa başladılar. Bir dəfə işə gedirəm, birdən bir maşın saxladı, "Fateh, qardaşım, necəsən?"- deyə çağırdı. Özü də dar küçə idi, maşından düşüb dedi şəkil çəkdirək. İmkan vermədi deyim ki, mən Fateh deyiləm. Həm də kişi mənim Fateh olmağımdan o qədər xoşbəxt idi ki, daha heç nə demədim. Yəni, radioaparıcı olduğumuzdan bizi görmürlər və tez-tez səhv salırlar.
 
- Tanınmaq məsələsində Gülay xanımın da fikrini öyrənmək istərdik. Bunun hansı üstünlükləri var və ya mane olurmu?

- G. H.:
Əslində daha əvvəl seriallarda çəkilmişəm. Nə aktrisa, nə də radioaparıcısı olaraq, təhsilim yoxdur. Slavyan universitetinin filologiya fakultəsini bitirmişəm. Düzünü desəm, səsimi də heç vaxt bəyənməmişəm. Əvvəl başqa radioda idim, radioya gəlmək səbəbim də bu idi ki, səsim üzərində çalışım. Tanınmağa gəlincə, Fatehlə Rəvanın dinləyiciləri indi məni tanımağa başlayıblar.

- DJ Fateh: Bizim üçün dinləyicilərin onu qəbul etməsi vacib idi, çünki geriyə yolumuz yoxdur. Şükür, hər şey istədiyimiz kimi gedir.

- G. H.: Tanınmağa başlayanda adam daha çox məsuliyyətli olur. Əvvəl yolda rahat alma yeyə-yeyə gedirdin, indi isə bunu edə bilmirsən, ya da ictimai nəqliyyatda gedəndə yorğunsan və heç kimə yer verməyə halın yoxdur. Ancaq tanınırsan deyə, durub yer verməli olursan ki, nümunəvi olasan.
 
- V. Q.: Fateh, Rəvanla həyatda dost olmağınız peşə fəaliyyətinizə nə dərəcədə təsir edir?

- DJ Fateh: Bilirsiniz, biz dost olmasaydıq, verilişdə bir-birimizlə yola gedə bilməzdik və bu iki ildə başımıza gələn hadisələr, hekayələr, səfərlərimiz baş tutmazdı. Rəvanda xətrini istədiyi adamlara görə can yandırmaq xüsusiyyəti var. Bu mənada dostluğumuz bizə kömək edir. Bir-birimizi tamamlayırıq.

- Növbəti sual Buro 24/7 formatına uyğun olacaq. Fateh, Rəvan, xanımlarımıza nəyi etməməyi tövsiyyə edərdiniz?



- DJ Fateh: Ən əsas səndəllərlə kapron corab geyinməsinlər. Varlı, kasıb, ev xanımı, zövqlü, zövqsüz hamı bunu edir. Səndəllər barmaqları örtür və azacıq boş yerdən həmin kapron corablar bilinir. Bu, məncə, dəhşətdir.

- R. B.: Fikir vermişəm ki, bizim xanımlar makiyaj edə bilmir. Mən bunda səhvi tuta bilirəmsə, görün, peşəkarlar nəyə fikir verirlər. Toylarda, gündəlik həyatda - hər yerdə belədir. Barmaqla sayılası qədər xanım var ki, kosmetikadan doğru istifadə edir. Bir də çalışsınlar, hər gün duş qəbul etsinlər. (gülür)

- Gülay, kişilərimizə nəyi etməməyi və ya nəyi etməyi məsləhət görərdiniz?

- G. H.:
Bəyənmədiyim şey kişilərin dar şalvar geyinməyidir. Şəhərin mərkəzində çəkələkdə gəzənləri və kafedə, ictimai yerlərdə yüksək səslə danışanları bəyənmirəm. Bir də serial izləyən kişiləri xoşlamıram.
 
- Mən məsələn, "Taxt oyunları" və "Kart ev" seriallarına baxıram.

- G. H.:
Doğrudan, mənə qəribə gəlir ki, kişi öz-işini gücü atsın, seriala gəlib baxsın, növbəti seriyanı gözləsin.

- DJ Fateh: Səninlə razı deyiləm. Bu, keyfiyyət məsələsidir. Bir zamanlara qədər mən də seriallara baxmırdım. Əgər sənin seriallar barədə təsəvvürün "Kurtlar vadisi" ilə başlayır, "Solan çiçəklər" Azərbaycan serialı ilə bitirsə, bu anlaşılandır. Ancaq mən demək olar ki, "Netflix"-in bütün seriallarına baxıram. Bu tamam ayrı mövzudur.

- İş fəaliyyəti şəxsi həyatınıza, istirahətinizə mane olurmu?

- DJ Fateh:
Bəzi hallarda mane olur. Mən iş adamıyam, daha doğrusu, işin adamıyam. Əylənməyim də bir növ işlə bağlıdır. Yəni, bir işlə məşğul ola bilmirəm, həmişə iki-üç işlə birdən məşğul oluram. Bu tərz mənə daha yaxındır.

- R. B.: Mənim əsas işim Beat Group-la bağlıdır. Səhər radioda veriliş aparıram, daha sonra ora yola düşürəm. Gördüyüm işlər mənə o qədər maraqlıdır ki, əziyyət kimi gəlmir. Ancaq işləri görəndən sonra başa düşürsən ki, filan dostumla görüşə bilmədim, filankəsi çoxdandır görmürəm.
- G. H.: Məndə də radio fəaliyyəti Rəvandakı kimidir. Verilişdən sonra başqa işlərimlə məşğul oluram. Radio şəxsi həyatıma, ailəmlə münasibətlərimə mane olmur. Daha çox çəkilişlər mane olur. Məsələn, dostlarımla vaxt təyin edirik ki, filan gün görüşəcəyik. Bir gün qalmış çəkiliş çıxır və görüşü təxirə salmalı oluram.
 


-
Fateh, stand-up şoularla bağlı danışaq. Belə bir layihə etməyə özünüzdə potensial görürsünüzmü?

- DJ Fateh: Görürəm, amma mənə elə gəlir ki, indi stand-up şou aparsam, bunu edən bütün Azərbaycan şoumenləri kimi inandırıcı olmayacam. Bu, bir az həyat təcrübəsi tələb edir. Azərbaycanda sözün keçsin, sənə inansınlar deyə müəyyən yaşa çatmalısan, kökəlməlisən. Bizdə bir az kök, bir az yaşlı və "ağıllı" sözlərlə danışan şəxslər inandırıcıdır. Onlara gəlib baxacaqlar və güləcəklər. Mən hələ nə o qədər kökəlmişəm, nə o qədər yaşlanmışam və söz ehtiyatım da, məncə, tam mənada stand-up şou aparmağa imkan vermir. Halbuki hekayələrim var. Çox istəyirəm bunu edim, ancaq bunu indiyə qədər etdiyim bütün işlər kimi etmək istəyirəm. İndi 31 yaşımda yaxşı radio aparıcısıyam və bilirəm ki, 60 yaşımda yaxşı radioaparıcısı olmayacam. İndi bu işin ən yaxşısını edirəm və vaxtı gələndə buraxacam.

- "Manpası" video layihəsini niyə bitirdiniz?

- DJ Fateh:
Layihənin davamını gözləyən bəzi adamlar vardı. Məsələn, mən düşünməzdim ki, siz Manpası-ya baxırsınız.

- Hər dəfə baxanda xeyli gülürdüm və indi də təkrarən bəzi buraxılışları izləyirəm.

- DJ Fateh: Düşünürdüm ki, müəyyən kateqoriya insanlar maksimum bir-iki buraxılışa baxarlar, ancaq internetdə baxış sayları başqa şeyləri deyirdi. İlk dəfə idi ki, internetdə kimlərsə belə bir layihə edib, eyni zamanda, üç sponsorun birdən diqqətini cəlb edə bilmişdi. Bu kiçik, amma eyni zamanda kosmik nəticədir. Amma müəyyən anda başa düşdük ki, bu verilişdə nəisə başqa istiqamətdə dəyişmək mümkün deyil, eyni şeyi isə uzun müddət etmək istəmirdik və 2013-cü ilin sonunda layihəni bitirdik. "Manpası" ilə insanlar bir daha əmin oldular ki, internet böyük bir məkandır, burada yaxşı video-layihələr etmək, üstəlik, bundan pul da qazanmaq olar.