Monika Belluççinin 50 yaşı tamam olur - fotolar

Monika Belluççinin 50 yaşı tamam olur - fotolar
3511 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün dünya şöhrətli aktrisa Monika Belluççinin 50 yaşı tamam olur.
 
Axşam.az-ın məlumatına görə, 1964-cü ildə Umbriya əyalətinin Çita-di-Kastello şəhərində anadan olan aktrisa1986-cı ildə Peruci universitetinə qəbul olunub. Monika tələbəlik illərində təhsil haqqını ödəmək üçün ofisiant kimi işə düzəlib. Sonra isə gözəl görünüşü onun karına gəlib – o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayıb.

M.Belluççi 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. O, Milandakı ən nüfuzlu model agentliyi olan "Elit"ə dəvət edilib. Təsadüf nəticəsində həmin dövrdə moda evinin menecerləri firmanın simvolu olacaq model axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu "Dolce and Gabbana"nın rəsmi siması seçiblər. Məşhur modelyerlərlə iş tezliklə öz bəhrəsini verib – Monika Beluççi tez-tez moda jurnallarının üz qabığında görünüb.

Paralel olaraq onun kino həyatı başlayıb. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görüb və Monika "Brem Stokerin Drakulası" filmində kiçik rol alıb. Bu filmdən sonra onu Amerikada da tanıyıblar.

Monika Beluççi İtaliya filmlərindən başqa, fransız filmlərində də rollar alıb. Bunların arasında "Mənzil", "Doberman" və "Qurd qardaşlığı" filmlərini göstərmək olar.

"Mənzil" filmi ona aktrisa kimi ilk uğuru gətirib. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu "Sezar" mükafatına nominant kimi irəli sürülüb. Həmin filmdə M.Belluççi sonradan ailə həyata qurduğu məşhur aktyor Vensan Kassellə tərəf-müqabili olub. 1997-ci ildə çəkilən "Doberman" filmində Beluççi lal-kar qadın rolunu oynayıb. Bu film onun həyatında ilk ciddi sınağa çevrilib. Vensan Kassellə nikah isə onun əsl böyük kinoya yolunu açıb.

2001-ci ildə Monikanın iştirakı ilə ekrana 2 film – "Qurd qardaşlığı" və "Malena" çıxıb. O, "Malena"da növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırıb. Film 14 dəfə müxtəlif mükafatlar, o cümlədən "Qızıl qlobus" almağa namizəd kimi irəli sürülüb.

2002-ci il Kann kinofestivalının sensassiyasına isə Qaspar Noenin "Geridönməzlik" filmi çevrilib. Filmdə Monikanın iştirakı ilə 9 dəqiqəlik zorakılıq səhnəsi tamaşaçıların neqativ reaksiyasına səbəb olub. Auditoriyanın bir hissəsi ilk premyera günü zalı tərk edib.

Monika Belluççi 50-dən çox filmə çəkilib. Onun bu filmlərdə tərəf müqabilləri Entoni Hopkins, Cin Hekman, Şon Konneri, Bryus Uills kimi şəxslər olub. O, "Matritsa" filminin ikinci və üçüncü hissələrində isə Kianu Rivzlə bir yerdə çəkilib.

Monika Beluççi "Pirelli" təqvimi üçün 2 dəfə çəkilən azsaylı modellərdən biridir. O, 2001-ci ildən "Cartier" zərgərlik evinin simasıdır.

1999-cu ildə Monika Belluççi və Vensan Kassel evləniblər. Onların tanışlığı isə 1996-cı ilə təsadüf edir. O zaman Beluççi və Kassel "Mənzilcik" (“L appartement”) filmində çəkiliblər. Evlilikdən 3 il sonra isə onlar "Geridönməzlik" (“Irreversible”) filmində tərəf müqabili olublar. 2004-cü ildə cütlüyün Deva, 2010-cu ildə isə Leoni adlı qızları doğulub. Cütlük 2013-cü ilin avqustunda boşanıb.