Mehriban Əliyeva Parisdə “Azərbaycan şəhərciyi”nin açılışında - fotolar

Mehriban Əliyeva Parisdə “Azərbaycan şəhərciyi”nin açılışında - fotolar
2531 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.

Sentyabrın 19-da Parisin San- Sülpis meydanında Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan şəhərciyi” təşkil olunub.
 
Axşam.az-ın AzərTaca istinadən verdiyi xəbərə görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.
 
Sərginin açılışında çıxış edən Parisin 6-cı rayonunun meri Jan- Pyer Lökoq 10 gün ərzində parislilərin Azərbaycan və onun zəngin mədəniyyəti haqqında dolğun məlumat ala biləcəklərini bildirib. Ölkəmizin sürətlə inkişaf etdiyini deyən mer son illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə xaricdə bir çox tədbirlərin keçirildiyini, bu sərginin də onların davamı olduğunu qeyd edib.
 
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Azərbaycan şəhərciyi”nin açılışında çıxış edərkən bildirib ki, Fransada həyata keçirilən layihələr Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini tanıtmaqda mühüm rol oynayır:
 
“Azərbaycan Fransa ilə ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət verir. Mən çox sevinirəm ki, son illər bu münasibətlər strateji əməkdaşlıq xarakteri daşıyır. Həm dövlət, həm də qeyri-dövlət strukturları, biznes sektoru, ictimai təşkilatlar arasında işgüzar əlaqələr qurulur və inkişaf edir.Azərbaycan ilə Fransa bir çox sahələrdə əməkdaşlıq qurub, xüsusən də şəhərsalma, nəqliyyat, kosmos, şərabçılıq və digər sahələrdə artıq işgüzar əlaqələr yaranıb və bu əlaqələr ildən ilə inkişaf edir”.
 
Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan Fransanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır:
 
“Ölkələrimiz arasında ticarət dövriyyəsi iki milyard dollara çatıb. Azərbaycanda əllidən çox fransız şirkəti fəaliyyət göstərir. Əlbəttə, xalqlarımız, ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində humanitar və mədəniyyət sahəsində olan əlaqələr çox böyük əhəmiyyət daşıyır. Mən çox şadam ki, son iki il ərzində bu sahədə bir çox layihələr həyata keçirilib. Bir misalı sizin diqqətinizə çatdırmaq istərdim. Parisə gəlməmişdən əvvəl, sentyabrın 15-də ölkəmizin paytaxtı Bakıda Azərbaycan dövlətinin vəsaiti ilə inşa olunan ilk fransız liseyinin açılışında mən dövlət başçısı ilə bərabər iştirak etdim və çox şadam ki, müasir təhsil ocağı artıq ilk şagirdlər üçün öz qapılarını açıb. Fransada isə biz mütəmadi olaraq artıq ənənəvi şəkildə Azərbaycan mədəniyyətini təqdim edən tədbirlər keçiririk və çox sevindirici haldır ki, təkcə Parisdə yox, Fransanın müxtəlif regionlarında, müxtəlif şəhərlərində Azərbaycanı tanıdan, Azərbaycan reallıqlarını çatdıran tədbirlər çox böyük maraqla qarşılanır. Mən çox şadam ki, bizim birgə səylərimiz nəticəsində Fransada Azərbaycanın dostlarının sayı ildən ilə artır. Bu sırada, bu yaxınlarda öz fəaliyyətini bərpa edən Fransadakı Azərbaycanın Dostları Assosiasiyasını biz ürəkdən salamlayırıq, onun fəaliyyətini alqışlayır və dəstəkləyirik”.
 
Azərbaycanın birinci xanımı bildirib ki, on gün ərzində “Azərbaycan şəhərciyi”ndə Azərbaycanın keçmişi, bu günü və gələcəyi, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti və musiqisi barəsində dolğun məlumat veriləcək:

“Eyni zamanda, biz zəngin mədəni proqram hazırlamağa çalışmışıq. Ənənəvi və klassik musiqi, caz konsertləri, müxtəlif rəqs ansambllarının çıxışları sizə təqdim olunacaq. Ümidvaram ki, bu layihə də qəlbdən qəlbə ənənəvi, növbəti bir körpü olacaq. Sonda qeyd etmək istərdim ki, sərginin, bu yarmarkanın bir qismi bildiyiniz kimi gələn il ölkəmizdə keçiriləcək Avropa oyunlarına həsr olunub. Bu, həm ölkəmiz, həm də Avropanın idman hərəkatı üçün çox əhəmiyyətli bir tədbirdir. Bu gün Azərbaycanda bütün lazımı tədbirlər görülür və ümidvaram ki, oyunlar əmin-amanlıq, həmrəylik və sağlam rəqabət şəraitində keçiriləcək. Mən fürsətdən istifadə edərək sizləri bu tarixi oyunları izləmək üçün ölkəmizə dəvət edirəm”.
 
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan- Fransua Mansel də bu cür tədbirlərin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb. O, zəngin mədəniyyətə malik ölkəmizin üzləşdiyi ən böyük problemi - Dağlıq Qarabağ münaqişəsini diqqətə çatdırıb və bildirib ki, Azərbaycan rəhbərliyi bu münaqişəni sülh yolu ilə həll etmək istəyir.
 
Sonra “Azərbaycan şəhərciyi” ilə tanışlıq oldu. Bu şəhərcikdə ölkəmiz haqqında müxtəlif istiqamətlərdə müfəssəl məlumatlar öz əksini tapıb. “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisində min illərdir ölkəmizdə yaranıb inkişaf edən mədəniyyət barədə müfəssəl məlumat verilir. Azərbaycanın qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların, o cümlədən misgərlik məmulatlarının, şəbəkələr, milli geyimlər, milli musiqi alətləri və Azərbaycan xalçalarının geniş çeşidinin təqdim olunduğu şəhərcikdə “Azərbaycana səyahət” turizm sərgisi vasitəsilə ölkəmizlə daha yaxından tanışlıq imkanı yaradılıb. Burada, həmçinin “Bakı 2015” Birinci Avropa Oyunlarına hazırlığın təqdimatı da keçirilib, indiyə qədər görülən işlə barədə qonaqlara məlumat verilib.
 
Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən nəşrlərinin təqdim olunduğu sərginin ən maraqlı bölmələrindən biri də Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə bağlı materialların, həmin dövrə aid arxeoloji tapıntıların - zərgərlik nümunələrinin, məişət əşyalarının, orta əsrlərdə Azərbaycan rəssamlarının çəkdikləri miniatürlərin reproduksiyaların, miniatürlərin əks olunduğu çini qabların, “Xəmsə”yə daxil olan poemaların süjetləri əsasında işlənən xalçaların sərgilənməsidir.
 
Sonra “Fransa Azərbaycan rəssamlarının gözü ilə” rəsm sərgisi ilə tanışlıq olub. Tədbir tanınmış caz ifaçısı, Əməkdar Artist İsfar Sarabskinin konserti ilə davam edib.