"Onlar məni gənc saxlayan ən böyük qüvvədir" - müsahibə

"Onlar məni gənc saxlayan ən böyük qüvvədir" - müsahibə
2957 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir çox beynəlxalq musiqi layihələrinin müəllifi olan dəyərli bəstəkarımız, Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimiyə zəng vurarkən adət etdiyimiz ənənəvi çağırış siqnalı yerinə Fikrət Əmirovun “Kürd ovşarı”sını eşidib, bir ara, telefonda gözlədiyimi unutdum: əsrarəngiz melodiya fikrimi uzaqlara apardı...

Siyavuş Kərimi “Sarı gəlin”, “Sonuncu döyüş”, “Əlvida, cənub şəhərim”, “Girov” və digər çoxsaylı bədii, 2 animasiya, 9 seriyadan ibarət “Heydər Əliyev” televiziya filmlərinə, 10-dan artıq teatr tamaşasına musiqi bəstələyib. “Hamlet” əsərinin musiqisinə görə “Qızıl Dərviş” mükafatına (2003) layiq görülüb.

1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərində S.Kərimi estrada musiqisində özünü ilk dəfə bəstəkar kimi də sınayıb və elə ilk mahnıları, estrada pyesləri ilə professional estrada bəstəkarı olduğunu təsdiqləyib.

S.Kərimi 2001-ci ildən Azərbaycan Milli Konservatoriyasının rektorudur, sözügedən ali təhsil ocağının “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının professorudur.

Bu ilin noyabr ayında 60 yaşını tamamlayacaq müsahibimizlə müxtəlif mövzular – ailəsi, sənətə gəlişi, yaradıcılıq və tədris layihələri, rəhbərlik etdiyi ali təhsl ocağının fəaliyyəti barəsində  “Azərbaycanfilm” kinostudiyasında söhbətləşdik. Söhbətimizə də elə “Kürd ovşarı” ilə körpü atdıq. Yubilyar ilk cümləsindən milli musiqiyə, xüsusən də Fikrət Əmirov yaradıcılığına olan heyranlığını ifadə etdi. Evində də həmişə Fikrət Əmirovun musiqisinin səsləndiyini, onun yaradıcılığının insanın daxili mədəni səviyyəsini yüksəltdiyini bildirdi: “Mənə zəng olunan zaman, əgər məşğulamsa, telefonu dərhal götürə bilmirəmsə, zəng edənin bu musiqini dinləyərək gözəl anlar yaşamasını istəyirəm...”

Musiqiçi olmağımın əsas səbəbkarı atamdır

– Atam Əşrəf neftçi idi, musiqini çox sevirdi. Babamın da musiqiyə həvəsi vardı. Onlar İranda yaşayıblar. Atam Quranı çox yaxşı oxuyurdu, sinəzən idi. Gözəl səs olduğuna görə məhərrəmlik vaxtı hər bir mahal, kənd çox istəyirmiş ki, atam orada oxusun. O zaman onlara bunun üçün çox pul verirmişlər. Söhbət 1928-30-cu illərdən gedir. Atam demokrat olduğu üçün sonra Bakıya gəlib. Gəncədə anamla tanış olub. Mən Bakıda dünyaya gəlmişəm. Atam neft sənayesində təhlükəsizlik işlərinin aparılması üzrə çox nüfuzlu, tanınmış mütəxəssis olub. Vaxtilə onu tanıyanlar bu günə qədər mənə zəng edirlər, ondan razılıqlarını bildirirlər. 

Musiqiçi olmağımın əsas səbəbkarı atamdır. Hardasa, 1960-61-ci illər idi. Nə bilirdim tar nədi, kamança nədi? Atam yəqin duymuşdu ki, bəlkə də musiqi istedadım var. Əlimdən tutub məni musiqi məktəbinə imtahan verməyə apardı. Qabliyyətimi yoxladılar və dedilər ki, bu uşaq qəbul ola bilər. Məni tar sinfinə götürdülər. O vaxt gördüyüm və həsəd apardığım musiqiçilərin əksəriyyəti ilə indi birgə çalışırıq. Atam məni məcbur eləyirdi ki, çaldığını oxu. Özü oxuyanda onu müşayiət eləməyimi istəyirdi. Muğam dinləyəndə, atamın söylədiyi tanış qəzəlləri eşidəndə o zamana qayıdıram, kövrəlirəm.

O vaxt Bülbül adına orta ixtisas musiqi məktəbi vardı, indiki Bakı Musiqi Akademiyasının binasında yerləşirdi. Onda oranın direktoru Nazim Əliverdibəyov idi. Atam məni onun yanına apardı, direktor mənə qulaq asdı və məktəbə qəbul etdi. Əlbəttə ki, o zaman həmin məktəbə düşmək müşkül məsələ idi. Adi bir neftçinin oğlunun Bülbül adına məktəbə düşməyi özlüyündə nəsə deməkdir, yəqin məndə nəsə var imiş (gülür). 

Həmin məktəbdə mən o vaxt televiziyada gördüyüm çox tanınmış sənətkarlarla rastlaşdım. İlk dərs günü uşaqlara qoşulub sinfə getdim, orada müəllim mənə dedi ki, mənim tələbəm deyilsən, sənin müəllimin respublikanın əməkdar artisti Əhsən Dadaşovdur. Bunu eşidəndə  o qədər sevindim ki... Bu, mənim üçün böyük xoşbəxtlik idi. Təbii ki, müəllimdən çox şey asılıdır. Müəllim musiqiyə sevgini artıra da bilər, tələbəni musiqidən uzaqlaşdıra da bilər.

Əhsən Dadaşov mənə musiqini daha da sevdirdi

Onun sənətinin qüdrəti ilə şəxsi keyfiyyətləri bir-birini tamamlayırdı. Dərs zamanı biz nəyisə çala bilməyəndə götürüb özü çalırdı, həm də elə gözəl çalırdı ki, istəyirdin ki, saatlarla ona qulaq asasan... Bizimlə çox söhbət edirdi, musiqini, muğamı elə öyrədirdi ki, biz bundan yorulmurduq, əksinə zövq alırdıq. Əhsən müəllim evə gedəndə onunla birgə yol getməyi xoşlayırdıq, çünki hamı onunla salamlaşırdı, hamı onu tanıyırdı, sevirdi. Bizim üçün onunla yol getmək iftixar idi. Düşünürəm ki, şəxsiyyət amili mühüm cəhətdi. Onun sənəti ilə yanaşı, şəxsiyyəti də tələbələrin musiqiyə daha çox bağlanmasına səbəb olurdu. 

İlk musiqi əsərlərimi məktəb vaxtında yazmışam. Amma onları üzə çıxarmağa utanırdım. Bəlkə də düşünürdüm ki, kiminsə xoşuna gəlməyə bilər. Bu, özünə inamsızlıq deyildi, sadəcə, ehtiyat hissi vardı, fikirləşirdim, bəyənməzlər, mən də birdəfəlik sınaram, uzaqlaşaram musiqidən... Bəzi adamlar var ki, şeir yazırlar, amma başqalarına oxumağa utanırlar. İndi onları başa düşürəm. Sonra prelüdlər yazmağa başladım. Bəstəkar dostlarım çoxdu. Tələbəykən məndən yuxarı kurslarda, Qara Qarayevin sinfində oxuyan dostlarımın yanına gedirdim, onlarla birgə çalışırdım.  Yazdıqlarımı müəllimlərə göstərmirdim, amma tələbə yoldaşlarımla müzakirələr edirdik, məsləhətləşirdik. Öz üzərimdə çox işləyirdim. Əlbəttə, ilk dəfələrdə alınmaya bilərdi, amma mən alınana qədər israrla çalışırdım.

1979-1980-ci illərdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solist kimi işlədim. Teatrın konsertlərində, qastrol səfərlərində çıxış etdim. Orada az müddət çalışsam da, korifey sənətkarımız Rəşid Behbudovun rəhbərlik etdiyi kollektivdə təmsil olunmaq mənim sənət yolumda müsbət rol oynadı. Bu, işbirliyi mənim ifaçılıq təcrübəmi artırdı, gələcək uğurlarıma zəmin oldu.

Sənət həyatımın sonrakı mərhələsində 1980-ci illərdə Azərbaycan estradasında özünəməxsus  yer tutmuş “Aşıqlar” vokal-instrumental ansamblını qeyd etmək istərdim. Solist və bədii rəhbər kimi fəaliyyət göstərdiyi bu ansambl o illərdə çox populyar idi, demək olar, hər il qastrol turnesinə çıxırdıq. Bu ansambl təkcə ölkədə yox, bütün SSRİ məkanında tanınırdı. Ən maraqlı cəhət budur ki, “Aşıqlar” müstəqil kollektiv idi və SSRİ-nin respublikalarında, böyük şəhərlərində Azərbaycan musiqisinin təbliğatı üçün əlimizdən gələni edirdik. Repertuarımızda caz, pop üslublu nümunələrə tar, ud və ya elektron alətlərin ifasında muğam elementlərinin-parçalarının daxil olduğu caz və muğam tipli improvizələr də geniş yer alırdı.

1989-92-ci illərdə Azərbaycan dövlət tele-radiosunun estrada orkestrində bədii rəhbər kimi çalışmışam.

Həyatımın sonrakı mərhələsində ən parlaq səhifələrdən biri də görkəmli sənətkarımız Rafiq Babayevin rəhbərlik etdiyi “Cəngi” estrada- folklor qrupuna gəlişim olub.

Sənət həyatımda Rafiq Babayevin əvəzsiz rolu var

Əgər məni musiqiyə bağlayan ilk insan atam, musiqinin incəliklərini öyrədən, sevdirən Əhsən Dadaşov olubsa, yolgöstərənim, dəstək verənim, el diliylə desək, əlimi çörəyə yetirənim  Rafiq Babayev olub. “Cəngi”də birgə çalışdıq, onun faciəli ölümündən sonra qrupa bədii rəhbərliyi mənə həvalə etdilər.

Film musiqisi yaradıcılığı da həyatımda önəmli yer tutur. Düşünürəm ki, Azərbaycanın musiqi aləmində yaddaqalan ən gözəl mahnılar filmlərə yazılmış musiqilərdir. Filmlər üçün yazdığım bütün musiqilərim mənə doğmadır. Barmağın hansını kəssən qan çıxır. Əsərlər də övlad kimidir, onları fərqləndirmək olmur. Bunlar insanın içindən qopub gələn, hər biri hansısa əhval-ruhiyyənin məhsuludur.

Ümumiyyətlə, film çəkilişləri prosesi də, “Azərbaycanfilm” kinostudiyası da mənə olduqca doğmadır. Anam kinostudiyada işləyirdi. Boş vaxtlarımda həmişə anamın yanındaydım. Demək olar ki, kinostudiyada korifeylərin arasında böyümüşəm. Kinostudiyada dahi insanların – Ədil İsgəndərov, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli kimi klassikaya çevrilmiş görkəmli sənətkarların yanında idim. O zaman kinostudiya da indiki kimi deyildi, qaynayırdı. Çoxlu filmlər çəkilirdi, biz hərdən özümüz uşaqkən o filmlərin bəzilərində iştirak edirdik. Sonralar bədii filmdə baş rola da çəkilmişəm. Kinoda işləmək mənə həmişə xoş olub. Sonralar da filmlərdə bəstəkar kimi işləməyə başladım. Bu həm də qonorar üçün vacib idi. Ona görə də mən mahnılardan daha çox, film musiqiləri üçün çalışıram. Çünki mahnılardan qonorar olmur, film musiqilərindən isə olur (gülür).

Allahın mənə lütfüdür ki, mədəniyyətlərin qovşağında böyümüşəm

Həm atam musiqisevər olub, həm də anam Nizami Muzeyində, kinostudiyada çalışıb. Hələ uşaqlıqdan Nizami muzeyinin az qala hər qarışını əzbər bilirdim, kiçik yaşlarımdan “Xəmsə”ni əzbərləmişdim. Düşünürəm ki, yaxşı təhsillə yanaşı həyat məktəbi də vacibdir. İndi paralellər aparanda görürəm ki, bəlkə də bizə təsadüf kimi görünənlər əslində zərurət, qanunauyğunluq imiş...

Musiqi və tədrislə bağlı xeyli layihəm var. Müxtəlif illərdə İlqar Muradov, Azər Zeynalov, Nazpəri Dostəliyeva və digər müğənnilərlə işbirliyimiz olub, CD-lər buraxmışıq. Mahnılarım bu gün də dinlənilir, sevilir.

1995-ci  ildə Norveç və Azərbaycan vokalistləri ortaq bir layihəyə imza atdılar. Həmin layihəyə mən də musiqiçi, aranjemançı kimi dəvət olunmuşdum. Bu, Avropada çox populyar bir projeyə çevrildi. Türkiyədə xüsusilə sevildi. Ancaq müəyyən səbəblərə görə Azərbaycanda öz populyarlıq həcmini tuta bilmədi. Yalnız məhdud musiqi dairələrinə məlum oldu. 

Cənubi Amerika və Azərbaycan musiqiçiləri ilə birgə müştərək “Salam hola” beynəlxalq layihəsini də uğurla həyata keçirmişik. 

Bu yaxınlarda isə Türkiyənin cənubunda-Suriya sərhədində yaşayan süryani xalqının milli musiqisi ilə bağlı Norveçlə birgə həyata keçirilən beynəlxalq musiqi layihəsinə dəvət olunmuşam.

Sözügedən  layihənin əsası 2013-cü ildə qoyulub. Keçən ilin noyabrında layihənin Norveçdə təqdimat mərasimi olub və CD-lər buraxılıb. Bu da xor musiqisini özündə ehtiva edən maraqlı bir layihədir.

Hazırda yeni yaradıcılıq işləri üzərində çalışıram, bugünlərdə təzə bir bədii filmin ssenarisini gətirəcəklər, oxuyub musiqi yazmağı düşünürəm. Bundan başqa evdə operetta partiturasını yazıram (gülür).

Həyatımdakı ən böyük layihələrdən biri də Milli Konservatoriyanın yaradılması və fəaliyyətidir.  2000-ci ildə prezident Heydər Əliyev Milli Konservatoriyanın yaradılması haqqında xüsusi fərman verdi. 2001-ci ildə bu dahi şəxsiyyət məni çağırıb söhbət elədi, sonra da Konservatoriyaya rektor təyin etdi. Cavan yaşımda mənə göstərilən etimad, mənim üçün böyük qürur idi. Ən vacibi odur ki, insan ona etimad göstəriləndə, yüksək təyinat veriləndə çaşmamalıdır. Mənim üçün bir misal həmişə örnəkdir: olduğun kimi görün, göründüyün kimi ol.

Konservatoriya Azərbaycan milli musiqisinin təbliği, araşdırılması, təbliği, tədrisi, ümumiyyətlə, milli musiqinin inkişafı məqsədilə yaradılan bir ali məktəbdir. Əvvəllər bu qurum Bakı Musiqi Akademiyasının tərkibində xalq çalğı alətləri üzrə kafedra şəklində fəaliyyət göstərib. Heydər Əliyev milli musiqimizi daha da inkişaf etdirmək, dünyaya inteqrasiyasını təmin etmək üçün Konservatoriyanın yaradılmasını zəruri hesab edib.

Azərbaycan Milli Konservatoriyasını sıfırdan yaratdıq. Çətinliklərimiz də oldu, maneə yaradanlar da. Ancaq buna nail olduq.

Qısa zaman ərzində Milli Konservatoriya populyar ali təhsil ocağına çevrilib

O cür gözəl, böyük bina ərsəyə gətirilib, ölkə rəhbəri gəlib, bizimlə oturub çay içib, söhbət eləyib. Bilirsinizmi, bu, bizim üçün nə qədər böyük bir qürurdu? Hazırda bu layihənin ən çətin mərhələsindəyik. İndi Konservatoriyanı Azərbaycanın hüdudlarından kənarda məşhurlaşdırmaq prosesinə start vermişik. Bunun hansı müddətə baş tutacağını, nə qədər çəkəcəyini bilmirik. Amma bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik...

Fəaliyyət göstərdiyi zaman ərzində Konservatoriyanın həm xarici, həm yerli tələbələri peşəkar musiqiçi kimi yetişdirməsində böyük xidmətləri var. Düşünürəm ki, bundan sonra da bu proses ardıcıl şəkildə davam edəcək. Biz bunu gələcək nəsillər üçün yaratmışıq. İnanıram ki, hələ 500 il bundan sonra da Milli Konservatoriya yaşayacaq və, bu konservatoriyanın böyük gələcəyi var. Bunun üçün potensial var. Fikrimcə, bu potensialdan indi lazımınca istifadə olunur və gələcəkdə də olunacaq.

Azərbaycan Milli Konservatoriyasında beynəlxalq musiqi layihələrinin yaranması və həyata keçirilməsi üçün çox münbit  şərait var. Düşünürəm ki, həmin layihələrin sayı bir neçə dəfə arta bilər. Yaxın gələcək üçün belə layihələri həyata keçirməyi planlaşdırırıq.

Hamımız şahidik ki, ölkə rəhbərliyinin milli musiqiyə yönələn diqqət və qayğısı nəticəsində Azərbaycan milli musiqisi nə qədər inkişaf edib. Bu gün Azərbaycan mədəniyyətinin dünyada təmsil istiqamətlərinin demək olar ki, 99 faizində Milli Konservatoriyanın  müəllim və tələbə heyətinin nümayəndələri iştirak edirlər. Biz öz işimizi görməliyik, vəzifələrimizin öhdəsindən gəlməliyik və irəli aparmalıyıq. Ölkə prezidenti bizə etimad göstərirsə, nəyin bahasına olur olsun, bu işi irəli aparmalı, dövlət qarşısında öz hesabatımızı verməliyik. 13 il ərzində Milli Konservatoriya möhtəşəm sənət və tədris ocağına çevrilib, çox böyük hörmətə sahib olub. Bu, az iş deyil. İnanıram ki, Milli Konservatoriya dünyada Azərbaycanın çox tanınmış bayraqdar ali təhsil müəssisəsinə çevriləcək.

Bəxtim gətirib ki, məmurluğum da mədəniyyətlə bağlıdır

Məmurluğa yaradıcı münasibət bəsləsən, elə o da yaradıcılığa çevrilər. Mən tələbələrimin hamısını sevirəm. Onların da mənə bəslədikləri yaxşı münasibəti hiss edirəm, görürəm. Rektor olaraq tələbələrin daha yaxşı şəraitdə təhsil alması üçün əlimdən gələni edirəm. Düşünürəm ki, bütün bunlar təhsilin keyfiyyətinə müsbət təsir göstərməlidir. Məmur olsam da, mən daha çox musiqiçiyəm və musiqidən aralı dura bilmərəm. Nə qədər yorulsam da, yatmazdan əvvəl heç olmasa, 10 dəqiqə nəsə çalmalıyam ki, rahatlanım, içimi boşaldım. İnsanlara deyə bilmədiyim sözü musiqi alətlərinə etibar edirəm. Evimdə alət çoxdu. Saz da, tar da, ud da, fortepiano da...İndi daha çox fortepiano ilə, həm də qulaqcıqlarla işləyirəm ki, evdəkilərə  narahatçılıq yaratmayım. Mən hər cür musiqini dinləyirəm. Mənim üçün musiqinin bütün istiqamətləri vacibdir. Həm muğam, həm caz, həm rok, ümumiyyətlə, xoşuma gələn musiqilərə qulaq asıram. Musiqinin bütün janrlarında sevdiyim nələrsə var. Hesab edirəm ki, musiqinin canı onun melodiyasıdır.

Melodiya insanı həyəcanlandırmırsa, deməli, sadəcə not yığımıdır

Neçə il əvvəl İngiltərədə buraxılan bir ensiklopediyada öz adımı Vaqif Mustafazadə, Rafiq Babayev kimi sənətkarların sırasında  görəndə çox sevinmişdim. Bu, mənim üçün böyük şərəf idi. O vaxtlar Azərbaycanda caz və rok musiqisi geniş yayılmışdı.

Cazı indi də çox dinləyirəm. Ümumiyyətlə, mənim musiqiçi kim formalaşmağımda cazın böyük rolu olub.

Muğam isə bizim ruhumuzun musiqisidir. Bir dəfə bir  italyan jurnalisti məndən müsahibə alırdı. Soruşdu ki, ümumiyyətlə, muğam nə deməkdi? Cavab verdim ki, insanın ruhu nədirsə, muğam da odur. Muğamla, oxunan qəzəllə ruh dünyasına düşürsən və orada səyahət edirsən, baxırsan, gəzirsən... Düzdür, əcnəbilər sözləri başa düşmür, mənə elə gəlir ki, xaricilər üçün daha çox instrumental muğam maraqlı ola bilər, nəinki xanəndə muğamı. Qəzəllər hərfi tərcümə olunsa belə, lazımi effekti verməz. Muğamı xaricilərə çatdırmağın, sevdirməyin gözəl istiqamətlərindən biri də caz-muğam sintezidir. Məntiq etibarilə muğam və caz eynidir. Hər ikisində improvizasiya, hər ikisində mətn, hər ikisində qanunvericilik var.

Rok isə  bütün dünyada ən böyük həyəcana səbəb olan musiqi janrıdır. O, stadionlarla dinləyici yığır. Rokda dəliqanlılıq, coşqu, ehtiras daha çoxdur. Rok daha çox ehtiras musiqisidir. Ancaq mən çox səs- küylü, aqressiv roka qulaq asmıram. Səhnədə alətlərin sındırılması, yandırılması xoşuma gəlmir, bunu aqressiya, vəhşilik hesab edirəm. Gözəl rok nümunələrini isə sevirəm. Bugünə qədər dinlədiyim sevimli rok qrupları var.

Ailəmə çox bağlı adamam

Üç övladım var. Böyüyü ilə kiçiklərinin yaş fərqi çoxdur, böyüyünün 33 yaşı var, kiçik oğlanlarımın birinin 6, o birisinin hələ 3 yaşı tamam olmayıb. Hamı öz övladlarını sevir. Mən isə övladlarımı dəlicəsinə sevirəm. Hətta mənim sevgim anormallıq sayıla bilər. Balacalar mənsiz yatmaq, yemək istəmirlər. Uşaqlarsız bir günüm olmasın, onlar məni gənc saxlayan ən böyük qüvvədir. Böyük oğlum Emin Kərimi sənətimin davamçısıdır, bəlkə ata kimi bunu deməyim düz olmazdı, amma deyilənə görə, o, Bakıda çox populyar bir musiqiçidir. 

Hiss edirəm ki, deyəsən kiçiklərdə də musiqi istedadı var. Ritmləri var, yaxşı rəqs edirlər. Müasir zamanda belə uşaqlara “indiqo” deyirlər. Görürəm ki, bunlar həqiqətən indiqodurlar. İşim çox olsa da həmişə onlara vaxt ayırmağa çalışıram. Bu yay düz bir ay ailəmlə birgə Türkiyədə istirahət etdik. Bir ay səhərdən axşamacan dəniz, hovuz, əyləncə... Uşaqlar çox sevinirdilər, onlar üçün əsl bayram idi. Çox yaxşı dincəldik. Ortancıl oğlum bu il birinci sinfə gedəcək. Övladlarım yaşamağı stimullaşdırır. Həmişə deyirlər ki, nəvə şirindi. Mən indi başa düşürəm ki, nəvə deyəndə biz öz yaşımız zirvəsindən kiçikyaşlı uşaqlara olan münasibətimizi nəzərdə tuturuq. Əslində uşaq uşaqdır, istər övlad olsun, istər nəvə. Sadəcə, biz 27-28 yaşında uşağa başqa cür yanaşırıq, 50-60 yaşında isə başqa cür. Mənə elə gəlir ki, bu, həyatın ən böyük fəlsəfəsidir.

Xoşbəxtliyin formulları hər kəs üçün fərqlidir. Mənim üçün xoşbəxtlik – problemləri həll edə bilməkdir. Xoşbəxtəm ki, Allah mənə müstəqil ölkə, sənətsevər valideynlər, ustad müəllimlər, yaxşı dostlar və belə gözəl ailə nəsib edib.  İstəməyənlərim də var. Allah onlara da cansağlığı versin.

Mən məscidə getmirəm, namaz qılmıram. Amma ürəyimdə öz məscidim, ibadətgahım var. Allaha inanıram və onun mənə bəxş etdiyi bu taledən razıyam.

"525-ci qəzet"