Azərbaycan gözəli ətrafında qalmaqala aydınlıq gətirildi

Azərbaycan gözəli ətrafında qalmaqala aydınlıq gətirildi
2824 dəfə oxunub
  • A-
  • A
  • A+

“Miss Globe İnternational” gözəllik yarışması haqqında söz-söhbət səngimək bilmir. Belə ki, yarışmada Azərbaycanı təmsil etməli olan Banu Şucai bu hüquqdan məhrum edilib.

Məsələ ilə bağlı “Miss Globe İnternational” gözəllik müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı, “Z Company” şirkətinin rəhbəri  Zamiq Yunisov Hafta.az-a açıqlama verib.

“Şirkətimiz yarışmanı keçirmək hüququnu  bir aydır alıb. Bizdən əvvəl  bu hüquq “Merac Production”a məxsus olub. Onlar yarışmanı keçirib və finalda qalib kimi Banu Şucaini seçiblər. Qanunla finalçının hüquqları da “Merac Production”a məxsusdur. Bizim şirkətin Banu üzərində heç bir hüququ olmadığı üçün biz onu finalçı kimi təqdim edə bilmərik. Əgər biz bunu etmiş olsaq sabah qanunla hər hansı bir məsuliyyət daşıyıb cərimə ödəməli olarıq.

“Z Company” olaraq bizim finalçı seçmək hüququmuz var. Banu ilə heç bir problemimiz yoxdur. Mən özüm Banuya bildirdim ki, “Merac Production”dan sənəd gətirsinlər ki, bizdən onlar heç bir öhdəlik tələb etməyəcəklər. Bu zaman onu yenidən finalçı olaraq bərpa edək. Təəssüflər olsun ki, deyilən vaxt ərzində bunu etmədilər”.

Zamiq Yunisov yeni namizəd haqqında da danışıb:

“Biz artıq yeni namizədi seçmişik. Bu haqda daha ətraflı yaxın günlərdə keçiriləcək mətbuat konfransında məlumat veriləcək. Konfransda hansı ölkəni kimin təmsil edəcəyi də açıqlanacaq”.

Qeyd edək ki, Banu Şucai sosial şəbəkədə yarışmadan uzaqlaşdırılmasına belə münasibət bildirmişdi:

“Mən “Miss Global Azərbaycan" adına 25.05.2014-cü il  tarixində layiq görülmüşəm və "Miss Global International" gözəllik müsabiqəsinin sahibi olan Rasim Aydın tərəfindən sertifikatla təltif olunmuşam. Bu sertifikat "Miss Global Azərbaycan" titulunun tək sahibinin, mən Banu Şücai  olduğumun ən əsas sübutudur”