Tunay rejissorlara səsləndi - "Məni fahişə roluna çəkin"

Tunay rejissorlara səsləndi - "Məni fahişə roluna çəkin"
6561 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa-teleaparıcı Tunay Əliyeva Milli.Az-a müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir.

-​ Tunay xanım, bir xeyli müddət efirlərdə görünmədiniz. Bu nə ilə əlaqədar idi?

-​ Atam dünyasını dəyişdi, ona görə də bir müddət efirlərdən uzaq qaldım. Uzun zaman depressiyada oldum. Başqa elə də bir səbəb yox idi.

-​ Çılğın və emosional bir insan olduğunuzu nəzərə alsaq, ümumiyyətlə, tez-tez depressiyaya düşdüyünüzü demək olar?

-​ Bəli, belə halları mütəmadi olaraq keçirirəm. Özü də mən depressiyanın lap ağır formasını yaşayıram. İndinin özündə də depressiyadayam.

-​ Özünüzü haçansa öldürmək istəmisiniz?

-​ Olub. Mən orta məktəbi bitirəndə sənədlərimi ali məktəbə həkimlik üzrə vermişdim. Lakin qəbul ola bilmədim. Bax onda iki dəfə intihara cəhd etmişəm. Müxtəlif həblər qəbul etmişdim ki, ölüm, lakin çətinliklə olsa da, sağ qaldım.

-​ Növbəti il də sənədlərinizi həkimlik üzrə verdiniz?

-​ Xeyr, hüquq fakültəsini seçdim. Oranı da bitirdim. İxtisasca hüquqşünasam.

-​ İxtisasca hüquqşünas olsanız da, hal-hazırda ayrı-ayrı üç sahəni özünüzdə birləşdirmisiniz - modellik, teleaparıcılıq və aktrisalıq. Özünüzü bu sahələrdən daha çox hansında tapmısınız?

-​ Hər şey modellikdən başladı. Bir müddət model kimi fəaliyyət göstərdim. Günlərin bir günü diş həkimimlə söhbət zamanı ona mahnı bəstələdiyimi dedim. O da məni “Yeni ulduz” mahnı müsabiqəsinin iştirakçılarından olan Nicatla tanış etdi. Dedi ki, mahnılarını ona göstər, bəyənsə, oxusun. Məmnuniyyətlə, qəbul etdim. Bir neçə gündən sonra, Nicatdan mənə zəng gəldi. ANS-də yayımlanan bir rəqs yarışmasının aparıclığını təklif etdi. Sözün düzü, nə deyəcəyimi bilmədim. Həyəcanlı idim. Bircə onu soruşdum ki, niyə axı məhz mən?! Dedi ki, sizin kimi komplekssiz bir xanımda veriliş aparıcılğı əla alınar.

-​ Dediyi kimi oldu?

-​ Elə də oldu. Həmin verilişdən sonra ANS-in rəhbərliyindən təklif aldım. Sözügedən telekanalla bir neçə müddət əməkdaşlıq etdim. Daha sonra Lider və Space telekanalında çalışdım. Hal-hazırda isə ATV- də yayımlanan qiraət yarışmasının aparıcılığını edirəm... O ki qaldı özümü hansı sahədə tapmağıma, düşünürəm ki, bu sahə məhz aktrisalıq oldu. Modellik, teleaparıcılıq, bəlkə də, kriteriyaların, bacarığın və s. işləmək üçün imkan verdiyi sahələrdir. Bəlkə də, bir məşğuliyyətdir. Amma çəkildiyim ilk film olan “Əzizim Fellini”dən sonra anladım ki, mən məhz aktrisa olmalı imişəm. Bu sahə mənə o qədər doğma, o qədər əziz gəldi ki, sanki, illərdir onu axtarırmışam deyə düşündüm.

-​ Aktrisalıq sizə bu qədər yaxındır, teatrda işləmək fikrinizdən keçməyib?

-​ Sözün düzü, indiyə qədər bu haqda fikirləşməmişəm

-​ İndi modellikdən bir qədər uzaqlaşmısınız, deyəsən. Səbəb nədir? Bədən ölçüləriniz imkan vermir, yoxsa?

-​ Mən həmişə formada olmuşam. Bədən ölçülərim tam normaldır, hər şeydən razıyam. Bu gün də modellik edə bilərəm. Sadəcə olaraq, bir qədər dəyişiklik olsun istəyirəm.

-​ Öz aramızdır, modelliklə məşğul olduğunuz vaxtlarda kifayət qədər cəsarətli pozlarla fotokamera qarşısına keçmişdiniz. Bu inamı, bu cəsarəti sizdə yaradan nə idi?

-​ O dönəmlərdə heç kimin elə açıq geyimdə fotosessiyası olmamışdı, demək olar. Ona görə də mən qabağa düşdüm və nələrə qadir olduğumu sübut etdim.

-​ Bəs rejissorlara xitabən hansı rolda çəkilməyinizi demək istəyirsiniz?

-​ Demək istəyirəm ki, məni fahişə roluna çəkin. Bir də narkoman roluna çəkilmək istəyirəm.

-​ Dediniz ki, özünüz də şeir yazıb, mahnılar bəstələyirsiniz. Bəs onları niyə üzə çıxartmırsınız?

-​ Nə bilim, bəlkə də, gizli duyğular olduğuna görə (gülür).

-​ Ən çox nə barədə yazırsınız?

-​ Müxtəlif səpkidə yazıram. Ən çox isə sevgi barədə olur.

-​ Sevirsiniz?

-​ Bəli, valideynlərimi, insanları, təbiəti və s. sevirəm.

-​ Şəxsi həyatınızda heç kim yoxdur?

-​ Xeyr, hələ şəxsi həyatıma daxil edəcək qədər bir insanla rastlaşmamışam.

-​ Bir ara mətbuatda sizin ailəli olduğunuzu və sizin ona xəyanət etdiyinizi öz dilinizdən yazmışdılar. Deməli, doğru informasiya deyilmiş...

-​ Bəli, düzgün məlumat yaymayıblar. Mən heç vaxt ailəli olmamışam.

-​ Bəs son zamanlar mətbuatda sizin “həbs”inizlə bağlı yayılan xəbərlərə münasibətiniz necədir?

-​ Belə bir hadisə bir neçə il bundan əvvəl olub. Məsələ də həll olunub, bitib. İndi onu yenidən gündəmə gətirənləri heç cür anlaya bilmirəm.

-​ “Saçı uzun Suray xanım yox, Tunay xanım...” desək, misranın sonu necə tamamlanmalıdır?

-​ (Gülür). Yəqin ki, ürəyiyumuşaq...

-​ Bir az da nazlı-duzlu adlandırmaq olar? Çünki çox şirin danışığınız var. Bunu efir xatirinə edirsiniz, yoxsa içinizdən gəlir?

-​ Mənim danışığım uşaqlıqdan belə olub. İnanın, heç nəyi qəsdən etmirəm. Hər şey təbiidir.

-​ Pul xərcləməklə aranız necədir? Ən çox nəyə pul xərclədiyinizi deyil, məhz nəyə pul verməyə əlinizin gəlmədiyini bilmək maraqlı olar...

-​ Bahalı geyimlərə pul vermirəm heç vaxt. Düşünürəm ki, bir köynəyə, yaxud da bir ətəyə “bir ətək” pul verməkdənsə, onu ehtiyacı olan hansısa bir insana vermək daha yaxşıdır. Bir sözlə, belə şeyləri vicdanım qəbul etmir. Bahalı geyimlər içində daxilən rahat olmaram.

-​ “Olanlarla” “olacaqları” bir-birinə qarışdırırsınız?

-​ Qətiyyən, qarışdırmıram. Çünki mənim üçün olanlar olub keçib artıq. Həyatda itirdiklərimin arxasınca baxmıram heç vaxt.

-​ Çox şey itirmisiniz ki?

-​ Bəli, itirdiyim şeylər olub.

-​ Məsələn, nə?

-​ Məsələn, uşaqlığım... (gözləri yaşarır).