Rəşad Məcidə sənətçilərdən yubiley təbrikləri - 50 il

Rəşad Məcidə sənətçilərdən yubiley təbrikləri - 50 il
4834 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Rəşad Məcidin 50 yaşı tamam olur. Axşam.az xəbər verir ki, yubileyi münasibəti ilə onu Azərbaycanın nüfuzlu ictimai-siyasi xadimləri, söz adamları, jurnalistlər təbrik ediblər. R.Məcidi təbrik edənlər arasında sənət aləminin tanınmış simaları da yer alıb. Onlar yubilyara xoş sözlərini çatdırıb, birgə əməkdaşlıqlarından söz açıblar.

Bəstəkar, şairə Xanım İsmayılqızı:

Rəşad Məcid mənim üçün çox əzizdir. Onu 50 illik yubileyi münasibətilə təbrik edirəm. Yaşının üstünə gələn hər il onun üçün unudulmaz, xoşbəxtliklərlə dolu olsun.



Əməkdar artist Tünzalə Ağayeva:

Rəşad Məcid çox gözəl ziyalı, səmimi dostdur. Onun üzündən təbəssüm heç vaxt əskik olmur. Gözləri hər zaman parıldayır. Qəlbinin gözəlliyi üzünə, gözlərinə vurub. Rəşad Məcid bir çox jurnalistə dayaq olub. Gözəl yazıçı, istedadlı jurnalist və şairdir. Ona can sağlığı arzu edirəm. Mənə bir neçə kitab hədiyyə edib. Həmin kitabların yaradıcılığımda böyük köməyi olub. Tez-tez kitablardan yararlanıram. Özünün müəllifi olduğu “On sentyabr” adlı şeirlər, əsərlər toplusunu da mənə təqdim etmişdi. "Get" adlanan şeirinə musiqi bəstələmişəm. Mahnı hazırda Türkiyədə yazılır. Sözügedən bəstəni 2015-ci ilin ilk günlərində təqdim edəcəyəm. Bu, Rəşad Məcidlə sonuncu işbirliyimiz olmayacaq. Mən hər zaman ona bu cür dəyərli qalmağı, ailəsinin başında olmağı arzulayıram. Rəşad Məcid həm insan, həm də dost kimi əvəzolunmazdır.

Müğənni Xumar Qədimova:

Rəşad Məcid daxili və xarici bir-birini tamamlayan insan, gözəl dostdur. Şairlər, yazıçılar var ki, əsərlərini oxuyursan, bəyənirsən,  amma özü əsərlərinin əksi olur. Rəşad Məcid isə şəxsiyyəti ilə qələmi, yazısı bir olan insandır. Üzündəki nur yazılarında da əks olunur. O, gözəl sözləri ilə həyatı sevdalı dünyaya çevirir. Yeni yaşı uğurlu olsun. Biz beş ilə yaxındır ki, tanışıq. Rəşad müəllimin iki şeirinə mahnı bəstələmişəm, özüm də səsləndirmişəm. Çox gözəl nəğmələrdir. Hazırda aranjiman olunur. Birgə işbirliyimizin uğurlu alınacağına əminəm. İlk mahnıya sentyabrda təqdimat edəcəyik.


Müğənni Ayan Babakişiyeva:

Rəşad Məcid özü bilir ki, mən onu nə qədər çox istəyirəm. Bizi şair-müğənni münasibətindən savayı dostluq telləri bağlayır. Düzdür, aramızda yaş fərqi çoxdur. Amma mən hər zaman özümdən böyüklərlə dostluq etmişəm. Onun kimi insanla ünsiyyətdə olmaq gözəldir. Hər zaman məsləhətlərini alıram. Rəşad Məcid insanın pis-yaxşı günündə yanında olan biridir. Onun şeirinə Xanım İsmayılqızının bəstələdiyi “Məni anla” mahnısını səsləndirmişəm. Klipi təqdim edəndə çox təəccüblənmişdi. Rəşad müəllim məndən romantik bir ekran işi gözləyirdi. Görəndə dedi ki, “bu nədir?”(gülür) Yeni bir işbirliyimiz də olacaq. Onun sözlərinə yenə Xanım İsmayılqızının bəstələdiyi “İnanım, inanmayım” mahnısını oxuyacam.



Zəhra ƏHMƏDOVA