Azərbaycanlı xanım jurnalist rus mediasında

Azərbaycanlı xanım jurnalist rus mediasında
4949 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada yaşayan tanınmış azərbaycanlı jurnalist Ülkər Mehdiyeva “Look.tm” moda portalına müsahibə verib.
 
Rusiya Jurnalistlər Birliyinin və Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, “Novosti-Azerbaydjan” informasiya agentliyinin xüsusi müxbiri, postsovet məkanında ictimai-siyasi prosesləri öyrənən Analitik İnformasiya Mərkəzinin eksperti olan Ü.Mehdiyeva yaradıcılığı ilə yanaşı, jurnalistin dəblə bağlı suallarını da cavablandırıb.

 Axşam.az müsahibəni ixtisarla təqdim edir:

- Fotosessiyanız üçün minimalizm üslubu seçilib. Bu stil real həyatda sizə nə dərəcədə yaxındır?

 - Mən “Nə qədər sadə olsa, bir o qədər yaxşıdır” prinsipini üstün tuturam. Sadə geyim, adi makiyaj və saç düzümü xoşuma gəlir. Saçlarımı, adətən toplamıram. Aksessuarlardan qolbağılara üstünlük verirəm. Çox nadir hallarda boyunbağından istifadə edirəm. Zərgərlik məmulatlarına o qədər də həvəsim yoxdur. Yalnız anamın hədiyyə etdiyi üzüyü taxıram. İnanıram ki, o mənə xoşbəxtlik gətirir. Heç vaxt onu barmağımdan çıxartmıram. Əşyalar qiymətinə görə yox, səninlə əlaqəsi olan xatirələrinə görə dəyərlidir. Ancaq onu da deyim ki, bir neçə il sonra başqa cür də fikirləşə bilərəm və zinət əşyalarına sevgim yarana bilər.

- Müsəlman mədəniyyətinin moda dünyasına təsiri hər il artır. Görünür, bu tendensiya hələ uzun müddət qalacaq. Bəs, bu üslub sizin stilinizə necə təsir edir?

- İslam mədəniyyətinin təkcə geyimlərimə yox, həyat tərzimə də təsiri var. Mən meqapolisdə yaşayan müsəlmanam. Ancaq din həyatımda birinci dərəcəlidir, baxmayaraq ki, avropasayağı geyinirəm, başımı örtmürəm. Bununla belə, islamın müəyyən qanunları var ki, mən onları heç vaxt pozmaram. Özümü hansısa çətin vəziyyətdə gücdən düşmüş hiss edəndə ilk növbədə məscidə gedirəm. Bu, mənə mənəvi tarazlığımı qorumaq üçün lazımdır. Orada özümü tamamilə sakit hiss edirəm. Ümumiyyətlə, mən müsəlman Şərqi ilə bağlı olan hər şeyi çox sevirəm: istər musiqi, rəqs olsun, istər geyim, bər-bəzək. İslam mədəniyyətinin mənə təsiri, hər şeydən əvvəl, özünü gündəlik makiyajımda göstərir. Kosmetikadan çox istifadə etməyi xoşlamasam da, hər zaman gözlərimi önə çıxarıram. Geyimlərimə gəlincə, qarderobumda donlarım, hündürdaban ayaqqıblarım üstünlük təşkil edir. Boyum balaca olduğu üçün dikdabanlara üstünlük verirəm. Dəvətlərə, kokteyllərə gedəndə bu cür geyinirəm. Əlbəttə, qarderobumda cinslər və kombinezonlar, rahat ayaqqbılar da var. Çünki işimlə əlaqədar, parka gəzməyə çıxarkən mütləq rahat geyinməyə üstünlük verirəm. Çantamda hər zaman ayna, dodaq boyası və ətirlərim olur.

- Azərbaycanda tez-tez olursunuz. Oradakı gənclərlə buradakıların geyim fərqi nədir?

- Azərbaycan qeyri-adi, tolerant ölkədir. Bakıda avropasayağı, mini geyinmiş qızlara kifayət qədər rast gələ bilərsiniz. Azərbaycanlılar xarici görünüşlərinə görə də fərqlidirlər. Bizim aramızda da qara saçlı, qara gözlü qızlarla yanaşı, açıq-xurmayı, mavi gözlü xamımlar da var. Fərqi yoxdur, kənddə, ya şəhərdə yaşayır, hər bir Azərbaycan qadını imkanı daxilində özünə qulluq etməyə çalışır. Qızlarımız bəzənməyi sevirlər, amma kosmetikadan qədərində istifadə edirlər. Ümumiyyətlə, mən hamıda sadəliyi sevirəm.
 
- Sizin üçün qadın gözəlliyi nə deməkdir?

- Mən əminəm ki, qadında ən gözəl şey yaxşılıq etmək bacarığıdır. Napoleon Bonapartın bu barədə dəqiq deyilmiş bir fikri var: “Gözəl qadının gözləri, xeyirxah qadının isə ürəyi xoşuma gəlir: biri möhtəşəm şey, digəri isə xəzinədir”.