Pikassonun qızı atasının əsərlərini hədiyyə verib

Pikassonun qızı atasının əsərlərini hədiyyə verib
1111 dəfə oxunub
  • A-
  • A
  • A+

“Le Monde” qəzeti yazır ki, rəssam Pablo Pikassonun böyük qızı Mayya Vidmayer-Pikasso (Maya Widmaier Picasso) atasının yaradıcılığına həsr olunmuş muzeyə onun bir neçə əsərini hədiyyə vermək qərarına gəlib.


Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Parisdəki Pikasso muzeyi rəssamın yaradıcılığının kubizm dövrünə aid bir əsəri, habelə onun karandaşla çəkdiyi etüdlərdən ibarət albomu hədiyyə alacaq.

Əsərlər muzeyə 2014-cü il oktyabrın 25-də - beş il davam etmiş yenidənqurmadan sonra muzeyin açılışı günü təqdim ediləcəkdir. M.Vidmayer-Pikassonun vəkilləri tərəfindən verilmiş məlumata görə, bu hədiyyə ilə o, “muzeyin açılışını mümkün etmiş Fransanın mədəniyyət və kommunikasiya naziri Oreli Filippettinin komandasını dəstəklədiyini ifadə etmək” istəyir.

Muzeyə hədiyyə veriləcək 1908-ci ilə aid rəsm kubizm üslubunda yaradılmış qadın portretidir. Arxa planda qadına tərəf əyilmiş Giyom Apolliner təsvir edilmişdir. Bu əsər artıq muzeyin kolleksiyasında olan diptixin bir hissəsidir. Bloknotda Pikassonun 1960-cı ildə çılpaq naturadan karandaşla çəkdiyi 38 etüd vardır.

Parisdəki Pikasso muzeyi 2009-cu ildə yenidənqurma üçün bağlanmışdı. Təmir beş il davam etmiş və açılış günü bir neçə dəfə təxirə salınmışdı ki, bu da rəssamın varisləri ilə Fransa hökuməti arasında münaqişəyə səbəb olmuşdu. Münaqişə sonda muzeyin rəhbərliyinin dəyişməsinə gətirib çıxardı.