Millət vəkillərindən "Planet Parni iz Baku"nun parodiyasına münasibət

Millət vəkillərindən "Planet Parni iz Baku"nun parodiyasına münasibət
3916 dəfə oxunub
  • A-
  • A
  • A+

“Şən və hazırcavablar klubu”nun (KVN) dəfələrlə müxtəlif peşə sahiblərini parodiya etdiyinin şahidi olmuşuq. Bu dəfə isə klubun aktyor heyəti həmişəki ənənəsinə sadiq qalaraq Azərbaycan siyasətçilərinə də üz tutub.

Parodiya olunanlar arasında Milli Məclisin deputatları, nazirlər var. Modern.az saytı parodiya olunan bəzi deputatlar arasında sorğu keçirib. Axşam.az həmin sorğunu təqdim edir:

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov siyasətçilərin parodiya edilməsini normal qarşıladığını deyib:
 
“Həmin videoya mən də baxdım. Orda qəbahət heç nə yoxdur. Siyasətçilərin parodiya edilməsinə normal baxıram. Məni də parodiya ediblər. “Şən və hazırcavablar” klubuna etiraz etmirəm. Bu, onların işidir”.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə də parodiya edilməsini qəbahət hesab etmir:
 
“Onların vəzifəsi güldürməkdir. Necə gülmək, necə güldürmək ssenarisini seçib özləri müəyyən edirlər. Bu parodiya olunanlardan birinin xoşuna gələ bilər, digərinin xoşuna gələ bilməz. Bu, onların işidir. Heç kimi sifarişlə güldürmürlər və heç kim də sifarişlə gülmür. Ona görə də parodiya edilməyimə normal yanaşıram”.

Zahid Oruc isə parodiya məsələsində yaradıcı adamlara əmr verməyin doğru olmadığını düşünür:
“Hər hansı bir şəxsin parodiya edilməsinə normal yanaşıram. Düşünürəm ki, heç bir halda ona qeyri-adi baxılmamalıdır. Ümumilikdə, dünyada geniş yayılan təcrübədir. Bizim “Şən və hazırcavablar klubu” bu cəhətdən də düşünməyə çalışır. Onların fəaliyyətinə hər zaman diqqətlə baxmışam. Oradakı Zahid Oruc gerçəkdənmi parlament üzvü olan və siyasi bir obrazda çıxış edən insanın həqiqi sifətidir? Bunu söyləmək çox çətindir. Etiraf edim ki, sadəcə, səs tonu, forma, quruluş məsələlərində diqqətli olmağa çalışıblar. Hər kəs şahiddir ki, Zahid Oruc danışarkən özünəməxsus bir sistem seçir, onun fikirlərinin bir süjet xətti, hədəfi olur. Təbii ki, gerçək Zahid Orucun özünəməxsus leksikonu və fikir quruluşu var. Mürəkkəb olan məsələləri buraxıb yalnız bir mənanın üzərində qərarlaşmaq və tamaşaçını, sadəcə buna kökləmək bir bacarıqdır. Hesab edirəm ki, yaradıcı insanlara əmr vermək olmaz. Onlara məzəmmətlə narazılıq etmək, hansısa istədiyin şəklə salmaq tamam başqa bir yaradıcılıq növü olardı. Lakin parodiya olunmağımdan qəti şəkildə heç vaxt narazı qalmamışam”.