"Elgizin qurbanı oldum, reytinq xətrinə məni əsəbləşdirib..." - Təranə

"Elgizin qurbanı oldum, reytinq xətrinə məni əsəbləşdirib..." - Təranə
5616 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədova “Qafqazinfo”ya müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Siz də burun əməliyyatı etdirən tanınmışlar sırasına qatıldınız. Əməliyyat necə keçdi?

- Artıq 20 gündür əməliyyat olunmuşam. Hələ ki, çox razıyam.  Dostlarım deyir belə ideal alınan burun görməmişik. Əvvəllər kompleks etmirdim. Qadının yaşı artıqca özünü güzgüdə ideal görmək istəyir. Bu il 30 yaşım tamam olacaq,  artıq yaşıma daha məsuliyətli yanaşıram. Bundan sonra daha təmkinli, daha səbrli olmalıyam. İnsan ictimailəşdikcə istər-istəməz  qınaq mənbəyinə çevrilir.  Çalışıram hər şeyi o qədər mükəmməl edim ki, müzakirə olunanda daha az neqativ sözlər eşidim. Hər şeyi daha gözəl görmək istəyirəm.

- Hər zaman sizi kilolu görmüşük. Necə oldu ki, arıqlamaq qərarına gəldiniz?

- 26 kilo arıqladım. Məşqçim təkid edirdi ki, plastik əməliyyata getməyim. Çünki narkozdan sonra insan çəki alır, həm də arıqldıqca üz cizgiləri dəyişir. Yaydır gedib idman etməyə həvəs olmur.  Klinika ilə danışdım, fürsət bilib əməliyyat etdirdim.

- Sizə əsasən “qalmaqallı prodüser” deyirlər.

- Əvvəllər qalmaqal daha dəbdə idi.  İnsanlar istər süni, istər təbii yolla qalmaqal edirdilər. Heç vaxt qalmaqal axtarışında olmamışam. Dürüst insanam, haqsızlığı  götürə bilmirəm. Mənə qarşı edilən haqsızlıqların qarşısına çıxıb haqqı demişəm. Bu da qarşımdakı insanları qıcıqlandırıb və mənə çamur atmağa çalışıblar. Buna cavab verəndə isə adım qalmaqallı prodüser kimi çıxıb. İnsanlar var deyir ki, bu mənim ən böyük səhvim olub. Hərdən peşman oluram. Amma adımı qalmaqallarda hallandıran insanları tanıdığıma görə, Allaha şükür edirəm.  Artıq insanları yaxşı tanıya bilirəm, onların psixologiyasına bələdəm, hər şeyi yüz ölçüb bir biçirəm, indi daha az inanıram. Adımın qalmaqallı səslənməsi ürəyimi açmasa da, son bir ildə qalmaqallarım olmasa da, qalmaqala səbəb olan insanların iç üzü açılır.

- Bayaq söylədiniz ki, 30 yaşım olacaq. Hər şeyə diqqət etməyə çalışıram. Bu qalmaqallardan uzaq qalmağa  necə diqqət edirsinizmi?

- Bu yaxınlarda bir neçə verilişdə qonaq oldum. Jurnalistlər həmsöhbət olarkən mənimlə qalmaqalı olmuş adamların adını çəkərkən söhbətin üstündən keçirəm və deyirəm ki, növbəti suala keç. Çalışıram ətrafımdakı insanları qane edim, işimi yüksək səviyyədə görüm. Ətrafımdakı insanlarla balansı qorumağa çalışıram, amma buna layiq olmadıqlarını görəndə sakitcə uzaqlaşıram.  Adımın qalmaqallı hallanmasına səbəb olan insanlardan küsməmişəm, sadəcə olaraq həyatımda yoxdurlar.

- Bəs bu insanlarla barışıq ola bilərmi? Bilirik ki, dostlarınız sizi Günay İbrahimli ilə barışdırmaq istəyir.

- Biz Günayla düşmən deyilik.  Aramızda incikliklər var. Ailədə iki bacı küsülü olur, müəyyən vaxt danışmırlar. Günayla incikliyimizi elə təsəvvür edirəm. Anası da bizə gəlib gedir. Mənim kiçik biznesim var, xaricdən paltar gətizdirirəm. Bu işlərlə məşğul olan şəxs var, bu günki gündə Günay gəlib ordan paltar alır. Hardasa onun haqda söz düşəndə heç vaxt neqativ fikir səsləndirmirəm, o da harada olsa, mənim haqqımda yüksək fikirlər səsləndirir. İki bacı arasında inciklik olur. O inciyib ki, lazım olan məqamda onun yanında olmamışam. Mən də  incimişəm ki, o qədər əziyyət çəkmişəm, əziyyətimi itirmiş kimi olub. Doğma insanlar arasında belə hadisələr baş verir, biz nə vaxtsa, barışacağıq.  Yaşca ondan böyüyüəm. O balaca olduğu üçün gəlib barışsa, barışacam. Nə əziyyət çəkmişəmsə, halal xoşu olsun.

- “Şarm” qrupu sizi məhkəməyə vermişdi. Aqibəti necə oldu?

- Məhkəməyə verdilər, iddia tələbləri təmin olunmadı, yəni məhkəməni uduzdular.

- Kərim Abbasovla ailə münasibətləriniz bitsə də, haqqınızda söz-söhbətlər bitmir. Bu nədən irəli gəlir?

- Çalışıram bu haqda danışmayım. Sonuncu dəfə Elgizin proqramında qonaq olanda söhbət Kərimdən açıldı, əsəblərimə hakim ola bilmədim. Mən həqiqətləri danışmışam, yalan məlumatlar verməmişəm. Deyə bilərəm ki, Elgizin qurbanı oldum, reytinq xətrinə məni əsəbləşdirib özümdən çıxartdılar. Kərim də məni orada sərf etdiyim sözlərə görə məhkəməyə verdi, lakin iddiası məhkəmə tərəfindən rədd edildi.

- Təranə xanım, yenidən ailə qurmaq istərdinizmi?

- Hər bir xanım ailəsi olsun istəyir. Əgər hansısa xanım deyirsə, mənə ər lazım deyil, özüm- özümə bəsəm, deməli onun psixologiyasında problem var. Birinci evliliyim uğursuz alındı. Təbii ki, mənə dayaq olacaq kişi ilə ailə qurmaq istəyirəm.  Əgər o kişi mənim hesabıma yaşayacaqsa, onu mən dolandıracamsa, onda həyatıma belə davam edəcəm və ailə qurmayacam.  Hər bir qadının qayğıya, dayağa ehtiyacı var.

- Həyatınızda sevgi varmı?

- Evliliyimdən sonra çox gözəl münasibətim olub, lakin evliliklə nəticələnməyib. Hazırda həyatımda sevgi yoxdur.

- Bir müddət öncə idman müəlliminiz Ceyhunla ranızda sevgi münasibəti olduğu haqda xəbərlər yayılmışdı. Bu haqda nə deyə bilərsiniz.

- Məşqçim, powerlifting üzrə 3 qat dünya çempionu Ceyhun Veliyəvin mənim həyatımda çox böyük bir rolu var, o insanın xətrini həddindən artıq çox istəyir və çox böyük dəyər verirəm, əsas ona görə ki, çox savadlı və öz işinin peşəkarıdır. Onun sayəsində mənim də hardasa idman haqda təsəvvürüm  yaranıb, sağlam qidalanmanın nə olduğunu, ümumiyyətlə sağlam həyat tərzini öyrənmişəm, hər bir qadının sevib-dəyərləndirə biləcəyi bir kişidir. Ceyhun ideal bir ailə başçısı olacaq bir insandır. Mən də  onu bu cür dəyərləndirən bir dostuyam, vəssalam.  İstəmərəm bu mövzuyla da bağlı bir daha mənə sual ünvanlasınlar.

- Bir az da qızınızdan söhbət açaq.

- Qızım ən dəyərli varlığımdı. 5 yaşı var. Biz elə onunla bir böyüyürük. Tərbiyəsi ilə ciddi məşğul oluram. Hər istədiyini almıram, qoy yoxluğun nə olduğunu bilsin. Hər istədiyini etsəm, gələcəkdə mənfi fəsadları ilə qarşılaşa bilərəm.  Heç vaxt qızıma deməmişəm ki, bunu et, sənə filan şey alacam. İstəyirəm həyatında hər şey qaydasında olsun.

- Qızınızın müğənni olmağını istəyərdinizmi?

- Hələ balacadır. Ona peşə seçimində qadağa qoya bilmərəm.  Əgər səsi olsa, müğənni  olmaq istəsə, ona kömək edərəm. Səsi,  istedadı olmasa, məşhur xanımın qızı olduğu üçün ifaçı olmağına icazə vermərəm. Amma istəyərəm hüquqşünas olsun.

- Dediniz kiçik biznesim var.

- Bu iş daimi deyil, ona görə kiçik bir iş qurdum ki, oradan gələn pul ilə övladımı böyüdə bilim.

- Özünüz  geyim seçərkən nələrə diqqət edirsiniz?

- Geyimlərimi daim özüm seçirəm, bəzən isə Elvinlə məsləhətləşirəm. Əvvəllər kilolu olduğum üçün geyim seçimi çətin olurdu. Çalışıram elə geyinim ki, çox cəlbedici, vulqar, gözəçarpan olmasın.

- Bizim şou-biznesdə nələr çatmır?

- Bizim şou-biznesdə yalnız sağlam rəqabət çatmır.

-  Sənət adamlarından kimlərlə işləmək istəyərdiniz?

- İşinə məsuliyyətlə yanaşan hər kəslə çalışa bilərəm. Ayrı seçkilik salıb deyə bilmərəm ki, filan kəslə işləyərəm, filan kəslə işləyə bilmərəm.  Tənbəl, sənəti olmayan insanları sevmirəm. O insanlar özlərinə hörmət qoymurlar.

- Deyirlər şou-biznesdə dostluq yoxdur, sənət adamlarından dost olmaz. Şou əhlindən kimlərlə dost münasibətiniz var?

-  Sənətçidən sənətçiyə dost olmaz. Eyni  zamanda addımlayan o qədər sənətçi görmüşəm. Biri irəli gedəndə o biri onun quyusunu qazmağa başlayır, keçmişindən nələrisə ortaya çıxardır. Ona görə deyirəm, sağlam rəqabət yoxdur.  Vaxt var idi, Səidə Sultan, Natavan Həbibi,  Xuraman Şuşalı dost idilər. İndi hanı onların dostluğu?  Natavan məşhurlaşdı, Xuraman ailə qurdu, Səidə də qalıb qıraqda. Gərək əks cinsin nümayəndələri olsunlar ki, müəyyən həddə qədər dost qala bilsinlər və sevgi münasibətinə çevrilməsin.