"...Guya milyonlarımız, yaxtalarımız var” - Eldar

"...Guya milyonlarımız, yaxtalarımız var” - Eldar
3183 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Eldar Qasımov “Qafqazinfo”ya müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Daim öz üzərinizdə işləyən ifaçılardansınız. Son olaraq “Onu sən de” mahnısına çəkilən klipi tamaşaçılara təqdim etdiniz. Klip haqda təəssüratlarınız.

- “Onu sən de” mahnısının klipi Danimarkanın paytaxtı Kopenhagendə çəkilib. Klip üzərində bütün dostlarım çalışıb. Rejissor Ramar Musayevdir. Qeyd edim ki, yaxın zamanlarda mahnının ingilis dili verisyası da işıq üzü görəcək.

- Bundan sonrakı yaradıcılıq planlarınız nələrdir?

- Sentyabrda inşallah yeni albomumuz işıq üzü görəcək. Albom Azərbaycan dilində tamaşaçılara təqdim olunacaq. Hələlik mahnılar yazılır, iş gedir.  Bu ayın 18-də Bilgəhdə  solo konsertim olacaq. Bu konsertdə yeni mahnılarımı təqdim edəcəm.

- Klipinizi dostlarınıza həsr etdiyinizi bildirdiniz. Qeyd etdiniz ki, dırnaqarası dostlarınız daha çox idi. Bu klip sizə əsl dostları tapmağa kömək etdi?  Belə çıxır  ki, dostlarınız sizdən  incik düşmüşdü və bu klip ilə onların könlünü aldınız?

- Xeyr, sadəcə  son bir neçə ay ərzində mən depresiyaya düşmüşdüm. Özümü pis hiss edirdim. Səbəbini də anlaya bilmirdim. Bir neçə gün evdə oturub çox fikirləşdim. “Axı nədən belə olmuşam” deyə öz-özümə sual verirdim. Və anladım ki, illərlə görmədiyim əsl dostlarım üçün darıxmışam. Hətta onların çoxunun telefon nömrələrini belə bilmirəm.  Məndən tez-tez soruşurlar ki, nəyə daha çox heyfislənirsən?  Heyfislənirəm ki, son illər dostlarıma çox az vaxt ayırıram. Onlarla gec- gec görüşürəm. Müəyyən bir anda başa düşməyə başladım ki, dostlarımın haqqında ,onların necə yaşadıqları , nə ilə məşğul olduqları, planları, problemləri haqqında heç nə bilmirəm. Anladım ki, dostlarımın mənəvi dəstəyinə ehtiyacım var.  Bu mahnı mənə yaxın olan insanlara qarşı bütün duyğularımı, hisslərimi əks edir.

- “Eurovisions”dan sonra şöhrət başınızı gicəlləndirməyib ki?

- Yox, əsla. O vaxtlar dostlarım məni necə görmüşdülərsə, indi də əvvəlki kimi səmimi, işimi sevən qalmışam. Bu mahnı ilə dostarıma mesaj göndərdim ki, harda oluramsa olum, sizlərlə görüşməsəm də siz həmişə mənim ürəyimdəsiz.

- Deyirlər Nigar Camalla aranız dəyib…

- Xeyr, bu dedi-qodudur. Nigar hazırda Türkiyədədir. Bir neçə gün öncə onunla telefonla danışmışıq.

- Haqqınızda yayılan hansı şaiyə sizi təəccübləndirib?

- Deyirdilər ki, guya, Nigarla mənim milyonlarımız, yaxtalarımız var. Bilmirəm bəlkə də var , amma bizə hələ verməyiblər. (gülür)

- Elə isə sirr deyilsə , nəyiniz var?

- Dostlarım, sevgim, xoşbəxtliyim, işim , evim, valideynlərim, fanatlarım var ki, məni ruhlandırırlar.

- Nəyiniz yoxdu?

- Sakitliyim, dincliyim, hövsələm yoxdu.  Bağım  və ev heyvanım yoxdu. Çox istərdim ki, ev heyvanım olsun. Sadəcə bu böyük məsuliyyətdir. Hansı səfərə getsəm, onu kiməsə etibar etməyə ürəyim gəlməz.

- Valideynlərinizin boşanması sizə mənfi  təsir göstərir?

- Bəli, onlar boşanıblar.  Lakin bu ayrılıq mənə öz təsirinı göstərmir. Çünki  hər ikisini çox sevirəm və hər ikisi ağıllı, düşüncəli insanlardı. Elə ediblər ki, mənə və qardaşıma sarsıntı yaşatmasınlar.

- Bu sizi nə vaxtsa, depresiyaya salmayıb ki?

- Yox. Məni depresiyaya salan işim, dostlarımın uzaq düşməsi və sevgi ola bilər.

- “Eurovision” müsabiqəsində iştirak edən həmkarlarının çoxu nədənsə itib batıblar. Sizdə necə pessimistlik yaranmır ki? Arxayınlaşmamısınz?

- Xeyr. Hərdən pessimist oluram və ondan sonra da depresiyaya düşürəm. Amma yaxşı dostlar sağ olsun, məni ruhdan düşməyə qoymurlar. Gördüyünüz kimi “Eurovision” müsabiqəsindən sonra mahnılar yazdırmaqdayam. Yenə işləyirik, çoxlu planlarımız var. Yaxın zamanlarda nəinki Azərbaycanda , onun hüdudlarından kənarda da böyük layihələrimiz olacaq.

- Sirlərinizi kiminlə bölüşürsünüz?

- Dostlarım və valideynlərimlə. Hərdən qapalı oluram. Problemlərim olanda istəyirəm özüm həll edim.

- Yay istirahətini harada keçirəcəksiniz?

- Solo konsertimdən sonra Türkiyəyə istirahətə getmək fikrim var. Lakin tez qayıdacam, çünki qarşıda işlərim çoxdur.