"Xanımımı bazarlığa buraxmıram" – müsahibə

"Xanımımı bazarlığa buraxmıram" – müsahibə
2987 dəfə oxunub
  • A-
  • A
  • A+

Millət vəkili Aydın Mirzəzadə “Formaggio.az” saytına kulinariya ilə bağlı müsahibə verib.
Axşam.az həmin müsahibəni təqdim edir.

- Ən sevdiyiniz yemək hansıdır?

– Həyat yoldaşımın bişirdiyi bütün yeməkləri bəyənirəm. Yoldaşım tez-tez menyunu dəyişir. Xüsusi nəsə istədiyim günlərdə də sifarişimi hazırlayır. Axırıncı dəfə ürəyim dovğa istəmişdi. Bu gün isə yoldaşım yarpaq dolması bişirəcək. Mən sadə yeməklərə də tez-tez üstünlük verirəm: düyü şorbası kimi.
 
– Fast-fooda münasibətiniz?

– Münasibətim mənfidir. Tez hazırlanan, qızardılmış, yağlı yeməklərə qarşı münasibətim birmənalı şəkildə pisdir. Gənclərin bu tip qidalara maraq göstərməsi heç də təqdirəlayiq deyil. O cümlədən, şirniyyat, sərinləşdirici içkilərin də əleyhinəyəm. Bunlar piylənmə, müxtəlif xəstəliklər yaradır. Maye kimi su, çay, təbii meyvə şirələri içmək daha yaxşıdır. Vaxtaşırı südlü çay içmək də faydalıdır. Son zamanlar gənclərdə xeyli çəki artımı müşahidə olunur. Ailələr mətbəxlərində kərə yağı əvəzinə zeytun və bitki yağına üstünlük verməlidirlər. Məsələn, bizim evdə yalnız zeytun yağı işlənilir. Evimizdə vaxtaşırı borş, pendirli xaçapuri, indi unudulmaqda olan yeməyimiz xəşil, şüyüdlü plov bişirilir. Sevdiyimiz yeməklərdən ən məşhuru: soyutma kartof, bir az bişmiş ət, ya da balıq, yanında göyərti, pomidor, xiyar. Çox əla, təbii, sağlam yeməkdir. Tövsiyə edərdim ki, insanlar yatmadan öncə bir stəkan qatıq içsinlər. Bu, insanı sakitləşdirir, rahat yuxunu təmin edir.
 
– Hansı ölkənin mətbəxi sizin damaq dadınıza uyğundur?

– Avstriyada olarkən onların yeməkləri xoşuma gəldi. Ukraynalıların borşu, rusların şorbaları yaxşıdır. Digər ölkələrin mətbəxində istədiyim dadı ala bilmirəm. Sözlərim şablon səslənsə də, həqiqətən Azərbaycan yeməklərindən dadlı yeməklərə hələ rast gəlməmişəm. Bizim ən təcrübəsiz qızımızın  bişirdiyi yemək belə dadlıdır.
 
– Bakıda mütəmadi getdiyiniz restoranlar hansılardır?

– Park Bulvar ticarət və əyləncə mərkəzində «Zeytun» restoranı var; şəhərin mərkəzində yerləşməsinə rəğmən, qiymətləri münasibdir. Nizami küçəsində yerləşən kafelərdə də ailəlikcə oturmağı çox sevirik.
 
– Evin bazarlığını kim edir?

– Yoldaşımı bazarlığa buraxmıram. Xanım siyahını verməli, kişi alıb gətirməlidir. Bu, dədə-babalarımızdan gələn adətdir.
 
– Bazarlıq əsnasında yerli, yoxsa xarici məhsullara üstünlük verirsiniz?

– Maksimum dərəcədə yerli məhsullara üstünlük verirəm. Meyvə-tərəvəz özümüzdə daha təbiidir. Kolbasa kimi məhsulları az alırıq. Pendiri isə çalışıram, rayondan alım.
 
– Çörəyin qiyməti neçəyədir?

– Adətən, mən evin yaxınlığından təndir çörəyi alıram: 40 qəpikdir. 3 gün də qalsa kiflənmir; isidib yemək olur. Bir də çalışıram, rayondan gələndə həmin bölgənin çörəyini alım. Bir dəfə Tacikistanda olanda onların çörəyini alıb gətirdim. Təqribən 2-3 kq. çörək idi, evdəkilər çox bəyənmişdi.
 
– Yemək bişirə bilirsiniz?

– Etiraf edim ki, bacarmıram, heç xoşlamıram da. Yalnız ehtiyac yarandığı halda soyuducudan nəsə verə bilərəm, yaxud nəyisə doğraya bilərəm.
 
– Elə bir yemək var ki, siz onu ömür boyu yeməzsiniz?

– Elə yemək yoxdur. Hesab  edirəm ki, bəşəriyyət bunu yeyirsə, deməli, mən də yeyə bilərəm.
 
– Bu gün yemək və qida ilə bağlı ölkədə nəyə ehtiyac var?

– Bu gün cəmiyyətdə yemək maarifçiliyinə böyük ehtiyac var. Nə yeməli, hansı yaş dövründə nələrə diqqət yetirilməli, nədən imtina edilməli və sair... Bunları öyrənmək lazımdır. 40 yaşdan sonra istər-istəməz orqanizm dəyişir, gərək ona müvafiq qidalanasan.