"İdeal həyat yoldaşıyam" - müsahibə+fotolar

"İdeal həyat yoldaşıyam" - müsahibə+fotolar
6215 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş  teleaparıcı, “Park Bulvar” AVM-nin PR-meneceri Günay Malikqızı ailem.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Günay Malikqızı üçün ailə nədir?
 
- Ailə mənim üçün daim yanlarında olmaq istədiyim insanlardır. Əgər bir yerdə mənə çox-çox rahatdırsa, xoşbəxtəmsə, deməli, ailəm yanımdadır. Sevdiklərim, güvəndiyim insanlardır ailə. Zeynəbin “Ana” kəlməsidir mənim üçün ailə. Anamın yanağındakı xalı öpdüyüm an ailəm bütövlükdə mənimlə olur. Fikrimdə iki ailə var, atam sağ olanda bizim ailə və sonra özümün qurduğum ailə. Hər ikisi də məni xoşbəxt edir.
 
- Uğurlarınızda ailənin rolu varmı?
 
- Bəli, şübhəsiz. Mən ümumiyyətlə sevdiklərimə dəyər verən, onların məsləhətlərinə qulaq asan insanam və hər an dəstəklərinə ehtiyac duyuram. Ona görə də, istənilən uğuruma ailəmlə birgə imza atıram.
 
- Özünüzü necə həyat yoldaşı hesab edirsiniz?
 
- İdeal (gülür). Bilmirəm necə cavab verim, əgər münasibətimizdə səhvim olursa, bunu boynuma almaqdan çəkinmirəm. Küsülü qalmağı sevmirəm. İstəyərəm, hər şey  Bəhruzun ürəyincə olsun. O sevinəndə, ona yaxşı olanda mən də çox sevinirəm.
 
- Həyat yoldaşınız sizdən razıdırmı?
 
- Gərək ondan soruşasınız (gülür). Mən ondan soruşsam, o, təbii ki, mənə deyəcək, razıyam. Siz soruşsanız da elə deyər, yəqin. Yəni onun məndən doğrudan razı olub-olmadığını yəqin ki, biz heç vaxt bilməyəcəyik. Amma mən ondan razıyam! Düşünürəm ki, insanlar ancaq bir-birilərindən razıdırlarsa, bir arada qala bilərlər. Narazı olduğun insanla bir ömür yaşamaq, hər gün ölməkdir. Kim bununla barışar?
 
- Ailəyə zaman ayıra bilirsinizmi?
 
- Ayırmalıyam da. İş təbii ki, çox vaxt alır. Amma mənim üçün ailəmlə keçirəcəyim vaxt çox önəmlidir. Onlarla keçirdiyim bir dəqiqə mənə bütün günü enerji verir. 
 
- Sizcə, əslində evin xanımının vəzifələri nə olmalıdır?
 
- Birinci və ən vacibi elə, xanım olmaqdır. Artıq bütün vəzifələr buna əsasən formalaşmalıdır. Evin ab-havasını yaradan sevgidir. Xanım sevgisi ilə evdəkilərə rahatlıq, inam gətirməlidir. Bu, vacibdir. Səliqə, təmizlik isə öz yerində. Ev hərdən, bir daha vurğulayıram, hərdən səliqəsiz ola bilər. Amma həmişə təmiz olmalıdır. Təmiz olmayan xanımları sevmirəm. Yemək bişirməyi, paltar ütüləməyi sonradan öyrənmək olar. Amma təmizkarlığı sonradan öyrənmək olmur.
 
- İşləyən qadın və ailə. Hər ikisini necə tənzimləmək olar?
 
- Tənzimləmək yaxşı  sözdür. Bilirsiniz, məncə, insandan asılı olaraq bu, dəyişir. Elə insan var ki, o, ailəsi ilə daha çox olur, işinə az vaxt ayırır. Elə insan var ki, əksinə, çünki həm işə, həm ailəyə bərabər vaxt ayırmaq olmur. Mənim halımda işim daha çox vaxt alır. Ona daha çox vaxt ayırıram. Məhz buna görədir ki, ailəmlə keçirdiyim hər dəqiqə mənim üçün əvəzsizdir. Ailəsindən dəstək görən qadın uğurla işləyə bilər. Ona görə də mənə elə gəlir ki, işləyən qadın və ailə sualına evin kişisi cavab verə bilər. Çünki evdə həyat yoldaşım işləməyimdən narazı olsa, təbii ki, mən ailəmin xeyrinə seçim edəcəyəm. Onlar mənim üçün daha vacibdirlər. Yəqin ki, mən bunu tənzimləyə bildiyim üçün ailə üzvlərim mənim onlara az vaxt ayırmağımdan şikayətlənmirlər. Bəlkə hərdən Zeynəb...
 
- Həyat yoldaşınız ev işlərində, mətbəxdə sizə yardım edirmi?
 
- Biz bir-birimizə yardım edirik. Yardım etmək, dəstək olmaq - budur ailə. Bir yerdə nələrsə eləmək, ailə üzvləri arasında münasibətlərin  yaxşılaşmasına, isinməsinə şərait yaradır. Düşünün, qadın gəlir, keçir mətbəxə yemək bişirir, bu, təbii ki, olmalıdır. Amma bütün ailə bir yerdə yeməklə və ya həyat yoldaşına hansısa bir işi görməyə kömək edirsə, artıq adi şam yeməyi ailə üçün bir əyləncəyə çevrilir.
 
- Əlinizin “duzu” varmı? Hansı yeməkləri daha yaxşı bişirirsiz? Yeməklərinizi həyat yoldaşınız bəyənirmi?
 
- “Əlimin duzu” yoxdur. Mən yeməklərim duzsuz alınanda belə deyirəm, anam da deyir ki, bir az artıq duz at, əlinin də duzu olsun, elə yeməyin də (gülür). Xüsusilə dadlı badımcan dolması bişirirəm, özüm də bu yeməyi bişirməyi sevirəm. Yoldaşım bəyənir. Ailə quranda uğursuz təcrübələrim olub, amma onda da şikayət eşitməmişəm.
 
- Bilirik ki, həyat yoldaşınızla tanışlığınız televiziyada olub. İlk sevgi etirafı və evlənmək qərarınız necə olub?
 
- Bu suala belə cavab verəcəm, hər bir gənc qıza yaşadığım gözəl hissləri arzulayıram. Sevdiyin insanla bir yerdə olmaq gözəldir.
 
- Qısqancsınız? Bəhruz bəy sizi qısqanırmı?
 
- Mən hər zaman hisslərimi kontrolda saxlamağa üstünlük verirəm. Bəhruzu qısqandıracaq, onun xoşuna gəlməyəcək heç nə eləmərəm. Nədənsə xoşu gəlmirsə, o bir dəfə deyəcək və mən bu halı təkrarlamayacam. Bunu asılılıq, azadlığın məhdudlaşdırılması kimi qiymətləndirmirəm. Düşünürəm ki, sizin üçün əziz olan insanlara bunu hiss elətdirməlisiniz, onlar anlamalıdırlar ki, bütün dünyanın insanları bir tərəfdədirlər, onlar başqa tərəfdə.
 
- Küsülü qaldığınız günlər olurmu?
 
- Küsülü qalmırıq. Birimiz küsmək istəyiriksə, o birimiz mütləq barışmağa meylli oluruq. Ona görə də, uzun çəkmir. 
 
- Kim daha çox israfçıdır, siz, yoxsa Bəhruz bəy?
 
- İkimiz də pul xərcləməyi xoşlayırıq. Buna israfçılıq deməyək, pul yığmağı bacarmırıq deyək. Amma Bəhruz daha ürəklə pul xərcləyir. Məncə, qadın xəsis ola bilər, amma xəsis kişi gözümün düşmənidir.
 
- Evə bazarlığı kim edir?
 
-Bazarlığı Bəhruz edir. Amma elə olur ki, Zeynəblə mən də onunla birgə gedirik. Elə aylar var ki, onda bazara getmək maraqlı olur. Bazar günləri, bazar gəzintilərimiz olur. Öz evimizdə də atam bazara gedərdi. Onda da mən onunla bazara getməyi xoşlayırdım. Mərkəzi Univermağın yanında o vaxtlar məşhur “Pasaj bazarı” var idi. Yadımdadır, bazarın xüsusi bir ab-havası var idi. İnsanlar bir-birlərini tanıyırdılar, bazarlıq edirdilər. Atamla birgə bu prosesi izləməyi sevirdim. Atam da məni özü ilə aparardı.
 
- Qızınızla vaxt keçirməyə və ailəvi gəzintilərə vaxt olurmu?
 
- Təbii ki, olur. Bazar günlərim bütünlüklə Zeynəbindir. Onunla vaxt keçirtməyi xoşlayıram. Çünki o da bütün anaların balaları kimi bir dənədir, ağıllıdır, maraqlıdır.  Onun sevdiyi işlərin dalınca gedirik ki, onun ürəyincə olsun. Ailəvi gəzintilər isə yorğunluğumuzu aparır. Elə ona görə də gəzintilərə də vaxt tapırıq.
 
- Zeynəbin hansı peşə sahibi olmasını istəyirsiniz? Onun hansısa xüsusi qabiliyyəti və bacarığını hiss edirsiniz?
 
- Onun xoşbəxt, özündən və həyatından razı olmasını istəyirəm. İstəyərəm ki, hansı peşəni seçsə, orda uğurlu olsun. Mən onu dəstəkləyəcəm. Zeynəb ümumiyyətlə, bacarıqlı qızdır. Xüsusi istedadı olan sahə də var. Amma bunu deməyəcəm, düşünürəm ki, gün gələcək və o bu sahədə uğurlar əldə edəndə, hamı biləcək.
 
- Bir övladınız var. Özünüz tək övlad istəyirsiz, yoxsa iş qadını olmaq buna mane olur?
 
- Elə şeylər var ki, o, qismətdir. Allahın istəyidir. İnsanlar bəzən, yox, çox vaxt özlərini unudurlar. Əllərində olduqlarının ancaq öz nailiyyətləri olduğunu düşünürlər. Təbii ki, insanın işgüzarlığı, əzmi onun həyat yolunun cızılması üçün vacibdir. Amma elə işlər var ki, bizimlə heç bir əlaqəsi yoxdur. Daha dəqiq desək, istəyimizlə. Mən xeyirli hər bir işdə varam. Hər bir işin də mənim, ailəm, sevdiklərim üçün xeyirli olmasını istəyərəm.
 
- Heç işləməkdən yorulduğunuz olurmu?
 
- Yorulmuram. Amma elə vaxt olur ki, enerjimi alırlar. Çalışıram elə adamlardan uzaq olum, amma hər zaman alınmır. Bir də ətrafımda baş verən hansısa xoşagəlməz hal məni gücdən salır. Nə bilim, bir yol qəzası məni bir neçə gün təsir altında saxlaya bilər. Və ya sonu yaxşı bitməyən hansısa film, ədalətsiz saydığım bir hal məni özümdən çıxardır, aqressivləşdirir. Müsbət enerjimdən əsər əlamət qalmır, amma əsasən, yaxşılıqları görməyi özümə xasiyyət elədiyim üçün vəziyyətdən çıxmağı bacarıram.
 
- Nəyi etmədiyiniz üçün təəssüflənirsiniz?
 
- Motosiklet  sürməyi bacarmıram. Heç vaxt sürməmişəm. Amma o sürətlə yol getməyi həmişə arzulamışam. Buna görə təəssüflənirəm. Məncə, bundan sonra öyrənə bilməyəcəyəm.
 
- Ən unudulmaz gününüz hansıdır?
 
- Elə günlərim çox olub, xoş, sevinc dolu, ya da kədər ağırlıqlı günlər. Amma ömrümün hər günü mənim üçün əzizdir. O günləri mən yaşamışam, o günlər məni böyüdüb. Təki peşmançılıq olmasın, hələ qabaqda o qədər sevinc dolu unudulmaz günlər var ki...